Ziyalının falçıya inanmağı

ziyalinin-falciya-inanmagi
Oxunma sayı: 1579

Kənan Hacı

Təxminən altı-yeddi il bundan əvvəl “Hardasan, ay Gülbadam?” adlı bir yazı yazmışdım, falçılıqdan bəhs edən o yazı bu cümlələrlə başlayırdı: “Azərbaycan insanının hələ də cəhalət bataqlığında çabaladığını yazmaqdan biz cana doyduq, camaat isə pirlərə ayaq döyməkdən, falçı yanına getməkdən əl çəkmədi ki, çəkmədi. Mirzə Cəlilin yeri məlum, bu halımızı görsəydi, heyrətdən gözləri kəlləsinə çxardı ki, a balam, siz hələ də it boğuşdurmaqdan, hamamda yatmaqdan, fala baxdırmaqdan əl çəkmədiniz?! Hələ Nəriman Nərimanovu demirəm, acı- acı gülüb deyəcəkdi: Ay binəvalar, bəs mənim 100 il bundan əvvəl yazdığım “Pir” əsərindən hələ də nəticə çıxara bilməmisiniz?”

Molla Cəfərqulu qoz ağacının altında Gülbadamı süpürləyib altına basmaq istəyəndə biçarə arvadın harayına çoban gəlib çıxmasaydı, mollanın da ağlına o dahiyanə fikir gəlməsəydi, tez ağacın altında şam yandırıb səcdə etməsəydi və Gülbadam da bu sirri uzun müddət sirr kimi ürəyində saxlamasaydı, bisavad məxluqlar da ona dəli kimi baxmayacaqdı. Avam kütlə hər dərdin, azarın əlacını pirdə görür, möcüzələrə inanır. Halbuki xəstə sağalmaq üçün mütləq həkimə getməlidir. Gülbadamın əri nə özü həkimə gedir, nə də xəstə doğulmuş uşağını həkim yanına aparır. Fanatizm ağlın gözünü kor edib, şüuru kütləşdirib.

Bu adamları başa düşmək çətin deyil, cəhalət duman kimi onların üstünə çöküb. Paradoksal məqam odur ki, XXI əsrdə adının önünə professor yazılmış adamlar falçıların daimi müştərilərinə çevriliblər. Bu əməlin heç bir izahı yoxdur! Bu günlərdə mətbuatdan oxudum ki, bəzi yüksək vəzifəli məmurlar, deputatlar məşhur falçıların yanına gedib-gəlir, onların xidmətindən yararlanırmışlar. Əlim üzümdə qaldı. Son illərdə fırıldaqçı falçılar və cadugərlər televiziya kanallarında da geniş reklam edildi və açıq-aydın görünür ki, onların gəliri şou-biznes nümayəndələrinin gəlirindən heç də pis deyil. Biznesi iflasa uğrayan, obyektləri üçün təhlükə yaranan biznesmenlər, işdən çıxarılma ehtimalı olan məmurlar onları gələcəkdə gözləyən bəlalardan yayınmaq üçün falçıların mərhəmətinə sığınırlar. Azərbaycanda falçılığa, cadugərliyə xərclənən pullar milyonlarla ölçülür və bu məbləğ ildən-ilə artır. Hansısa məmur və ya deputat axı Gülbadabın əri Məşədi Allahverən deyil, təhsil görmüş, bəziləri elmi rütbəsi olan bir ziyalıdır. Ziyalısı, alimi falçıya möhtac olan millətin hansısa elmi kəşfə imza atacağına məni heç kim inandıra bilməz. Belə məmur, deputat bu xalqa, bu millətə hansı faydanı verə bilər? Bir halda ki, özü müşkül işini, problemini falla həll edir, xalqın güzəranına necə gün ağlayacaq? Çox güman ki, parlament seçkilərindən əvvəl özünü deputat kürsüsündə görmək istəyənlərin də yolu falçıya düşüb.

Yaxından tanıdığım bir ailə var, qızları universitet təhsili görüb, evin kişisi mühəndisdir, xanımı ali məktəblərdən birində dərs deyir, oğul İstanbulda hansısa universitetdə oxuyur. Bu göstəricilər ailənin ziyalı kateqoriyasına aid olduğunu deməyə əsas verir. Di gəl, elə həftə olmaz ki, falçı yanına getməsinlər. Şəhərdə bütün məşhur falçıları, onların ünvanını, ev və mobil telefonlarını bilirlər. Bu adamların qazancı ancaq falçıların cibinə gedir. Tragikomik bir vəziyyətdir. Ölkədə yüzlərlə, minlərlə belə ailələr var. Bu ailələrin hesabına falçılıq geniş biznes şəbəkəsinə çevrilmişdi. Ziddiyyətli məqam isə bundadır ki, bizim xalqımız dini dəyərlərə çox böyük önəm verir, dgər tərəfdən isə dinin kafir adlandırdığı falçıların xidmətindən istifadə edir. Absurdun absurdudur. İndi cadugərlik qadağan olunur. Bir müddət bundan əvvəl Hindistanda yaşlı bir qadını cadugərlik etdiyi üçün ifritə elan edərək öldürüb başını kəsmişdilər. Polisin araşdırmalarından sonra məlum oldu ki, həmin qadının öldürüldüyü ştatda yerli sakinlərin cadugər və ovsunçu saydıqları yüzə yaxın qadın yandırılıb, başı kəsilib və ya ölənəcən döyülüb. Dəhşətli faktlardır. Allah uzaq eləsin. Şükür, biz sivil bir cəmiyyətdə yaşayırıq və bu cür vəhşiliklər heç bir halda bizim ölkəmizdə baş verə bilməz.
Falçılığın qadağan olunması çoxlarının bazarının bağlanmasına və müflisləşməsinə səbəb olacaq. Kim əminliklə deyə bilər ki, falçılar bundan sonra gizli fəaliyyətə keçməyəcəklər? Amma bilirəm, bu yazıya görə mənə bəd dua və lənət oxuyacaqlar. Hə, vallah.