Xalçaçılıq muzeyi Azərbaycan xalçasını “tanımadı”

xalcaciliq-muzeyi-azerbaycan-xalcasini-tanimadi
Oxunma sayı: 642

“Qafqazinfo” olaraq yaranmış fikir ayrılıqlarına aydınlıq gətirmək üçün elə xəbəri verdiyimiz gün Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyi ilə əlaqə saxlayıb mütəxəssis fikirini öyrənmək istədik. Bütün cəhdlərimizə baxmayaraq bir nəticə əldə edə bilmədik.

Birinci gün muzeyə zəng edib xəbər haqda məlumat verərək mütəxəssis fikrini öyrənmək istədiyimi bildirdim. Telefona cavab verən şəxs (qadın) xəbərlə maraqlanıb zəng edəcəyini söylədi (Redaksiyanın nömrəsini verdim). Üstündən bir saat keçəndən sonra yenidən muzeyə zəng etdim. Bu dəfə başqa bir nömrə verdilər ki, ən dəqiq məlumatı ordan ala bilərəm. Yeni nömrəyə zəng vurdum. Yenidən xəbər haqda məlumat verdim, dəstəyi götürən qadın Təranə adlı mütəxəssisin bu məsələni araşdırıb şərh edəcəyini və bizimlə əlaqə saxlayacağını söylədi. Növbəti bir saat da keçdi və mən üçüncü cəhdi etdim. Həmin qadın Təranə xanımın direktorla məsləhətləşdiyini, narahatlığa lüzum olmadığını, bizlə əlaqə saxlayacaqlarını dedi. Və gözlədim... Bir saat, iki saat.. Və nəhayət yenə zəng vurdum. Aldığım cavab isə olduqca maraqlı oldu: “Təranə xanım indi burda yoxdur, evə gedib”. Bu sözləri deyən şəxsə adımı və mobil nömrəmi verdim ki, Təranə xanım Azərbaycan xalçasını tanıyıb-tanımadığı haqda bizə məlumat vermək istəsə, əlaqə saxlasın.

Növbəti gün yenə eyni situasiya ilə rastlaşdım. Gün ərzində Xalçaçılıq muzeyinə 3-4 dəfə zəng vurdum. Bu dəfə fərqli nömrə verdilər ki, əlaqə saxlayım. Həmin nömrəyə zəng etdim. Dəstəyi götürən şəxs onların bu sahəyə baxmadıqlarını deyərək əvvəl zəng vurduğum nömrə ilə əlaqə saxlamalı olduğumu dedilər: “Bizdə işçilər indi məzuniyyətə çıxıblar. Təranə xanım da həmçinin. Katibəsi ilə danışın”.

Xülasə, iki günlük cəhdim heç bir nəticə vermədi. Jurnalist olaraq mütəxəssis fikrini öyrənib bunu ictimaiyyətə çatdırmaq istədim. Lakin Xalçaçılıq muzeyinin mütəxəssisləri nədənsə şərh verməkdən imtina elədilər.

Onu da qeyd edim ki, ABŞ prezidentinin otağındakı xalçanın məhz Azərbaycan xalçası olduğu ilə bağlı iddia daha böyükdür. Xalçanı Obamaya İTAR-TASS-ın baş direktorunun birinci müavini, həmyerlimiz Mixail Qusmanın hədiyyə etdiyi bildirilir.

Həmin xalçanın görüntüləri və bu barədə informasiya dünyanın ən nüfuzlu media orqanlarında xəbər kimi təqdim olunub. Bu xalçanın hansı mədəniyyətə mənsub olması müzakirə olunub. Qeyd etdiyimiz kimi, əsas məqam məhz xalçanın Azərbaycan mədəniyyətinə aid olması ilə əlaqələndirilir. Belə halda Azərbaycanın müvafiq qurumlarının həmin xəbərə, dolayısı ilə Azərbaycan mədəniyyətinə laqeyd münasibəti anlaşılan deyil. Əslində elə anlaşılandır...

Aşağıdakı linkdən həmin xəbəri oxuya bilərsiniz:

Obamanın otağındakı Azərbaycan xalçası - Fotolar

Aynur