Samiraldo, içindəki o həssas qadını yaxşı başa düşürəm...

samiraldo-icindeki-o-hessas-qadini-yaxsi-basa-dusurem
Oxunma sayı: 3757

Nərmin Dadaşova

Salam, əziz oxucu. Ümid edirəm yaxşısan, payızın gəlişi, sentyabr alatoranlığı mənim kimi sənin də əhvalını bulandırmayıb.  Bu səhər metro ilə işə gəlirdim. Başının üstündə dayandığım qadının əllərinə sataşdı gözüm. Ovuclarını yuxarı açıb dodağının altında nəsə pıçıldayırdı. Dua oxuyurdu deyəsən, həyəcanlı idi, narahat idi. Elə qəribə hiss keçdi ki, içimdən, lənətə gəlim, bircə dənə də olsun dua  gəlmədi ağlıma o an,  qadınla bərabər oxumaq üçün, “Tanrım, onun üçün hər şeyin xeyirlisini et” dedim sidq ürəkdən. Yaxşı deyiləm, əziz oxucu, yaxşı deyiləm, ağacdan düşən hər yarpağa ağrıyıram, başım, göz qapaqlarım, dırnaqlarımın dibi ağrıyır. Saçlarım ağrıyır.  Hər yer adamla doludur, hamı eyni vaxtda danışır və heç kim bir-birini dinləmir.

Tərslikdən günlərdir gündəmdə də işıqlı bir olay dəymir gözümə ki, həmsöhbət olaq. Rusiyada otuz insan yeyən ər arvadı saxlayıblar, bizdə əlli altı yaşlı qadın intihar edib, bayaq da Vüqar Qaradağlını ATV-dən qovdular.  Bir də, son vaxtlar cinsi azlıqlarla bağlı xəbərlər saytların gündəmindən düşməz olub. Son günlərin ən aktual mövzusu bu olduğu üçün mövzuya burdan davam etmək istəyirəm. Xeyli homofob xalq olduğumuzdan, əl-əlbət cinsi azlıqlara qarşı münasibətimiz əksər hallarda ürək açan olmur. Əlimizə düşən hər fürsətdə onları aşağılamaqdan, təhqir etməkdən çəkinmirik. 

Bu gün sosial şəbəkədə “Samiraldo ağladı: “Məndən nə istəyirsiz?”” başlığı ilə yazılmış xəbər gördüm. Açığını deyim, Samiraldo heç vaxt məni qıcıqlandırmayıb, əksinə ona qarşı simpatiyam olub həmişə. Samiraldonun səmimiyyəti, Samiraldonun özünü olduğu kimi ifadə etməsi, yaşamaq istədiyi kimi yaşaması, axına qarşı getməsi, tək başına mücadilə aparması məndə ona qarşı hansısa neqativ fikir yaranmasına imkan verməyib. Səhər sosial şəbəkəni başına götürmüş, böyük əksəriyyətin tənqid atəşinə tutduğu məlum videonu mən də izlədim. “Niyə məni incidirsiniz? Niyə məni söyürsünüz? Mən nə etmişəm? Ailənizi dağıtmışam? Nə etmişəm axı məni bu qədər söyürsüz?! Mən sıravi Azərbaycan vətəndaşıyam. Sizin təhqirlərinizdən bezib özümə xəsarət yetirə, hətta özümü öldürə bilərəm. Bəsdirin mənim qəlbimə toxunduz. Mən də insanam. Mən pis adam deyiləm" deyirdi.  Əlbəttə, sən pis adam deyilsən, Samir. Yutuba yerləşdirdiyin bir videoda İlqar Muradovun “ Onun adı dünyadır” mahnısına qulaq asıb ağlayan gördüm səni. Musiqinin kövrəltdiyi adam necə pis ola bilər axı? Sənə bir söz deyim, Samiraldo, sənin içindəki, sənin mənəviyyatındakı o həssas qadını yaxşı başa düşürəm... Sənə yaşamaq nə qədər çətindir, kim bilir.

Onu sevməmək, onu qəbul etməmək sizin öz seçiminizdir, dostlar. Ancaq onu təhqir eləmək, onu alçaltmaq, intihar həddinə çatdırmaq bizim seçimimiz olmamalıdır. Bilmək istəyirəm, səni nə narahat edir? Samiraldonun geyimimi? Bütün əzaları görünən dar şalvar geyinib, köynəklərinin düyməsinini qarnına qədər açıq qoyan  qaqaşların görünüşləri də məni narahat edir,  necə edək indi, təhqirmi edim onları? Söyümmü? Birinizin hünəri çatarmı belə “yaxşı oğlan”lardan birini yolda saxlayıb irad bildirməyə? Çatmaz, əzizmən, çatmaz. Tikə parça edərlər sizi “özünə görə oğlanlar”. Ancaq Samiri söyə bilərsiz, təhqir edə bilərsiz, çünki onun xislətində qadın ruhu var, çünki o özünü Samiraldo kimi təqdim edir həyata, çünki sizin qadınları əzmək kimi öhdəçiliyiniz var. Çünki sizin içinizdə insanların şəxsi həyatlarını, yataqlarını, sevgilərini, şəxsi işlərini güdmək kimi bir həvəsiniz  var.

İllər əvvəl İsa adında çox istedadlı və mədəni bir gənc homoseksual olduğu və cəmiyyət tərəfindən qəbul edilmədiyi üçün intihar etdi. Samiraldonu da o həddə çatdırmayın, Samiraldo ölməsin, qoyun necə xoşbəxtdirsə elə də yaşasın.