Zahiri və batini dindarlar

zahiri-ve-batini-dindarlar
Oxunma sayı: 1357


Tutaq ki, bir nəfər hər kəslə gülərüz, mehriban davranır. Heç kəs onun barəsində "Bu, dindardır" deyə zənn etməz. Yaxud bir nəfər satıcı çəkidə, pulun artığını qaytarmaqda çox diqqətlidir. Heç kəsdən nə bir qram, nə də bir qəpik artıq almaz. Yenə də bunu görənlər bu şəxsin dindar olduğu barədə düşünməzlər. Və ya hər zaman qeybətdən, böhtandan uzaq qaçan birini görəndə də "Sən dindarsanmı?" sualını vermirlər. Eyni münasibəti yetimlərə daim qayğı göstərən insanlara da göstərilir. Onlara da dindar hesab etmək çoxumuzun ağlından keçməz.

Ancaq, nə zaman haradasa üzüsaqqallı, yaxud başında araqçını olan və ya əlində yüzbir dənəli təsbeh olan şəxs görsələr, hamı onu dindar hesab edir. Hətta, bəzən aktyorları və ya rəssamları da saqqal saxladıqlarına görə dindar hesab edənlər olur.

Bu yerdə çox maraqlı bir tendensiya ilə qarşı-qarşıya gəlirik. Belə çıxır ki, Allahın Qurani-Kərimdə dönə-dönə qeyd etdiyi yalan danışmamaq, sözündə bütöv olmaq, verdiyi əhdə sədaqətli olmaq, çəkidə aldatmamaq, səxavətli, mərhəmətli, qeyrətli, alicənab olmaq, yoxsul və miskinlərə yardım etmək və s. bu kimi yaxşı əməllər dindən hesab olunmur. Yaxud da, dindən hesab olunsa da, o qədər də əhəmiyyətli sayılmır. Ancaq, tam əksi, bir dəfə də olsun Quranda adı keçməyən saqqal, araqçın və ya təsbeh artıq dinin ən mühüm göstəricisinə çevrilir. Sanki, Allah dünyanı və axirəti yalnız bu zahiri atributların əldə olunması üçün yaradıb. Sanki, insanlığın ümümi dəyərləri yalnız bu zahiri göstəricilərdir.

Dövrümüzə gəlib çatan rəvayətlərə görə İslam peyğəmbəri Hz.Məhəmməd (s) insanlar arasında olduğu zaman onu geyiminə və ya məişət tərzinə görə başqalarından fərqləndirmək mümkün deyildi. Yalnız və yalnız danışdığı və ətrafdakılara münasibət göstərdiyi zaman onun davranışlarının aliliyindən hiss olunurdu ki, bu, Allah rəsuludur.

Nədənsə zaman keçdikcə bunun əksi yarandı. İndiki dövrdə dindar bir insan əsasən zahirən başqalarından fərqlənməyə çalışır. Davranışa gəldikdə isə elə başqaları kimi olur, heç nə ilə fərqlənmir. İslam.az