Yeni prezident kim olacaq?

yeni-prezident-kim-olacaq
Oxunma sayı: 1411


Xaqani Hüseynlinin sözlərinə görə, Timoşenko artıq prezidentliyə namizəd olacağını açıqlayıb, Kliçkonun da yaxın günlərdə iddiasını ortaya qoyacağı gözlənilir: “Poroşenko əvvəllər yüksək vəzifələrdə işləyib, xarici işlər naziri olub. Son proseslərdə fəal iştirak edir. Onun reytinqi çox yüksəkdir. Əgər Timoşenko ilə Poroşenkonun reytinqi müqayisə olunsa, ikincinin daha çox səs toplayacağı gözləniləndir. Son hadisələrə qədər də Poroşenkonun reytinqi çox idi. O, aksiyalar dövründə məsələlərin qan tökülmədən, sülh yolu ilə həllinə çalışırdı. “Maydan”la hökumət arasındakı əsas vasitəçilərdən biri idi. Xalqın ona böyük sevgisi və etimadı var. Potensial namizədlər arasında ən güclü dəstək Poroşenkoyadır”.

Xaqani Hüseynlinin fikrincə, diqqətdən kənarda qoyulması mümkün olmayan potensial namizədlərdən biri də Ukrayna milliyyətçilərinin lideri Dmitro Yaroşdur: “Əgər o, namizəd olsa, Poroşenkodan da çox səs toplaya bilər. Amma onun seçkidə iştirak edəcəyi dəqiqləşməyib. O, “Maydan”ın əsas qəhrəmanlarındandır. Namizəd olmağa qərar versə, xalq onu dəstəkləyəcək. Amma çox güman ki, Yaroş baş nazir postunu tutacaq”.

Politoloq bildirib ki, 2004-cü il inqilabının lideri, keçmiş prezident Viktor Yuşşenkonun seçkiyə qatılması gözlənilmir: “Hazırda Ukrayna cəmiyyəti prezidentliyə kimlərin daha real namizəd olması məsələsini müzakirə edir. Əsas diqqət “Maydan”da aparıcı rol oynayan şəxsiyyətlərə deyil, ümumi idarəetmə sisteminin təkmilləşdirilməsinə, vətəndaşların maraqlarına cavab verən formatın tapılmasına yönəlib. Günün reallığı, meydanlara toplanan insanların gözləntiləri bu yanaşmanı tələb edir”.

Xaqani Hüseynli əlavə edib ki, Ukrayna 2004-cü il konstitusiyasına qayıdıb: “Ukrayna avtoritar prezident idarəçiliyindən parlament-prezident idarəetmə üsuluna keçidi. Prezidentin bir sıra səlahiyyətləri baş nazirə ötürülür. Xüsusən də ölkənin daxili siyasəti, iqtisadiyyat məsələlərində baş nazir əsas səlahiyyət sahibi olacaq”.

Ötən ilin noyabrından Ukraynada inqilabi proses başlayıb və bu ilin fevralında kəskin qarşıdurmalarla müşayiət olunub. Fevralın 18-dən 20-dək paytaxt Kiyevdə 80-ə yaxın adam həlak olub. Ötən həftənin şənbə günü dövlət başçısı Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb, növbədənkənar prezident seçkisi (25 may) təyin olunub. Hazırda prezident səlahiyyətlərini parlament sədri Aleksandr Turçinov icra edir.

"Media forum"