Sirri qorumaq məmurların işidir

sirri-qorumaq-memurlarin-isidir
Oxunma sayı: 1821

Qan Turalı 

“Qəzetlər isə tarixin ilk əlyazmasıdır”.

Hansısa dövrü araşdıran tədqiqatçıların ən sevimli mənbəsi adətən qəzetlər olub.

Qəzet və ümumilikdə media yalnız tarixi yazmır, eləcə də onu yaradır da. 

Ya da yaratmalıdır. 

“Molla Nəsrəddin” jurnalının yaxın tariximizdə oynadığı rol bu tarix yaratmaq prosesinə ən sanballı sübutdur. 

Və əlbəttə tarixtaratma prosesi də daim keşməkeşlərlə, məşəqqət və məhrumiyyətlərlə müşayiət olunur.

Stiven Spilberqin ekranlaşdırdığı “The Post” filmi (2017-ci ilin dekabrında nümayişə çıxıb) də əslində Riçard Niksonun prezidentliyi dövründə ABŞ jurnalistikasının verdiyi tarixi bir imtahandan bəhs edir.

Filmlə bağlı ilk xəbərləri oxuyanda filmin məşhur Uotorgeyt əhvalatından bəhs edəcəyini düşünən yəqin ki, ancaq mən deyildim. 

Məlumdur ki, “Vaşinqton Post” qəzeti bu qalmaqalın üstünü açmış və Nikson istefa verməyə məcbur olmuşdu. 

Bu hadisə isə filmin sonunda kiçik bir səhnədə verilir. 

Film isə bu mübarizənin əvvəlki raundlarından bəhs edir. 

Belə ki, Pentaqonun gizli sənədlər sızdırılır.

Bu sənədlərdə dövlət rəhbərlərinin Vyetnam müdaxiləsinin əvvəldən əbəs olduğu barədə fikirlərinin açıqlandığı sənədlər var.

İşin içində Niksondan başqa üç ABŞ prezidentinin adı keçir. 

Materialı əvvəlcə “Nyu York Times” çap edir, amma məhkəmə qərarı ilə qəzetin çapı dayandırılır. Sonra “Vaşinqton Post” qəzeti də sənədlərin çapını davam etdirir. Film elə bu qəzet və onun əfsanəvi redaktoru Ben Bredli haqqındadır.

Bu rolda isə Spilberqin vazkeçilməz aktyoru Tom Hanksı görürük. 

Filmin hamısını yazıb zəhlənizi tökmək və ilk baxışın zövqünü korlamaq istəmirəm.

Sadəcə, epik filmlərin dahi rejissoru (Eləcə “Şindlerin siyahısı”nı xatırlamaq kifayətdir) Spilberq bu filmi ilə bizə çox mühüm dərslər verir:

1. Tarix yazmaq daima məşəqqətlidir. Ona görə də həbs də daxil olmaqla bütün məhrumiyyətlərə hazır ol.

2. Jurnalistikada həmnrəylik hər şeydən vacibdir. “Vaşinqton Post” qəzeti başlıca rəqibi olan “Nyu York Times”ə dəstək verərkən belə deyir: “Onlar uduzsalar biz də uduzacağıq”.

3. Dünyanın heç bir ölkəsində, demokratik ölkədən tutmuş totalitarına qədər heç harda hakimkiyyət yaxşı jurnalistləri sevmir. Səbəb isə çox sadədir.

4. Və məncə ən mühümü. Jurnalist üçün xalqın xəbər almaq azadlığı və ictimai mənafe istənilən dövlət mənafeyinin fövqündədir. Filmin ən maraqlı epizodlarından biri Ali Məhkəmənin liftində baş verir. “Vaşinqton Post” qəzetini ittiham edən prokurorun assistenti qəzetin sahibnə deyir: Mən sizi dəstəkləyirəm, çünki qardaşım Vyetnamdadır. Və bunu sizə dediyimi bilsələr bu mənim üçün çox pis olacaq. 

Əslində bu gün bizdə ən çox mübahisələndirilən məqam da budur. ABŞ Ali Məhkəməsinin hansı qərar verdiyini burda yazmıram, özünüz baxarsınız. Filmin ən maraqlı yerlərindən biridir. 

QISA HAŞİYƏ: Amma Hollivud filmlərini diqqətlə izləyənlər az qala bütün filmlərdə məhkəmənin ədalətli qərar verdiyini görür. Bu mənada istisna Lars fon Trierin “Qaranlıqda rəqs” filmidir. Bəli, bu film Hollivudda çəkilməyib, ümumiyyətlə rejissor Amerikaya heç zaman getməyib. Amma hadisələr ABŞ-da baş verir və filmdəki məhkəmə səhnəsi bütün Hollivud filmlərinin məhkəmə səhnələrinə parodiyadır. Elə o cümlədən Spilberqin məşhur “Amistad” filmindəki məhkəmə səhnəsinə də... 

Məsələ isə bundadır ki, dövlət sirlərini qorumaq heç bir halda jurnalistin yox, bu sirri qorumalı olan məmurların vəzifəsidir. 

Bəzən bizdə pafosa dalaraq deyirlər ki, jurnalist hər şeydən qabaq vətəndaş olmalıdır. 

Əlbəttə, bu söz qıraqdan çox zərərsiz görünür. 

Lakin biz vətəndaş anlayışını dövlətə, hökumətə sayğı kimi açsaq onda görərik ki, bizə təqdim olunan mənada vətəndaşlıq əsl jurnalistikanın mahiyyətinə ziddir.

Bunlar əlbəttə ki, az qala hamıya ən azı nəzəri şəkildə bəlli olan məqamlardır, lakin bu məqamları da bəzən təkrar etməkdə fayda var.

“The Post” filmi isə indidən klassik filmlər arasına daxil olmaqla çox güman ki, ABŞ jurnalistlərinin şərəfli mübarizəsi ilə gələcək müzakirələrə də işıq tutacaq bir filmdir.