Xocalı filmi Kann və Venesiyada

xocali-filmi-kann-ve-venesiyada
Oxunma sayı: 650



Bazar ertəsi Moskvada Xocalı şəhərində törədilən soyqırımın 20-ci ildönümünə həsr edilən sənədli filmin nümayişi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə filmin müəlliflərindən olan litvalı jurnalist Riçardas Lapaytis məlumat verib.

“Bu film biz bir il müddətinə əsirlikdə olanlarla, xilas olan Xocalı sakinləri, jurnalistlərlə - baş verən hadisələr barədə danışa bilən hər kəslə keçirilən görüşlər əsasında çəkilib. Biz 20 il öncə baş verənlərin bütün təfsilatı ilə konkret göstərmək istədik”, - deyə jurnalist bildirib.

Onun sözlərinə görə, film üzərində Litva və digər ölkələrdən olan jurnalistlərdən ibarət beynəlxalq qrup işləyib. “Yəqin sizə məlumdur ki, film üzərində işləyən qrup Ermənistan tərəfindən hazırda baş verənləri çəkmək üçün Xocalı şəhərinə keçmək istəyib. Lakin İrəvanda onları saxlayıblar, nəinki yalnız çəkiliş aparmağa, həm də aeroportun ərazisindən çıxmağa imkan verməyib deportasiya ediblər”, - deyə o bildirib.

R.Lapaytis məlumat verib ki, rus dilində çəkilən film Moskvadan sonra mart ayında Bakıda, sonra Londonda nümayiş etdiriləcək. “Biz həmçinin, filmi Kann və Venesiyada göstərməyi planlaşdırırıq”, - deyə o bildirib.

Litva jurnalistinin sözlərinə görə, Xocalıda baş verən hadisələr törədilən cinayətlərin xarakteri üzrə “soyqırım” anlayışına tam uyğundur.

Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Qadınlar, qocalar, əlillər, uşaqlar vəhşicəsinə öldürülüb. İndiyədək görünməmiş qəddarlıq nəticəsində adları məlum olan 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb