Sudan duru çıxan “kişi”

sudan-duru-cixan-kisi
Oxunma sayı: 2052

Raminə Eyvazqızı

3 ildir aidiyyatlı dövlət orqanlarından çox media bar-bar bağırır ki, hər ay ölkədə təqribən 1000-ə yaxın boşanma qeydə alınır. Rəsmi rəqəmlərə ağız büzən, hərdən də təəssüflənən cəmiyyətdəki pıçhapıçlarda cinsi ayrıseçkilik  üstünlük təşkil edir. Qadınlar kişiləri, kişilərsə qadınların boşanma səbəblərində əsas tərəf olduğunu deyirlər. Təəssüf ki, məhkəmələrin də başı mənasız boşanma səbəblərindən boğaza yığılıb, hakimlərin ailəni yenidən birləşdirmək kimi həvəsi də ölüb. Toyda söz demək üstündə yarışa girən ağbirçək və ağsaqqallar da, boşanmaya qədər gəlib çıxan vəziyyətlərdə toydakı canfəşanlığı göstərmirlər. “Özləri bilər”- ailə söz-söhbətlərindən kənarda qalanların sığındığı son sözləri bundan ibarətdir.

Dünyanın aparıcı ölkələrində ailələrin işinə müdaxilə etmək institutları var. Bunlar ailə siyasəti büroları və ya ailə problemlərinin həllində aktiv təşkilatlar adlanır. Bizdə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Bir komitənin ölkədə baş alıb gedən boşanma “dəb”inə gücünün çatmasına inanmaq doğru olmazdı. Komitə daha çox ailələrin şikayətləri əsasında araşdırmalar aparır. Amma ailədaxili münaqişələrin və nəhayətində məişət zorakılığının qarşısının alınmasında əsas məsələ ailə terapistlərinin olmasıdır. Ailə terapiyasını aparan şəxsin həm sosioloq, həm psixoloq, həm də təcürbəli metodları olmalıdır.

Bir ailə terapisti vardı, gənc və ailə qurmayan qadın idi. Hər halda ailədən danışan və onun dəyərlərini müdafiə edən şəxsin ailəli olması və uğurlu ailə hekayələri olan şəxs olması vacibdir. Bizdə bu qədər psixoloqların və bu profilli mərkəzlərinin olmasına baxmayaraq ailə dəyərlərinin təbliğində işlər xeyli azdır, heç yoxdur da. Ailə dağıdanların gətirdikləri boşanma səbəblərindən sonra vəziyyətin doğrudan da bərbad olduğu qənaətinə gəlmək olur. Tv kanallar camaata, seyriciyə boşanmış və ailəsi olmayan insanları “xoşbəxt”, “özbaşına”, “uğurlu insan” kimi təqdim və təbliğ etdikcə də, bu problem dərinləşəcək. 

Ailə terapiyasi elə bir sahə, hətta elmdir ki, burada hər bir ailəyə ailə üzvlərinin  fərdi problemləri olaraq deyil, ailə sisteminin bir problemi olaraq baxılır və baxmalıdır. Terapiyaya ailənin hər bir üzvü hazır olmalı və ya könüllü razı edilməlidir. Ailə dağıtmaqdan çox, onu bərpa etmək istəyənlər üçün bu əsas amildir. Terapiyanın  mərkəz nöqtəsi  ailə sistemidir. Ailə insan orqanı kimi müalicə almalıdır. Və bu müalicədə xəstəlikdəki kimi ilk əvvəl diaqnoz qoyulmalıdır. Ailədə problemin kimdə olması deyil, nədə olması hədəf seçilir. Və bir ailə terapiyası ilə məşğul olan mütəxəsisin əsas məqsədi ailədəki fərdlərin xasiyyətini dəyişmək yox, ailədəki ünsiyyət üsullarını və hər məsələyə münasibəti dəyişməkdir. Problemi yaratmaq özü də ailədə əsas problem ola bilər. Əlbəttə, əgər ailədə qadın və kişi öz üzərinə düşən öhdəliklərdən, məsuliyyətdən boyun qaçırırsa və bu hal hazırda cəmiyyətdə əsas mənzərə kimi qarşımıza çıxırsa, onda əvvəlcə cəmiyyətin müalicəsi lazımdır.

İndi demirəm ki, ayrılmış ailələrin yenidən bərpası mümkündür. Əsla. Hər halda ailə dəyərləri deyib, bir ailənin dağılmasının qarşısı  alınanda da növbəti faciələr və ya daha böyük problemlər ortaya çıxır. Hərdən adam bəzi ailələrin elə vaxtında da dağılmasını arzulayır. Ölüm-itim olmaqdansa, bu daha yaxşıdır.

Gündəmdə olan “Kişinin məşuqəsi arvadını öldürdü” kimi xəbəri oxuyunca da, başqa düşüncələrə qapılırsan. Hadisənin Lənkəran bölgəsi olması, vəziyyət (iki və daha çox arvadlılığı təbliğ edənlər üstünlük təşkil edir) barədə təxminlər yaradır. Bir başıboş, məsuliyyətsiz kişinin ucabatından 2 qadının həyatı puç oldu və 4 başsız, anasız uşaq ortada qaldı. İndi çoxu qatil məşuqənin həddini aşmağından danışır.

Amma fakt odur ki, baş verən ailə faciəsində əsas ailə qatili həmin kişidir. Arvadına xəyanət edən kişi ilə boşanmaqdansa, onun dediyini edən qadın artıq əsil qurbandır. İki arvadlılığın qadağan olunduğu ölkədə bu da artıq dəb olub, xəbərimiz yoxdur. Ərinin  məşuqəsinin olduğunu bilən qadınların çoxu susurlar. Maddi cəhətdən yazıq olan belə qadınlar artıq bir evdə məşuqə ilə də yaşamağa razı olurlar. Göründüyü kimi, nəticə yenə də analarından olan uşaqların taleyinə gətirib çıxarar. Adamı da daha çox bu məsələ narahat edir. Əsil günahkar olan “kişi”nin 4 uşağın məsuliyyətini götürməyinə necə inanaq? Bir ana torpaq altında, bir ana həbsxanada.

Yəqin 2 qadını bədbəxt edən “kişi” tezliklə uşaqlara baxsın deyə növbəti qadın barədə düşünər. Görəcək günlərimiz var hələ!