Səfirlik böyük məbləğdə pulları kimə verib?

sefirlik-boyuk-meblegde-pullari-kime-verib
Oxunma sayı: 1224



Belə təşkilatlar Azərbaycanda humanitar layihələr həyata keçirən səfirliklərin fəaliyyətinə də kölgə salır. Uzun illərdir Yaponiyanın ölkəmizdəki səfirliyi yapon hökumətinin ayırdığı maliyyə dəstəyi ilə bir sıra humanitar layihələr həyata keçirib. Amma təəssüf ki, heç də həmişə belə layihələr onu uğurla başa çatdıracaq qurumlara və insanlara həvalə edilmir.
Məsələ burasındadır ki, bəzi QHT-lər var ki, onlar fəaliyyətləri dövründə yalnız və yalnız Yaponiyanın Azərbaycandakı səfirliyindən qrant alıblar. Özü də alınan qrantların ümumi dəyəri yüz minlərlə dollar civarında olub. Bu məlumatlar Ədliyyə Nazirliyində aparılan və sonradan ictimaiyyətə açıqlanan qrant müqavilələri ilə bağlı məlumatda da əksini tapıb. Məsələn, Şəki Ekologiya və Təhsil Mərkəzi Gənclərin İctimai Birliyi adlı təşkilat 2010-cu ildə Yaponiya səfirliyindən 95.760 ABŞ dolları məbləğində qrant alıb. Amma “Şəki şəhər Gəncəli və Dərə hamam icmaları ərazisindən keçən çayın təmizlənməsi və bəndin bərpası” adlı bu layihənin icra vəziyyəti ilə bağlı ictimai məlumatlandırma olmayıb. Eyni təşkilat 2011-ci ildə də yalnız bir dəfə qrant alıb və yenə də Yaponiyanın Azərbaycandakı səfirliyindən. Bu dəfə həmin ictimai birliyə “Şəki rayonunda yerləşən Bolludərə və Qaratorpaq kəndlərini su ilə təmin edən su sisteminin bərpası” üçün səfirlik 101 min dollar vəsait ayırıb. Ədliyyə Nazirliyinin yaydığı məlumatdan görünür ki, 2012-ci ildə bu təşkilat başqa heç bir donordan maliyyə vəsaiti almayıb. Amma 2013-cü ildə təşkilat bir qrant müqaviləsi bağlayıb. Bu dəfə də Yaponiyanın Azərbaycandakı səfirliyi ilə. Bu dəfə isə “Şəki şəhərində yerləşən Şəki Texniki-Peşə məktəbinin təmiri” layihəsinə 122 513 ABŞ dolları ayrılıb. 

Ədliyyə Nazirliyinin son 4 illik məlumatına əsasən 2013-cü ildə Yaponiyanın Azərbaycandakı səfirliyindən qrant alan təşkilatlardan biri də “Davamlı İnkişafa Doğru” təşkilatıdır. Bu qurum hətta 2012-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə heç bir hesabat təqdim etmədiyi üçün adı 2013-cü ilin “qara siyahı”sına salınıb. Amma Yaponiya səfirliyinin “Ot kökləri və İnsan təhlükəsizliyi Qrant Proqramı” çərçivəsində bu təşkilata “Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində su təchizatı sisteminin yenidən qurulması” layihəsini icra etmək üçün 123 min dollar vəsait ayrılıb. 

2013-cü ildə Yaponiya səfirliyindən növbəti iri məbləğdə iki qrant alan təşkilat “Yerli İdarəetməyə Yardım” ictimai birliyidir. Ədliyyə Nazirliyinin məlumatlarında “Yerli İdarəetməyə Yardım” ictimai birliyinin 2011-ci ildə heç bir qrant almadığı göstərilir. 2012-ci ildə isə bu təşkilat “Lerik rayonu Şingədulan kəndində tibb məntəqəsinin yenidən tikilməsi” layihəsi üçün yapon səfirliyindən 102.600 dollar qrant alıb. 2013-cü ildə isə səfirlik tərəfindən  həmin təşkilatla 2 qrant müqaviləsi bağlanılıb. İki qrantın ümumi məbləği 246.588 (birinci layihə 123342 dollar + ikinci layihə 123246 dolar) dollardır. 
Bundan başqa, “Sivil Cəmiyyət Naminə” İnkişafa Yardım İctimai Birliyi də səfirlikdən bir neçə qrant alan təşkilatlar sırasındadır. Bu təşkilat 2009-cu ildə “İsmayıllı rayonunun İvanovka kənd xəstəxanasının doğum şöbəsində əsaslı təmir və yenidənqurma işlərinin aparılması layihəsini” icra edib. Təşkilatın ikinci layihəsi 2010-cu ildə 100 min dollara icra etdiyi İsmayıllı  rayonunun Zoğallı kəndində uşaq bağçasının tikintisi layihəsidir. 2013-cü ildə isə bu təşkilat 123 min dollara İsmayıllı rayonunun Mican kəndində daha bir layihə icra edib. Bu təşkilatın da fəaliyyəti dövründə qrant aldığı donor ancaq Yaponiyanın ölkəmizdəki səfirliyidir. 

Halbuki bu qədər vəsait xərcləyən hər bir təşkilat, o cümlədən Yaponiyanın Azərbaycandakı səfirliyi onunla əməkdaşlıq edən və ya etmək istəyən bütün təşkilatların potensialını araşdırmalı, maliyyəni idarə etmək qabiliyyətindən tutmuş təklif edilən sahədə təcrübənin olub-olmaması haqqında məlumata qədər toplamalı və yalnız bundan sonra əməkdaşlıqla bağlı qərar verməlidir. Lakin səfirliyin saytında adı bu işə məsul olan şəxs kimi keçən Fumie Siguyama və Leyla Hacızadə adlı xanımların bütün bu kriteriyaları nəzərə almayaraq ancaq hansı maraq və məqsədlər naminə bu adı məlum olmayan təşkilatlarla iş birliyinə girməsi maraqlı məsələdir. Halbuki bu fəaliyyət dünyanın ən inkişaf etmiş ölkələrdən birinin Azərbaycandakı səfirliyinin şəffaf fəaliyyətinə kölgə salır. Medianın yazdığı məlumatlardan isə görünür ki, adı Yaponiya səfirliyindən başqa heç kimə bəlli olmayan bu təşkilatın gördüyü işlərdən səfirliyin məsul əməkdaşı Fumie Sugiyama razı qalib.

Yuxarıda qeyd olunanlarla bağlı mövqe öyrənmək üçün Yaponiyanın Azərbaycandakı səfirliyinə zəng etdik. Səfirliyin informasiya və mədəniyyət şöbəsinin əməkdaşı Cəmilə Bakıxanova bildirdi ki, ayrılan qrantların layihədə nəzərdə tutulan istiqamətə xərclənməsinə ciddi nəzarət həyata keçirilir: “Səfirlik onunla əməkdaşlıq edən və ya etmək istəyən bütün təşkilatların potensialını araşdırır, maliyyəni idarə etmək qabilyyətindən tutmuş təklif edilən sahədə təcrübənin olub - olmaması haqqında məlumata qədər informasiya toplayır. Səfirliyin internet səhifəsində görə bilərsiniz ki, bütün layihələr necə həyata keçirilib, cənab səfir özü də rayonlara şəxsən gedir layihələrə uyğun olaraq reallaşdırılan məntəqələrin, obyektlərin açılışında iştirak edir. Yəni ayrılan qarantlar boşuna ayrılmır, layihələr tam şəkildə həyata keçirilir, ortaya real iş qoyulur.
QHT-lərin layihələrinə maliyyə ayrılması da şəffaf həyata keçirilir. Hansısa QHT-lərin layihəsi zəif olması səbəbindən və ya həmin QHT-nin təqdim etdiyi layihəni reallaşdırmaq üçün resurslarının yetərli olmaması səbəbindən maliyyələşdirilmirsə, burada günahkar səfirlik hesab olunmamalıdır".

Səfirlik əməkdaşı Fumie Siguyama və Leyla Hacızadənin hazırda qrantla əlaqdar Oğuz rayonunda olduğunu dedi: “Yəni ayrılan vəsaitin istiqaməti üzrə xərclənməsinə birbaşa nəzarət həyata keçirilir. Əgər sizə daha ətraflı cavab, izahat lazımdırsa, onlarla əlaqə yarada bilərsiniz. Məsul şəxs Fumie Siguyamadır”.

C.Bakıxanovadan adıçəkilən iki şəxsin telefon nömrələrini istəsək də “Mən onların mobil telefonlarının nömrələrini verə bilmərəm” cavabını verdi. 

Yazıda adları çəkilən QHT-lərin nümayəndələrinin və Fumie Siguyama ilə Leyla Hacızadənin mövqeyini dərc etməyə hazırıq. musavat.com