18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir - 23-cü Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisi öz işinə başlayacaq.
“Qafqazinfo”ya daxil olan məlumata görə, “WorldBuild Baku” sərgisi İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.
Bu il sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaqlar. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisində ilk dəfə iştirak edən debütantlar ilə yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər.
Son xəbərlər
Son Xəbərlər