Zidan təmkinli danışdı - “Nəticə önəmli deyil”

zidan-temkinli-danisdi
Oxunma sayı: 2003

Sabah “Liverpul” və “Real” arasında Kiyevdə baş tutacaq Çempionlar Liqası finalından öncə bu gün mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Real”ın futbolçuları Marselo və Serxio Ramosla yanaşı baş məşqçi Zinəddin Zidan jurnalistlərin suallarını cavablandırıblar.

Marselo hər iki komandanın hücum futbolunu sevdiyini bildirib:

“Çox şey oyunun necə başlayacağından asılı olacaq. Nə edəcəyimizi bilirik. “Liverpul” möhtəşəm mövsüm keçirib. “Real”da qələbəni çox istəyir. Finaldır, hər şey ola bilər. Futbolsevərlər üçün möhtəşəm şou olacaq”.

Ramos “Yuventus”, PSJ və “Bavariya”da sonra “Liverpul”a da qalib gələrək mövsümü möhtəşəm nəticə ilə bitirmək istədiklərini deyib:

“Hədəfimiz məlumdur və komandada hər kəs öz məsuliyyətini bilir. Sabah Çempionlar Liqasına ilk finalım kimi oynayacağam. “Liverpul”un imkanlarını azaltmaq üçün çalışacağıq”.

Baş məşqçi Zidan isə təmkinli danışıb:

"Finala çıxmaq asan olmadı. Yenə Çempionlar Liqasının həlledici görüşündə oynayacağımız üçün hədsiz sevinc içindəyik. Ronaldu? O belə matçlar üçün, belə görüşlərdə iştirak etmək üçün yaşayır. Kriştianu tamamilə sağlamdır və oynamağa hazırdır.

Hesab etmirəm ki, "Real" bu görüşün favoritidir. "Liverpul" kimi şanslarımız 50/50-dir. Finalda konkret favorit olmur, şanslar bərabərdir.

Yürqen Klopla müqayisə olunmağım? Mən oyunçu kimi daha yaxşı olmuşam. Məşqçi kimi isə... Bütün məşqçilər fərqlidir, Klopa çox hörmətim var".

Elsevər Məmmədov

Kiyev, Ukrayna