Sevgilini əldə saxlamağa variantlar

sevgilini-elde-saxlamaga-variantlar
Oxunma sayı: 1602

Azər Qismət

Uzun illərdən sonra rus kişi sevgili olduğu qadından ayrılır. Qadın pıçıldayır: “Hərdən köməyə ehtiyacın olsa zəng et. Həmişə hazıram”. Münasibətləri bitsə də, hər ikisinin ovcundakı istilik sonrakı illərin dostluq münasibətlərində özünü göstərir. Uzun illərdən sonra fransız kişi sevgili olduğu qadından ayrılır. Qadın üzünü onun yanağına qoyub deyir: “Biz dost olaraq qalacağıq, deyilmi?”. Kişicavab verir: “Əlbəttə. Biz uzun illərin dostu olacağıq”. Uzun illərdən sonra azərbaycanlı kişi sevgili olduğu qadından ayrılır. Kişi deyir: “Day, bizimki tutmur, səninki səndə, mənimki məndə”. Qadının qışqırığı aləmi götürür: “Əclaf, Allah səni öldürsün, meyidinin üstünə gəlim”. Bu yerdə kişi də qışqırır: “Səsin batsın ifritə”. Xalq yaradıcılığındakı arxaik qarğışlardan tutmuş təzə-tərlərinə qədər bütün bəddualar o kişiyə döşənir.  

Nümunələrdən aydın oldu ki, bizim kişi və qadınlarımızın sivil qaydada sevgili olmağına hələ var. Bizlər bunu bacarmırıq. Bir kişinıin qadından ancaq ürəyində xoşu gələ bilər. Bunu ona bildirsə, o kişinin qanı getdi. Dəfələrlə belə hadisələr cəmiyyətdə gündəm yaradıb. Tutaq ki, akademik Nizami Süleymanovun, yaxud görkəmli aktyor Muxtar Maniyevin vəfatı gündəm yaratmayıb, ancaq metrodakı öpüşmə səhnəsi vərəq-vərəq vərəqlənib, hərə ağzını qoyub Allah yoluna. Elə sevgililərinin sirlərinin faş olunması da, gündəmi zəbt edib. 

Beləliklə, bir kişinin bir qadından xoşu gəlir. Başlayırlar yazışmağa. Əvvəlcə dostyana yazılanlar sonra sevgili sözlərlə əvəz edilir. Görüşməyə qərar verirlər. Görüşürlər. Bu görüşlərin sayı artır. Kişi münasibəti kəsmək qərarına gəlir. Çünki qadın gizlilik qaydalarına əməl etmir. Məsələn, sözləşməyə baxmayaraq axşam saat 8-9-da qadın qəsdən kişiyə zəng çalır, bilir ki, o indi ailəsi ilə bir masa ətrafında oturub və uşaqlarına vəfalı olmağa dair qızıl xırdalayır. Qadın kişinin həyat yoldaşının ürəyinə xalı ona görə salır ki, tez ayrılsınlar, nəhayət evlənsinlər. Bunun səbəbini soruşanda deyir ki, “sevgilim, bilmədən əlim nömrəyə dəydi”. Bəzən kişinin həyat yoldaşının ürəyinə xal düşmür. Çünki əri telefonda sevgilsiinin adını “İş”, “Məmmədqulu”, “Hüseynbala” yazdığından belə klassik formuladan bir şey anlamır. Yaxud, sevgili olduqları halda qadın kişini qısqanmağa başlayır. Əlbəttə, qadının da ürəyi var və qısqanmalıdır. Amma belə xırda xarablamalar kişini bezdirir. Axı, o beyninin xarab olması üçün tanış olmamışdı. Tanış olmuşdu ki, hərdən görüşsün və xoş söhbətlərdən zövq alsın. Qadının ona cəhənnəmi yaşatmasını arzulamır, belə olacağını gözləmirdi. Başa düşür ki, qadın təhlükəli həddə gəlib çatıb. Ayrilmaq qərarını elan edəndə yuxarıda yazdığım kimi qarğışlar kürəyinə döşənir. Hər şey bununla qurtarsaydı nə vardı ki.

Rəfiqələrinin yanında dediyi kimi kişini ayağına gətirmək üçün müxtəlif üsullara əl atır. Birinci üsul belədir: sms-ləri kişiyə göndərib xəbərdarlıq işarəsi verir. Kişi qayıtmır. Ikinci üsul: bir yerdə çəkdirdikləri şəkli göndərir. Kişi qayıtmır. Üçüncü üsul: rəfiqələrini öyrədib evinə zəng etdirib loo salır. Ya ailə dağılır, ya kişi sonuncu dəfə sədaqət andı içib bir də belə qələt etməyəcyini deyir. Dördüncü üsul: qadın kişinin ailəsindən ayrılması üçün falçı yanına gedir. Alınmadığını görüb bu dəfə daha radikal addım atır: kişinin başına daş düşməsi üçün cadugər yanına gedişini artırır. Kişi öləndə də sevinir ki, “bəs mənim Allahım yoxdur? Əcəb oldu”. 

Bir sevginin qeyri-sivil formada yekunlaşması faktları çox olduğundan kişilər daha sevmək istəmirlər. Burada sevmək, tanışlıq ünsiyyəti alınmır. Yaxşısı budur, gedin çayxanada domino çırpın, zər atıb zövq tutun.