Sevinc Abbasovanın məhkəməsinə jurnalistlər buraxılmadı - Yenilənib + Fotolar

sevinc-abbasovanin-mehkemesine-jurnalistler-buraxilmadi
Oxunma sayı: 7654

Bu il aprelin 4-də təhsil aldığı 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Hadisədən sonra Təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb. 

***

"Qafqazinfo"nun  hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Məhkəmə başlasa da, jurnalistlər zala buraxılmayıb.

Qeyd edək ki, qanunvericiliyə görə, məhkəmələrin hazırlıq iclası qapalı keçirilə bilməz. Ali Məhkəmənin sədri Ramiz Rzayev bir neçə dəfə bununla bağlı məhkəmələrə xəbərdarlıq etdiyini açıqlayıb.

***

Elinanın atası- Ədalət Hacıyev

E. Hacıyevanın atası Ədalət Hacıyev zala buraxılmadığını qeyd edib:

Mən şahid kimi tanındığım üçün zala buraxılmadım. Məhkəmədən hələ ki, bir gözləntim yoxdur, görək necə olacaq. Həkimlərin də məhkəməyə cəlb olunmasını istəyirəm. Onların da əməllərinə hüquqi qiymət verilməlidir. Həkimlər biləvasitə məsuliyyət daşıyır. Onların uşaqlarının başına belə bir hal gəlsəydi, evlərində sakit otura bilərdilərmi?"

***

Elinanın anası- Sevil Hüseynova

E. Hacıyevanın hüquqi varisi, anası Sevil Hüseynovanın vəkili vəsatət verərək ibtidai istintaq zamanı kobud prosessual pozuntular baş verdiyini bildirərək işin prokurorluğa qaytarılmasını istəyib. O bildirib ki, həkimlərlə bağlı istintaqda əsaslı araşdırma aparılmayıb. Həkimlər əvvəlcə başqa diaqnoz qoyub, sonra dəyişiblər. Bunu da əsaslandırıblar ki, Elina çox əl qol atdığı üçün diaqnoz qoya bilmədik. Həkim onun ən geci 1 ay sonra dərsə gedə biləcəyini desə də, qısa müddət sonra Elina vəfat edib. Xalidə Bayramova istintaqa deyib ki, mən evə gedib pul götürüb gəldim ki, Elinanı Mərkəzi Klinikaya aparaq, amma həkimlər buna ehtiyac olmadığını, uşağın yaxşı olduğunu deyiblər. Uşaq cərrahı da Elinanın əməliyyata ehtiyacı olmadığını deyib. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra vəkil növbəti vəsatətində Sevinc Abbasovaya və Təhsil Nazirliyinə qarşı mənəvi təzminat iddiası qaldırıb və buna görə 100 min manat ödənilməsini tələb edib. Mülki iddia icraata qəbul edilib.

S. Abbasova barəsindəki ev dustaqlığı dəyişdirilmədən saxlanılıb.

Murad Əhməd

Fotolar: Pərvin Zeynal