Siz yaşayın, qoy oğullarınız ölsün...

siz-yasayin-qoy-ogullariniz-olsun-
Oxunma sayı: 634

Ancaq bu müharibə ritorikasını heç cür anlaya bilmirəm. Bilirik ki, hər gün televiziyaların ilk xəbəri təxminən belə olur: “Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli; Ağdam rayonunun Şıxlar, Sarıcalı; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub”.

Bu yaxınlarda öyrəndim ki, sən demə, Ermənistan KİV-ləri də bu xəbəri eyni cür təqdim eləyirlər. Təsəvvür eləyirsizmi? Yuxarıda yazılan mətni bir də oxuyun və görün ki, bu erməni tərəfdən səsləndiriləndə nəsə dəyişirmi? Yox. Eynən, olduğu kimi...

Adamı gülmək tutur bu faciənin içində.

Düşmən cavab atəşi ilə susdurulub nə deməkdi? Sanki düşmənlər qəfildən üz-üzə gəlir, biri atəş açır və o biri də atəşlə cavab verərək onu məhv edir. Sonra da məlumatı mərkəzə ötürürlər. Belə çıxır ki, hər gün həm o üzdən, həm bu üzdən onlarla hərbi məntəqə və ya post məhv edilir, onlarla əsgər həlak olur.

Yaxşı deyək ki, lap belə də olur. Bəs susma baş verirsə, demək, həmin post artıq öz hərbi heyəti ilə birlikdə məhv edilir. Elə isə niyə gedib o boş məntəqəni, nə bilim adsız təpələri tutmurlar və tutub da bu haqda xəbər yaymırlar.

Yoxsa oralarda müharibə-zad yox, uşaqların dava-dava oyunu gedir? Bu deyir, mən səni öldürmüşəm, yıxıl, o biri deyir, yox, öz taxta, məftil avtomatımla birinci atəşi mən açmışam, sən yerə səril?..

Bütün savaşların xəbər hissəsi belə ritorik olur. Bəli, ritorik olsa da, bu savaşlarda insanlar həlak olur, şəhid olur. Məşum 2003-cü ildən 2012-ci ilə kimi statistikaya görə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 600 hərbi qulluqçu dünyasını dəyişib. Bütövlükdə isə atəşkəs başlayandan bu yana hərbi itkilərin sayı 4000-ə yaxındı.

Lakin bu, heç də xəbərlərdə deyildiyi susdurmaların itkisi deyil. O hesabla nə Azərbaycanda, nə Ermənistanda əsgər qalmamalıydı. Bu ritorikanın əsgərlərimizi bitirəcəyinə inanmıram.

Ama xəstəlikdən tələf olan əsgərlərin sayının durmadan artması artıq Azərbaycan hərbi sektorundakı dəhşətlərdən xəbər verir. Bir ayın əsgəri ağciyər və ürək-damar çatışmazlığından vəfat edirsə, artıq şərhə ehtiyac belə yoxdu.

Dünənki qara xəbərdi: “18 yaşlı İlham Elməddin oğlu Nağızadə ağır vəziyyətdə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib. O, qeyd edib ki, əsgər ağciyər və ürək-damar çatışmazlığından vəfat edib.

F. İsgəndərov Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən 2012-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb”.

Buyurun. Bir aylıq əsgər ağciyərdən, ürək çatışmazlığından dünyasını dəyişir. Bir ayın içində əsgərin ürəyini çürütmək, ciyərini vərəm etmək mümkünmü? Elə isə o ordunun adı nədi? Elə isə o ordunun məqsədi nədi? Elə isə o ordu ilə Lazım belə gəlsə, nə eləmək olar və ümumiyyətlə o ordu kimin ordusudu?..

Elə isə Azərbaycan ordusuna xidmətə getməklə XIX əsrdə Sibirə sürgünə getmək arasında fərq nədi?

Bəlkə suç səhiyyə sektorunundu? Xəstə əsgərləri orduya sağlam adıyla yollamaqla. Bəlkə başları rüşvətə qarışıb deyə vaxtları olmayıb... Elə isə prokurorluq? Deyək ki, dövlət təpədən dırnağa günahkardı. Yaxşı, bəs vətəndaşlar? Nə vaxta qədər onlar bu iyrəncliklərə səsini çıxarmadan, haqqını tələb etmədən öz övladlarını qurban verəcəklər? Axı bəd ayaqda kimi dindirsən, deyir, neynim, balalarım var... Bəs 1 ayın içində heç nədən qurban gedənlər övlad deyilmi? Elə isə, cənab valideynlər, öz yalançı övlad bəhanənizi bir kənara atın və öz saxtakarlığınızı, yalançılığınızı boynunuza alın. Bir də öz mağmınlığınıza “balam var” deyib, don geyindirməyin. Siz yaşayın, atalar, analar, qoy oğullarınız ölsün!