Səfər Mehdiyev nazir müavini ilə görüşdü

sefer-mehdiyev-nazir-muavini-ile-gorusdu
Oxunma sayı: 1450

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Ticarət nazirinin müavini Qönçə Yılmaz Baturun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən "Qafqazinfo"ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Səfər Mehdiyev qardaş ölkənin nümayəndə heyəti ilə görüşdən məmnunluğunu dilə gətirərək, Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlıq münasibətlərinin tarixi köklərə dayandığını bildirib və son illər hər iki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət hesabına bu əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdırıb.

S.Mehdiyev qeyd edib ki, xüsusilə son illər regionda həyata keçirilən nəqliyyat və logistika layihələrinin Azərbaycanla Türkiyənin təşəbbüsü və iradəsi ilə reallaşması münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir.

Qönçə Yılmaz Baturiki ölkə arasındakı münasibətlərdən bəhs edib, gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib.

Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni-humanitar əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən Qönçə Yılmaz Batur Azərbaycanla qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılmasının vacibliyini qeyd edib. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin gömrük sferasında əlaqələri gücləndirdiyini bildirən qonaq, bu istiqamətdə birgə əməkdaşlığın daha da genişləndirilməsinin önəmindən bəhs edib.