Yeni işıqforların faydası - Foto

yeni-isiqforlarin-faydasi-foto
Oxunma sayı: 765

Bakıda elektrik enerjisinə qənaət edən 2 yeni və fərqli işıqfor vətəndaşların istifadəsinə verilib.

“Qafqazinfo” xəbər verir ki, yeni işıqfor test olaraq paytaxtın mərkəzi küçələrinin birində quraşdırılıb. Belə ki, LED sistemi ilə (Light Emitting Diode – İşıq saçan diod) təchiz edilən 2 işıqfor Ü. Hacıbəyov və A. Puşkin küçələrinin kəsişməsində quraşdırılıb.
Bu cihazların adi işıqforlardan fərqi ondan ibarətdir ki, LED-li işıqforların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və nəticə olaraq sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər. Yüngül konstruksiyaya malik olan bu işıqforlar alüminiumdan hazırlanıb. Hündürlüyü və ölçülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini cəlb edir və bununla hərəkətin təhlükəsizliyini təmin etməkdə kömək olur. Bundan əlavə, iri tutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə digər nəqliyyat vasitələrinin işıqforu görməsini məhdudlaşdırmayacaq. İşıqforun üst dirəyində quraşdırılmış işıqların köməyi ilə axşam saatlarında piyadaların yolu daha rahat görmələri üçün şərait yaradılıb.