Xalqımın toy kimi bir adəti var…

xalqimin-toy-kimi-bir-adeti-var
Oxunma sayı: 2182

Dünya Sakit

Ta balacalıqdan iştirak etdiyim toy mərasimlərində ən çox diqqətimi çəkən qudaların birgə rəqsi olub. Balaca olanda bu rəqs məni, sözün həqiqi mənasında kövrəldirdi. İki yad ailənin bir toyla qohumlaşdığını, doğmalaşdığını düşündükcə qəlbim riqqətə gəlirdi.

Hətta 5-ci sinifdə oxuyanda yaxın qohumların toyunda qız anasının layiqli qızıl gətirilmədiyini deyərək, qızının evdən çıxarılmasına etiraz edib dava salanda belə bu hiss dəyişmədi: o qadının tərs xasiyyətli olduğunu hamı bilirdi deyə, sözünə baxmayıb evdən çıxan qızına tökdüyü qarğışları ciddiyə almadım. İllər keçəndən sonra o qızın oğlan olan ilk övladı ayaqdan ömürlük şikəst olub yeriyə bilməyəndə ananın “görüm, yanınla oğul yeriməsin” qarğışını nəinki mən, o toyda iştirak edən hər kəs dəfələrlə xatırlayası oldu…

Bu bayram günlərinin acı faciəsi barədə xəbəri oxuyanda istər-istəməz o toy, ondan sonra baş verənləri xatırladım. Toy kimi gözəl bir adətimizi əsəb, gərginlik, nifrət, soyğunçuluq meydanına cevirənlərə bağırasım gəldi. 23 yaşlı Müzadilin faciəsi əslində toyumuzu biabırçı mərasimə döndərənlər üçün bir görk olmalıdır.

Bu gün iş o yerə çatıb ki, heç kim nişan aparmaq, 3-5 ay oğlunu nişanlı saxlamaq istəmir. Valideynlər buna yalnız əlacsız qaldıqda gedirlər. Söhbət yalnız maddi imkansızlıqdan, nişanlı qıza çoxsaylı bayramlarda sovqat aparmaq üçün pulun olmamasından getmir. Bu sovqatı aparmağa sərf olunan vaxtdan, enerjidən də gedir. Bir çox hallarda imkanlı ailələr belə bu yorucu adətlərdən yaxa qurtarmaq üçün birbaşa toy mərhələsinə keçirlər. 

Nişanlı oğlan ailəsinin qız evinə bayrampayı aparması adəti aydın məsələdir ki, qədimdən var. Lakin əvvəllər bu adət bir növ oğlan evindən qız evinə şirinlik getməsi xarakteri daşıyırdı – bir çox hallarda 1-2 qutu şokoladla rahatlıqla yol verilirdi. İndi isə bu şirinlik oğlan evinin soyulmasının bir üsuluna çevrilib. Qız evinə gedəsi bütün şirniyyatlar, digər sovqatların qablarına qədər bazarlarda od qiymətinə satılır. Vay ola ki, sonradan uydurulmuş bu şirniyyatların biri əskik ola. Qız evi sanki dünyanın sonuymuş kimi davranır, hər yolla narazılıqlar oğlan tərəfə çatdırılır, bir sözlə, tövrlər dərhal dəyişir. 
Xüsusilə kənd yerlərində qız evinin bu sayaq davranışı mənim üçün anlaşılan deyil. Axı qızı verdikləri oğlanın ailəsinin imkanlarını çox yaxşı bilirlər. Kənd yerində hamı bir-birinin cikini-bikini bilirsə, sonradan dəbdəbəli pay-püş ummaq, bu olmayanda ağız büzmək anormal deyilmi?

Müzadil faciəsi bir məsələni də gündəmə gətirir: oğlan övladlarının tərbiyəsi. Müzadilin hər istəyinin yerinə yetirilməklə böyüdüyünü iddia etmirəm, edə də bilmərəm, çünki ailənin imkanları barədə məlumatsızam. Sadəcə, hadisədən görünən odur ki, zəif psixologiyalı adam olub. Hər adam bir bayram sovqatı aparılmamasına görə canına qıymazdı. Xüsusilə o halda ki, yaxınlarda toy olacaqdı. Yenə də heç kimi günahlandırmaq istəmirəm, amma ortada çox acı, çox da ağrıdan faciə var. Bu faciədə hamımızın payı var: adətlərimizi bayağılaşdıranların da, buna seyrçi qalanların da…