Türkiyəlinin şapalağı yandırdımı?

turkiyelinin-sapalagi-yandirdimi
Oxunma sayı: 1034

Raminə Eyvazqızı

Dünən bir türkiyəli gəncin dediyini az eşitməmişik. Bu söyüşəbənzər həqiqət müəllifini də erməni adlandıranlar oldu. Məgər haqlı deyildi ki? Gənc deyir ki, azərilər türkiyəli görən kimi türkcəmizdə danışırlar, dillərini belə tez satan, torpağını da satar da. “Satar” kəlməsi, qıcıqlandıracaq qədər yağlı şapalaq vurdu bizə. Onda niyə ayılmırıq hələ də? Öz dilimizdən başqa dillər qarşısında əyilənlərin neçə faizi bunu ehtiyacdan edir ki? Dünyada yalnız azərbaycanlı təfəkküründə başqa dilə asanlıqla keçid qarşısındakına özünü göstərməyə xidmət edir. Özünü ifadə etməyə yox, məhz göstərməyə. 

İndi sizin bildiyiniz mağaza, kafe adlarından tutmuş, ölkəni ələ almış əcnəbi ifadələri bir kənara qoyacağam. Elə türkiyəlinin fikrinin haqlı tərəfini əsaslandıracağam. Azərbaycan ötən əsrin 90-larından başlayaraq qardaş ölkə filmlərini (videokaset kirayəsi ənənəsindən başlayaraq) izləməyə başladı. Türkiyə türkcəsindəki sözləri, ifadələri 70 il əsarətində olduğu ruscadan tez qavradı, götürdü. Nə də olsa, bənzərlik və dildə yaxın kəlmələrin rolu böyük idi. Qardaş ölkə türkcəsində danışmaqla bu gün də fəxr edənlər var. Amma bu qarşılığı bizim qədər “qardaş”ımızdan görə bilmədik. Yəqin elə türkiyəlinin dediyi məsələdi,  onlar dillərini tez satışa çıxarmırlar. Bəs necə olur ki, 3-cə ay Türkiyədə kurs keçən və özünə “uzman” adı verən həkimlərimiz hər yerdə Türkiyə leksikonunda və intonasiyasında danışmağa başlayırlar? Yenə özlərini göstərmək üçün.  Amma illərdir, Bakıda “gözün üstə qaşın var” deyilməyən, özünə mülklər alan türkiyəli həkim hələ də ana dilində danışır, üstəlik yerli həkimlərimizi də özünə uyğunlaşdırır. Azərbaycanlının dilinə sahib çıxmadığını hər addımda görmək olar. Elə TV kanallarda saatlarla danışan türkiyəli həkimi danışdıran aparıcımız da onun axınına düşür, ana dilini unudur. Çünki türkiyəli həkimin özünüreklamı və efir vaxtı üçün ödədiyi pul ana dilimizi yerə çırpmağa belə bəs edir, təki pul gəlsin. 

Bizimkilər Türkiyə sərhədinə çatan kimi sinxron tərcüməçiyə çevrilirlər. Yerlinin onu anlamayacağını yaxşı bilirlər, bu başdan söhbətə öz ana dilini unutmaqla  başlayırlar. Bəs Türkiyə xalqı bizim dilimizi niyə bilmək istəmir? Ona görə ki, onlara bu günədək bizim dildə bir dənə də filmimizi göstərməyiblər. Ən əvvəl bizim təbliğatımızı (əsaslı və ənənəvi şəkildə) orada aparan çox azdır. Türkiyəli bizim yüngül, səviyyəsi aşağı deyə biləcəyimiz qız-oğlanlardan TV verilişlərinin baxımlı olmasında istifadə edirlər. Türkiyə TV kanallarının Radio və Televiziya Üst Qurulu (RTÜK) bizim anoloji qurumdan fərqli olaraq, ana dilindən başqa əcnəbi dildə (audiovizual məhsulun) verilişin yayımına icazə vermir. Türkiyəli bizim dildə danışmağa heç istəkli deyil, bu da onun əzəli haqqıdır. Bizimki də onlar üçün qardaş dili yox, elə əcnəbi dildir. Onda gəlin, dilimizə sahib çıxaq! “Türkün sözü” deyib zarafata salmayaq yenə.

P.S.Mağazalarımızın vitrinində yazılır: “Türk qadın, kişi, uşaq paltarları”. “Türk” (guya, Türkiyə istehsalı paltar mənasında işlənir) kəlməsinin yeri özümüz kimi səhv düşüb.