“Şoka düşdüm, xalqımdan belə şey gözləməzdim” - Video

soka-dusdum-xalqimdan-bele-sey-gozlemezdim
Oxunma sayı: 11143

Müğənni, Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımovanın “Qafqazinfo”ya müsahibəsi:

- Sizin yaradıcılığınıza diqqət edirəm və görürəm ki, xarici dildə ifa etdiyiniz mahnılar daha çoxdur. Bu ildən etibarən ana dilində bəstələr oxumağa başlamısız. Elə Murad Ariflə oxuduğunuz “Yalnız səni gözlədim”i yeni təqdim etmisiz. Niyə Murad? 

- Muradın özü mənə təklif etdi. Düşünülmüşdü ki, bu mahnı da saundtrek olsun. Lakin “Dəm olmuşam” mahnısı “Kəklikotu” filminin saundtrekidir və bu tipli layihəni yeni təqdim etmişdim. Qərara gəldik ki, duet oxuyaq. Mahnı çox xoşuma gəldi, üslubu fərqlidir. 

- Sizin də bir üslubunuz var idi. Ana dilinə heç müraciət etmirdiz. Etiraf edək ki, bu üslubda oxuyan ifaçıların auditoriyası dardır. Bu, maddi qazanca da birbaşa təsir edir. 

- Bundan əvvəl xalq mahnıları ifa etmişdim. Mənim üçün Ukrayna və Avropa üçün ingilis dilində bir albom hazırlamaq çox vacib idi. Artıq albomu təqdim etdik, Avropanın bir çox radiolarında səsləndirilir. Sonra fikirləşdim ki, öz ölkəmdə sözümü demək istəyirəm. “Dəm olmuşam”dan başladıq və irəli gedirik. Mən anlayırdım ki, ingilis dilində çıxarılan albom Azərbaycanda effekt verməyəcək. Əksəriyyəti ingilis dilini bilmir. Bu, normal bir şeydir. Azərbaycanda yaşayırsansa, bu dili də bilməlisən. 

- Bu qədər iş görəsiz, müsabiqələrdə iştirak edəsiz, albom çıxarasız. Amma insanların ağlında “Dəm olmuşam” mahnısı ilə qalasız. Meyxananı caz elementləri ilə aranjiman etmək kimin ideyası idi?

-  Rejissor Cəfər Axundzadənin bir filmində rol almışdım. İdeya Cəfərindir. O, mənə dedi ki, meyxana var, adı “Dəm olmuşam”dır, oxuya bilərsən? Aynur Axundzadə və Rüstəm Zeynallı yaxşı aranjiman etdi. 4-6 nüsxə meyxananı caz versiyasında oxudum. Amma yeni filmdə də rol alacağam. Cəfər layihə üzərində çalışır. 

- Jurnalistlərlə görüşünüz zamanı bir fikir səsləndirildi ki, Dilarə Ukraynada kifayət qədər populyardır və insanlar küçədə ondan avtoqraf alırlar. Siz bu qədər tanındığınız halda niyə hələ də Azərbaycan şou-biznesində qalmaq istəyirsiz?

- Ona görə ki, Azərbaycanı çox sevirəm. “Milk and Kisses” qrupunda bir olduğum Fəridə Amerikadadır, məni yanına çağırır. Orada da fəaliyyət göstərə bilərəm. Fəridə Amerikada pedaqoqdur. Amma başqa ölkəyə getmək istəmirəm. Qərara gəlmişəm ki, özümə bir neçə il ayıracağam və Azərbaycanda daha da populyarlaşacağam. İstəyirəm ki, birinci öz ölkəmdə məni qəbul etsinlər, sevsinlər. İstəmərəm ki, başqa ölkədə məni daha çox sevsinlər. Mənim üçün Azərbaycan vacibdir. Amma düzdür, Ukraynada insanlar metroda, avtobusda məni görürlər, yaxınlaşırlar, avtoqraf götürürlər. Hətta Odessada olanda belə şeylər baş verirdi. 

- Məncə, bir neçə il sonra bu addımınza görə peşman olacaqsız…

- İnanıram ki, hər şeyin öz vaxtı var. Hərdən düşünürəm ki, niyə indi Azərbaycan dilində mahnı oxumağa başladım? Sonra “İndi vaxtıdır” deyirəm. Hər şeyin öz vaxtı olmalıdır. Getmək istəsəm gedəcəyəm, indiki vəziyyətdə qərarım qalmaqdır. 

- Bu günə kimi bir çox qrupların solisti olmusuz. 

- Bəli, təxminən 4 qrup…

- Ancaq qrupların ömrü az olur. Bütün üzvlər solo oxumaq istəyirlər. İki qrupda Fəridə ilə bir olmusuz. Amma o sizi qoyub getdi…

- “Unformal” qrupunda olarkən Amerikada müqavilə bağlamalı idik, ancaq qrup dağıldı. Ondan sonra Fəridə ilə razılaşdıq ki, yeni qrup yaradaq, adı da “Milk and Kisses” olsun. Çox uğur qazandıq, amma başa düşdük ki, yenilik etmək lazımdır. Fəridə çıxıb getdi, mən də solo oxumağa başladım. Qrupdan ayrı özümü göstərmək mənə çox vacibdir. 

- Yutuba nəzər salsaq, sizin daha çox müsabiqələrdə çıxışınız yer alıb. Bezmirsiz?

- Mən də bunu anlamıram. Bəzi şeylərdən niyə bezmirəm? Mən “Bakı payızı” müsabiqəsi ilə başlamışam. İkinci turda keçə bilmədim, çünki heç oxuya bilmirdim. Aygün Kazımovanın “Gecələr” mahnısını bərbad günə qoymuşdum. Vaqif Gərayzadə mənə ürək-dirək verirdi ki, yaxşı olacaq. Amma indi başa düşürəm ki, çox pis oxumuşdum. Birinci turu keçirtdilər, amma ikinci turu yox. Düşündülər ki, yəqin səsim var, bir şans verək. Pis oxumağımın səbəbi də var idi. Əvvəl psixoloq olmaq istəyirdim, incəsənətlə maraqlanmırdım. Amma o yarışmadan sonra məni yönləndirdilər ki, musiqi təhsili almalıyam. Konservatoriyaya gedəndə mənə dedilər ki, sənin operalıq səsin var. O zaman şoka düşdüm. Bilmirdim ki, belə bir səsim var. 

- “Bakı payızı”na qatılan zaman münsif kimlər idi? 

- Yalçın Rzazadə yadıma gəlir. Daha sonra Yalçın müəllimlə görüşdüm. Mənə dedi ki, gördün? Bax gör neçə yaxşı oxuyursan…

- “Eurovision”da Azərbaycanı təmsil etmək üçün xeyli mübarizə apardız. Bir neçə dəfə milli seçim turlarına qatıldız və nəhəyatət ki, seçildiz. Amma yarışmada ən sonuncu yerlərdən birini tutduz. Hamı sosial şəbəkədə yazırdı ki, mahnı və geyim sizə uyğun deyil. 

- Orada güclü bir mesaj var idi. Gözəl vücudumun olub-olmamağından asılı olmayaraq qapalı geyinməli idim. Çoxu deyir ki, sənin gözəl ayaqların var, niyə  uzun və bağlı geyindin? Mahnı savaş daxil olmaqla ağır mövzulardan bəhs edirdi. Mahnının sözləri ilə geyim üst-üstə düşməli idi. İnsanların diqqətini ancaq mahnı və səs çəkməli idi. İndiyə kimi insanlar yazır ki, mahnı “Eurovision” üçün yazılan ən gözəl mahnıdır. Azərbaycandan o tərəfə hər kəs bu bəstəni bəyəndi, Avropanın bir çox müsabiqələrində iştirakçılar səsləndirdi. Biz bunları paylaşmırıq, amma belə şeylər çox baş verir. Müsabiqə vaxtı mənə çox çətin idi. 20-30 nəfər mənimlə çalışırdı. Özümü kraliça kimi hiss edirdim.

- O kraliça olduğunuz dövr tez bitdi. 

- Bir ay bu hadisələr baş verdi. Bu nöqtəyə çatmaq üçün insan çox çalışmalıdır. “Eurovision” olmasa da, belə komandaya sahib olmaq üçün vuruşmalısan. Özümə məqsəd qoymuşam ki, belə bir komanda özüm üçün də yaradacağam. İndi yavaş-yavaş yığırıq. 

- Dediz ki, mahnı sərhədlərdən kənar çox bəyənildi, amma Avropa sizi ən sonuncu yerdə gördü. 

- Məni çox qınadılar, şoka düşdüm, xalqımdan belə şey gözləməzdim. Yəni 600 milyon auditoriyası olan bir səhnəyə çıxırsan, ifa edirsən. Hər kəs yazır ki, geyim və səhnə əladır. Sonuncu yerimi tutan kimi başladılar pis rəy yazmağa. Sırf mənə yox, ailə üzvlərimə də… Ay insanlar, siz belə şeylər yazarkən Allahdan qorxmursuz? Həyatın bumeranq olduğunu bilmirsiz? Gözləmədiyim insanlar mənə dəstək oldu, amma qınayanlar çox idi. İki-üç ay layihədən sonra şəhərdən kənarlaşdım. Pis rəylər yazılanda daha da güclənirəm. Onlar mənə güc verir. Yəni, daha da güclənməyimi istəyirsizsə, pis şeylər yazın. Sonuncu yer tutduğuma görə depressiyaya düşmədim, stress keçirmədim. Valideynlərim haqqında yazılan mənfi rəylərə görə narahat oldum. Onlar başa düşməlidirlər ki, “Eurovision” siyasi yarışmadır. Mənə yazdılar ki, Elnur (red: Elnur Hüseynov) getsəydi, daha yaxşı yer tutardı. Elnur da getdi, amma yaxşı yer tutmadı. İnsanlara dəstək olmaq lazımdır. Orda bir çoxları qorxmuşdu ki, ölkəmizə necə qayıdacağıq? Belə olmamalıdır. Nə qədər də olsa, ölkəm mənim arxamda dayanmalıdır. 5-6 dəfə Azərbaycan bayrağını yüksəkliklərə qaldırmışam. “Yeni dalğa” yarışmasında biz oxuyanda bütün zal ağlamışdı. Daha sonra Türkiyədə “Laçın” mahnısı oxuyanda Qənirə Paşayeva necə ağlamışdı… Mən nəsə layihə çıxaranda ukraynalılar deyir ki, yenə sənə pis rəylər yazacaq. Başqa ölkə bizimkilərin pis şeylər yazmağından danışır.  Amma yaxşı yazan, dəstək olanlar da var. Onlara təşəkkür edirəm.

- Müsahibədən öncə səhifənizə diqqət yetirdim. Mənfi rəylər saxlanılıb, silinmir…

- Bəzilərini hə, bəzilərini isə yox! İnsanların səhifəsinə girirsən, görürsən ki, normal biridir, tənqidindən nəticə çıxarmaq olar. Mən də insanam, tənqidləri qəbul edirəm. Amma təhqirlər yazanda silinir. Çalışdığım şirkət avtomatik olaraq belə rəyləri yox edir. Onlar lazım olmayan şərhləri oxumağımı istəmirlər. “Fake” səhifələr daha çoxdur. Sırf bu tipli şərhlər yazmaq üçün açılıb. Amma başqa biriləri də var ki, onların sözlərini heç vaxt eşitmirəm. 

- Elə bil ki, “Eurovision” maraqsızlaşıb…

- Ayağım düşmədi. Bəli, 10-luğa heç kim girmir. Bəlkə bu il 10-luqda olacağıq. Yer vacibdir, amma əsas səhnə quruluşu və ifadır. İndiki iştirakçımız Aysel Məmmədova çox gözəl ifaçıdır. Diana Hacıyeva da dəyərlidir. Amma birinci yer tutduq deyə maraqsızlaşdı. Mən belə düşünürəm. Açığı, mən də etiraf edim ki, “Eurovision” mənim üçün də maraqsızlaşıb. 

- Bunlarını hamısını kənara qoyuram. Amma insanların yaddaşında ən çox açıq-saçıq fotosessiyalarınızla yadda qalmısız. Bu, sizi məyus etmir? 

- Ən vacibi odur ki, Dilarə Kazımova deyiləndə yadlarına düşüm. Fərq yoxdur, mahnı və yaxud fotolarla… Bu, mənim üçün o qədər də problemli bir şey deyil. Reklamda hər şey sistem kimi getməlidir, ən vacibi yada düşməkdir. Belə şəkillərlə insanlar daha çox tanınır. Şəkillərə baxıb bəyənəcəklər, bəlkə ondan sonra mahnımı da dinləyəcək? Ən vacibi diqqət çəkməkdir. 

- Deyəsən bizim insanları ancaq çimərlik geyimində fotolar maraqlandırır. Siz necə düşünürsüz? 

- Bu, təkcə bizdə belə deyil, dünyada belədir. Beyons, Nikki Minaj və başqaları… Bunlar reklamın bir hissəsidir. Fotolara baxırsan ki, çox gəşəngdir. Keyfiyyətli iş alınırsa, diqqət çəkəcək. Buna üzülmürəm, qətiyyən!

- Onu da qeyd edim ki, şəxsi həyatla bağlı məqamlar məşhurlara daha çox reklam qazandırır. Məsələn siz boşandız, həmin ərəfədə albom çıxardız. Həmin an mətbuatda xeyli müzakirə olunduz…

- Rəsmi olaraq 2017-ci ildə boşandıq. Bundan qabaq söz-söhbətlər yarandı. 2016-cı ildə ayrılmışdıq, amma müsahibə verəndə də demişdim ki, hələ danışmayacağam. 

- Evliliyiniz niyə qısa oldu? 

- Dəqiq deyə bilmərəm. Amma xarakterlərimiz uyğun gəlmədi.  

- Nədənsə, xarici dildə ifa edən məşhurlar toylara qəribə baxırlar, özlərini o ortamda görmək istəmirlər. Səbəb nədir?

- Baxır hansı toy! Onlar bilirlər ki, toya kimi çağırmaq lazımdır. Bizim üçün vacibdir. Toylara gedirəm, problem yoxdur. Məncə, elə gözəl toylar var ki, konsertdə olduğu kimi çıxış edirsən. Ev sahiblərinin istəyindən asılıdır. 

Elvin Elxan

Fotolar-Video: Nuran Məmmədov