Xınalıqdakı qar uçqunu ilə bağlı - Rəsmi açıqlama

xinaliqdaki-qar-ucqunu-ile-bagli
Oxunma sayı: 1428

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xınalıq yolunda baş verən qar uçqunu ilə bağlı açıqlama yayıb.

"Qafqazinfo"nun məlumatına görə, ötən gün intensiv şəkildə qarın yağması nəticəsində Quba-Xınalıq yolunun 34-36-cı km-lik hissəsində, dərədə qar uçqunu qeydə alınıb:

"Ərazidə olan əməkdaşlarımızın və texnikanın köməkliyi ilə yolda qalan vətəndaşlar ərazidən çıxarılıb. Yolun qar uçqunundan təmizlənməsi üçün ötən gün hava qaralana kimi aparılan işlər bu gün səhər saatlarından da davam etdirilir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub. Qeyri-sabit hava şəraiti və relyefin çətin olmasına baxmayaraq yolun axşam saatlarına qədər açılması üçün işlər mümkün dərəcədə sürətlə aparılır. Aparılan işlər nəticəsində hazırda yolun 34-cü km-nə qədər avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir çətinlik yoxdur. Buna baxmayaraq təcrübəsi az olan və əraziyə bələd olmayan sürücülərdən, avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz olunmayanlardan sözügedən yoldan istifadə etməsi tövsiyə olunmur".