Yalanla dolanan qarovulçu

yalanla-dolanan-qarovulcu
Oxunma sayı: 3606

Şərif AG

Yasamalda bir tanışım var, hasara alınmış köhnə, geniş əraziyə qarovulçuluq edir. Hiss olunur ki, bura əvvəllər maşın parkı olub, indi hansısa imkanlı şəxs alıb, gələcəkdə göydələnlər tikəcək. Tanışım ərazinin girişindəki mavi darvazanın yanında quraşdırılmış tualetə oxşar balaca gözətçi köşkündə oturur. Darvazanın naxışlarının arasına kiçik, əyri-üyrü hərflərlə yazıb: “Burda maşın saxlamaq qadağandır”. Lakin hər maşından 1 manat alıb içəri buraxır. 

Hər dəfə o yazılara baxdıqca əzab çəkirəm. Hərflər elə miskin görünür ki! Axı Tanrı sözləri bunun üçün yaratmayıb. Elə sözlər var, qismətinə müqəddəs kitablara yazılmaq düşüb, eləsi də var, beləcə, əbədi olaraq yalana məhkum edilib. 

Qarovulçu tanışım sallaq dodaqlı, balacaboy, dolu bədənli, ayaqları mötərizə kimi içəri əyilən, qulaqları tüklü bir kişidir. Başının ortası daz olduğundan yığcam kepka qoyur. Qabaq dişləri tökülüb, ortada biri qalıb. Güləndə tək dişinin ətrafından qaranlıq fışqırır.

O, öz əlləri ilə darvazaya yazdığı bu sözlərin yanındaca haqdan-ədalətdən danışmağa utanmır. Deyir, insafsız cəmiyyətdə yaşayırıq, heyif deyildi sovet hökuməti? Hər şey hamı üçün idi; bolluq da, aclıq da, sülh də, müharibə də. 

Bir gün özümü saxlaya bilmədim, dedim, darvazaya yazdığın nədir, haqq-ədalətdən danışdığın nə? Təmkinin pozmadı. Üzümə bir ovuc qaranlıq püskürüb gözlərini qıydı: “Hərə bir yalanla başını dolandırır, bu da mənim özümə görə, balaca bir yalanımdır, ətəyindən tutub balalarımı saxlayıram!”. 

Az keçməmiş səsi daha da sərtləşdi: “Sən də nəhəng yalanları qoyub-gəlib mənim bu bir manatlıq yalanıma ilişirsən. Ayıb olsun sənə!” 

Özümü itirdim. Adam elə asta, elə məntiqli danışırdı ki, elə bil “balaca yalanı”nı əsaslandırmaq üçün xüsusi kurs keçmişdi.   

Yaxından-uzaqdan tanıdığım insanların pul qazanmaq üsullarını gözümün qarşısına gətirəndə gördüm, adam haqlıdır. Doğrudan da hamı aldadır, hamı yalan danışır. 

Hamımız yalanlardan ibarət nəhəng bir okeanın içindəyik. Dünya yalanla fırlanır. Nəhəng reklam çarxlarından BMT-nin Qarabağla bağlı qətnaməsinəcən, bankdakı pulunu oğlanlarından gizləyən ağsaqqal atadan onu and-amanla müdafiə edən ağbirçək anayacan, seçki vədlərindən maşın bazarındakı kilometrajlaracan – hər şey yalandır! 

Maşın bazarı dedim, yadıma düşdü, Sumqayıtda “07” markalı maşın satırdılar, sahibi qatı dindar idi. Zarafat edəndə də ərəb bəlağəti ilə danışırdı. Əlində təsbeh, üzündə saqqal, dilində dua. Maşının arxa şüşəsinə qara-qırmızı hərflərlə “Ya Hüseyn” yazdırmışdı. Qəfil yağlı bir müştəri çıxdı, onun israrla dirəşib düşmədiyi iki yüz dolları çənə döymədən verdi, lakin bir şərtlə; şüşədən “Ya Hüseyn” sözü silinməlidir! Ağzı dualı satıcı təsbehini cibinə qoyub isti su ilə o sözü silməyə necə girişdi, bir görəydiniz. 

Satıcı öz yalanını “Ya Hüseyn” sözünü yazdıranda danışmışdı. Zurna o zaman fırt eləmişdi. İndi, o sözü sildiyi yerdə daha səmimi idi.   

Qarovulçu tanışımla müdhiş dialoqa girdiyim ərəfələr heç yerdə işləmirdim, yol polisinə göstərmək üçün özümə yalançı jurnalist vəsiqəsi düzəltdirmişdim. Vəzifəm unikal idi: sosial ədalət şöbəsinin müdiri. Qarovulçunun sözləri yadıma düşdükcə vəsiqə cibimi yandırırdı.  

Bu yaxınlarda yolumu qəsdən hasara alınmış o ərazidən salıb sallaq dodaqlı tanışıma bir pritça danışdım, “Xaxxx!” eləyib necə güldüsə, öskürək tutdu, göm-göy göyərdi, dedim, bu saat ürəyi dayanacaq. Kürəyinə vurub birtəhər özünə gətirdim. Pritçanın sizə təqdim edib, sözümü bitirirəm. Özünüzə yaxşı baxın. Yalanınız həmişə kəsərli olsun.    

Buddist rahib həqiqətin axtarışına çıxır, dünyanı ayaqdan salıb, bir mağaraya gəlir. Görür içəridə ifritə sifətli bir qarı oturub. Kimmiş? Həqiqət! Rahib sarsılır. Daşları yumruqlaya-yumruqlaya xeyli ağlayandan sonra özünə gəlib dillənir: 

“İnsanlar səninlə təskinlik tapır, sənin belə eybəcər olduğunu bilsələr, yaşaya bilməzlər, mən indi gedim onlara nə deyim?” 

Həqiqət gülümsünür:

“Get, yalan de!”