“ÜDM-də özəl sektorun payı 85%-ə çatıb” - Nazir müavini

udm-de-ozel-sektorun-payi-85-e-catib
Oxunma sayı: 1070

Mayın 15-də Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə çıxış edən Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn məqsədlər və Azərbaycanın DİM-lərə nail olunması istiqamətində gördüyü işlər barədə məlumat verib.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti DİM-lərə çatmaq üçün görüləcək tədbirlər, bu sahədə Azərbaycanla əməkdaşlıq barədə fikirlərini bölüşüb. DİM-lərin həyata keçirilməsi istiqamətində ölkəmizin ciddi addımlar atdığını vurğulayan Alessandro Frakassetti bu sahədə Azərbaycan Hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, Azərbaycanın 2017-ci ildə Könüllü Milli Hesabatını təqdim edən ilk ölkələrdən olduğunu diqqətə çatdırb.

“Dayanıqlı İnkişaf Məqsədləri və özəl sektor” panel müzakirədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov prezidentin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar barədə məlumat verib. Sahibkarlığın inkişafının, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu, son zamanlar köklü islahatların aparıldığını vurğulayan Sahib Məmmədov bu sahədə görülən işlərin nəticəsi olaraq, ümumi daxili məhsulda özəl sektorun payının 85%-ə, məşğulluqda isə 76%-ə çatdığını qeyd edib. 

Paneldə çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, "Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi." şirkətinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri Günel Fərəcova, Beynəlxalq Maliyyə İqtisadiyyat Nazirliyi Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova və “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva DİM-lərin səmərəli icrasında özəl sektorun rolundan danışıblar.