Sürüşmə zonasından son məlumat - Yenilənib

surusme-zonasindan-son-melumat
Oxunma sayı: 2841

Bakının Badamdar qəsəbəsində bir neçə gündür davam edən sürüşmə bu gün də aktivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib. Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub.

***

Saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən, gərginlik qalmaqdadır. Sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub.

Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb.

***

Saat 21:00-a olan monitorinqin nəticəsinə əsasən, aktivlik dinamikası dəyişməz olaraq qalıb.

Sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib.

İndiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.