Vətəndaşın nazirliyə şikayəti qərəzli çıxdı

vetendasin-nazirliye-sikayeti-qerezli-cixdi-
Oxunma sayı: 637

A. Rzayev şikayətində bildirib ki, Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində qoz və şabalıd ağacları kəsilir və guya o şəxsən bunun şahidi olub.
Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, A.Rzayevin Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində ağacların kəsilməsi barədə Nazirliyin qaynar xəttinə etdiyi şikayət qərəzli xarakter daşıyır.

Bildiririk ki, şikayətçi A.Rzayev qanunsuz ov edərkən Qoruq əməkdaşları tərəfindən əvvəllər dəfələrlə saxlanılıb. Sonuncu dəfə həmin şəxs 23 fevral 2012-ci il tarixində Murad Cəfərov adlı vətəndaşla birgə qanunsuz ov edərkən Qoruğun əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı saxlanılıb və onlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün tərtib olunmuş sənədlər Balakən rayon Polis Şöbəsinə göndərilib.

Aparılan araşdırmaların nəticəsində A. Rzayevin şikayətinin şəxsi və qərəzli xarakterli olması, eyni zamanda fərdi konfliktləri həll etmək məqsədi daşıdığı sübut edilib.
Belə ki, daxil olan şikayətdə göstərildiyi kimi çoxlu sayda ağacların kəsilməsi faktı öz təsdiqini tapmayıb. Qoruğun əməkdaşları tərəfindən cari qaydada mühafizə rejiminə əməl olunmasını yoxlamaq məqsədilə 15 mart 2012-ci il tarixində əraziyə keçirilən baxış zamanı, yəni şikayətdən əvvəl bir ədəd qoz ağacının naməlum şəxslər tərəfindən kəsildiyi, köküstə qurumuş və küləyin təsirindən aşmış digər ağacın isə doğrandığı məlum olub. Bununla əlaqədar 16 mart 2012-ci il tarixində əraziyə cavabdeh olan mühafizə yegeri barəsində akt tərtib olunub, 247,7 manat məbləğində köküstə nırx dəyərində ziyan hesablanaraq onun tərəfindən ödənilib və barəsində intizam tənbeh tədbiri görülüb. Qanunsuz kəsilmiş qoz ağacının işlik hissəsi və qurumuş qoz ağacının doğranmış oduncaq hissələri yerində qaldığından qorunub mühafizə olunması üçün mühafizə yegerinə təhvil verilib.

Şikayətdə qeyd olunan şabalıd ağacları isə bir neçə il əvvəl ərazi Qoruğun balansına verilənədək kəsilmiş iki ədəd ağacdır və həmin ağacların doğranmış oduncaq hissələri də yerində qaldığından mühafizə üçün yegerə təhvil verilib.

Nigar Məmmədli