“Zirvədəki şəxsiyyətlər Səməd Vurğun - 105”

zirvedeki-sexsiyyetler-semed-vurgun-105-
Oxunma sayı: 651

“Zirvədəki şəxsiyyətlər Səməd Vurğun – 105” adlı tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Səməd Vurğunun ev muzeyi və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisi tərəfindən həyata keçiriləcək. Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, öncə tədbir iştirakçıları Səməd Vurğunun Fəxri Xiyabandakı məzarını ziyarət edəcək, ədibin xatirəsini bir dəqiqəlik sükutla yad edəcək, məzarı üzərinə güllər qoyacaqlar. Burada ədibin nəvəsi, Səməd Vurğun Fondunun və ev muzeyinin rəhbəri Aygün Vəkilova çıxış edəcək. Daha sonra mərasim iştirakçıları Səməd Vurğun bağında şairin heykəli önündə ədibi yad edəcəklər.
Tədbirin davamı ev muzeyində olacaq. Tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olacaq və ədəbi-bədii proqrama uyğun çıxışları izləyəcəklər. Burada Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov, muzeyin direktoru Aygün Vəkilova, Əməkdar mədəniyyət işçisi, “Bura Vətəndir” məclisinin sədri Səriyyə İsmayılova, filologiya elmləri doktoru Adilxan Bayramov, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli və başqaları çıxış edəcəklər.
Tədbirdə S. Vurğunun şerlərindən nümunələr səsləndiriləcək. Mərasimdə həmçinin, İtaliyada gənc ifaçılar arasında keçirilən Beynəlxalq müsabiqədə birincilik qazanan şairin nəticəsi Vurğun Vəkilov və İtaliyada vokal üzrə uşaqlar arasında keçirilən Beynəlxalq müsabiqədə birinci yerə layiq görülmüş Emin Xəzər musiqi parçası ifa edəcəklər.

Nigar Məmmədli