Su darğaları, yaxud sudan sui-istifadə edənlər...

su-dargalari-yaxud-sudan-sui-istifade-edenler
Oxunma sayı: 1172

Nadir Qocabəyli

Dəqiq tarixini bilmirəm, amma ya 2012, ya da 2013-cü ildə mənim yaşadığım əraziyə də (Hövsan qəsəbəsi, Zeytun yaşayış sahəsi) suçəkənlər gəlib, küçələri qazmağa başladılar. Sevindik ki, bizim də suyumuz olacaq.

Yaşadığım küçəylə qaza-qaza gəlib, mənim evimə çatsalar da, darvazamın açıldığı dalana girmədilər, dedilər ki, su əvvəlcə qapısı mərkəzi küçəyə açılanlara veriləcək. Dedim, xub, gözləyək. Mərkəzi küçə başa çatdı. Qapıbir qonşularımıza su çəkildi, sayğac qoyuldu, biz qaldıq.

Sonra bunlar yoxa çıxdılar. Təxminən altı aydan sonra peyda olub, mərkəzi küçəyə paralel küçələri qazmağa başladılar, qazdıqca da boruları atıb evlərə çıxış verir və sayğac qoyurdular. Nə başınızı ağrıdım, beləcə, bir-birinə paralel olan üç küçənin suyu çəkildi. Sonra, deyəsən, yenə bir müddət qeyb oldular və yenidən peyda olub, həmin paralel üç küçələrə perpendiklyar olan araları çəkməyə başladılar. Növbə bizim küçəyə çatdı. Qazdılar, qazdılar, gəlib bizim dalana çatanda dayandılar və başqa araya keçdilər. Səbəbini soruşanda cavab verdilər ki, dalanları ayrıca çəkəcəklər. Təbii ki, əsəbim dözmədi. Bunları yaxşıca tənbeh etdikdən sonra, evə gəlib problemi sosial şəbəkədə işıqlandırdım. Azərsu ASC-nin səhifəsində paylaşdım. Səhmdar Cəmiyyətin mətbuat katibinin rəhbəri Anar Cəbrayıllıya məktub yazdım. Su çəkilməyəcəyi təqdirdə, Prezidentə müraciət edəcəyimizi bildirdim.

Bir müddətdən sonra Anar bəy mənə komissiya göndərdiklərini yazdı. Komissiya gəldi, qazıntı və su çəkilişi işlərinə rəhbərlik edən, mənim, qonşuların indiyəcən dediklərimizi vecinə almayan, yekə-yekə danışan, ancaq bu dəfə nədənsə islanmış cücə kimi büzüşən Aydın adlı şəxslə birlikdə. Komissiya üzvləri heç bir üzrxahlıq etməsələr də, Aydının əməlini malalamaq yolu tutsalar da, qısa müddətdən sonra, 2014-cü ilin iyun ayında, axır ki, 9 evdən ibarət dalanımıza su çəkildi, çıxışlar qoyuldu və dərhal da iki ildir böyrümüzdən keçən ana xəttə qoşub, suyu verdilər.

Amma sayğaclar qoyulmadı. Soruşdum, dedilər ki, o işə ayrı təşkilat baxır və gəlib qoyacaqlar. Gözlədik, gəlmədilər. Bir gün, iki gün, üç gün, bir ay, üç ay, beş ay, bir il keçdi, gəlmədilər. İl yarımdan sonra iki nəfər peyda olub, ultimativ şəkildə belə bir tələb qoydu: “Təcili Suraxanı rayonu su idarəsinə gedib, 78 manat ödəməli, kod açdırmalı və ayda 6 manat supulu ödəməlisiniz.” “Bəs sayğac qoyulmayacaq?” sualıma cavab verdilər ki, sayğac yoxdur. “Necə olur ki, bu boyda əraziyə sayğac qoyulur, ancaq 9 nəfərlik dalana qoyulmur?” sualama cavab olaraq bildirdilər ki, o işlə tenderdə qalib gələn bir təşkilat məşğul olub, onlar da məsuliyyətsizlik ediblər.

“Axı niyə hansısa təşkilatın məsuliyyətsizliyinin əziyyətini sadə vətəndaş çəkməlidir? Niyə sayğacı vaxtında qoyub suyun pulunu yığmır, il yarımdan sonra gəlib topdan şəkildə tələb edirsiniz? Məgər bu ağır sosial-iqtisadi, qiymətlərin hər gün qalxdığı, maaşların azaldıldığı, insanların ixtisara salındığı bir şəraitdə əhalinin dərdi-səri azdır ki, aylıq gəlirindən 78 manat da sizə versin? Digər tərəfdən, ayda 6 manat supulu hansı meyarlara, ölçülərə əsaslanır? Əgər bu suyun bir kub metri 30 qəpikdirsə, 6 manata 20 ton su edir. Mənim ailəm ay ərzində heç bunun yarısı qədər də su işlətmir, 1 tonluq çən bizə 3-4 gün bəs edir. Zəhmət çəkin, sayğacları qoyun, sizin günahınız ucbatından ödəmədiyimiz ayların pulunu da sayğacın aylıq göstəricisinə müvafiq şəkildə verək...”

Təəssüf ki, Azərsu ASC-dən gələn emissarlar bu məntiqli, əsaslı sualların heç birinə cavab verə bilmir, qanuni tələblərimizi qulaq ardına vururdular. Hətta ilk dəfə gələnlər yekəxana tərzdə məni məzəmmət edirdilər, su işlədib, pulunu verməməkdə suçlayırdılar. Ancaq Anar Cəbrayıllıya bu haqda xəbərdarlıq etdikdən sonra, yəni axırıncı vizitlərində bir qədər yumşaq, nəzakətlə danışdılar. Dedilər ki, “müəllim, vallah, bizlik bir şey yoxdur, bizdən də tələb edirlər.” Mən də güzəşt edib dedim ki, “sənədləri və pulu sizə verərəm, həll edəsiniz.” Cavab verdilər ki, yox, bizə icazə vermirlər, mütləq idarəyə getməlisiniz. (Hətta devalvasiyadan qabaq bir dəfə gələn emissarlardan birinə pul da verdim. Amma yanında gələn şefi pulu alıb özümə qaytardı ki, gərək özün idarəyə gedəsən.) Yoxsa biz istəmərik ki, akt tərtib olunsun, suyunuz kəsilsin və sizə daha böyük cərimə yazılsın.

Hörmətli Azərsu ASC, vallah mən də bu məsələni böyüdüb, sizinlə məhkəməyə çıxmaq istəmirəm. Zəhmət olmasa, gətirin sayğacınızı qoyun, suyunuzun pulunu alın. Məsələ bu qədər sadədir.

Mən bunların içərisində az-çox Anar bəyə etibar etdiyimdən yenə ona yazdım. Nə qədər olmasa da, jurnalistdir, televizorda veriliş aparıb, abırlı adama oxşayır. Amma görünür, hansısa sistemdə işləmək üçün gərək onunla həmrəng olmasan da, həmxasiyyət olasan. Ona artıq emissarlarının əlindən yorulduğumu bildirdim, çünki indiyəcən qapıma düz 4 cüt su darğası göndəriblər. “ Öz ayağımla o idarəyə gedib, ərizə yazıb qanunsuzluğa, məsuliyyətsizliyə, hansısa korrupsiya əməllərinə haqq qazandırmaq istəmirəm. Söhbət heç o pulda da deyil. Məni suyumu kəsməklə hədələyirlər. İş ki belə oldu, mən də bu məsələni ictimailəşdirmək, hüquqi müstəvidə araşdırmaq zorundayam. Diqqətinizə görə, təşəkkür edirəm.”

Amma bəzən güvəndiyimiz dağlara da qar yağır. Anar bəyin cavabıni olduğu kimi təqdim edirəm: “İşçilərimiz ötən dövr üçün pulu tələb edirlər, bu tamamilə düzgündür.”

Amma, Anar bəy, bu tələb məsələyə ümumi və kobud yanaşanda və ilk baxışda düzgün görünür, xırdalayanda, araşdıranda, qanuni, hüquqi, hətta mənəvi-əxlaqi müstəviyə çıxaranda, qətiyyən düzgün deyil. Mən işlətdiyim suyun pulunu vermək istəyirəm, işlətmədiyim yox. Və onu sizin günahınız ucbatından ödəmədiyim üçün hissə-hissə almalısınız, topdan yox. Dövlət isə, qanun və hüquqla idarə olunmalıdır, obıvatel təfəkkürüylə deyil!

Əgər suyumu kəssəniz, məhkəməyə və cənab İlham Əliyevə müraciət etmək zorunda qalacağam!