YAP 700 min ağac əkəcək

yap-700-min-agac-ekecek
Oxunma sayı: 1179

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olur.

“Qafqazinfo” xəbər verir ki, YAP-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, partiyanın yaranmasının 25 illik yubileyi bayram əhval-ruhiyyəsi fonunda qeyd olunacaq. Bildirilib ki, partiyanın bütün yerli strukturlarında, rayon və şəhər təşkilatlarında 25 illik yubiley ilə əlaqədar müxtəlif formatda toplantı, görüş və diskusiyyaların təşkili davam edir. Qadınların və gənclərin partiya və cəmiyyət həyatında, dövlət quruculuğu proseslərində mövqeyinin və iştirakının müzakirəsi və dəyərləndirilməsi məqsədi ilə YAP-ın Gənclər Birliyinin və Qadınlar Şurasının xətti ilə geniş toplantılar, müxtəlif xarakterli görüşlər təşkil edilir.

Məlumatda qeyd olunur ki, YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar nəzərdə tutulan daha bir möhtəşəm tədbir “Hərəyə bir ağac əkək” kampaniyasının keçirilməsi ilə əlamətdar olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən “Hərəyə bir ağac əkək” kampaniyasına yaxın günlərdə təntənəli start veriləcək. Bu kampaniya Azərbaycanın hər bir bölgəsini əhatə etməklə, bütün yaşıllaşdırma mövsümü ərzində davam edəcək. 700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.