Bəzən yanlış bilgiləri o qədər mənimsəyirik ki, doğrusunu eşitdikdə qəbul etməyə çətinlik çəkirik. Yeni məlumat bizə inandırıcı gəlmir, hətta uydurma kimi səslənir. Məsələn, mən indi yazsam ki, mifologiyada Adəm peyğəmbərin Həvvadan başqa arvadı olduğuna dair rəvayətlər var, bir çoxlarımız buna inanmayacaq və ya təəccüblənəcək. Çünki bu günə qədər bizə verilən bilgilərdə Adəm peyğəmbərin bircə arvadı olub, o da Həvvadır. Ancaq bu bir reallıqdır ki, Adəm peyğəmbərin Həvvadan öncə Lilit adlı arvadının olması haqda rəvayət var. Niyə görəsə, Lilit haqqında məlumatlar uzun zaman Azərbaycan elmindən uzaq tutulub. Açığı mən bu haqda araşdırmaları lap dərindən apara bilmədiyimdən çox da dərin ehtimal irəli sürə bilməyəcəyəm, lakin düşünürəm ki, bunun səbəbi Lilitin sadəcə Yəhudilərə aid edilməsindədir. Halbuki bu personaj Türk mifologiyasında da var. Özü də bir qədər fərqli şəkildə.
Lilit kimdir? Niyə onun Adəmin birinci arvadı olduğunu düşünürük? Lilit haqqında hansı qaynaqlarda məlumat ala bilərik?
Lilit ilk dəfə Babil Talmudda aşkarlanmış yəhudi mifologiyasına aid olduğu zənn edilən obrazdır. Lilitin Adəmin ilk arvadı olduğunu göstərən kitab Ben Sira əlifbası kitabıdır. Tövratın ilk hissəsi olan Yaradılış hissəsinin 1-ci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığı, 2-ci Babında isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdır. Rəvayətə görə Allah əvvəlcə Adəmi və Liliti torpaqdan yaradıb, Lilitə Adəmə tabe olmasını əmr edir. Ancaq Lilit Adəm ilə eyni “hüquqlu” olduğunu düşünərək Adəmə tabe olmaqdan boyun qaçırır. Nəhayət, o cadu edərək Adəmdən uzaqlaşır. Allah mələkləri Lilitin arxasınca göndərir. Mələklər Liliti tapdıqları vaxt onun Qızıldəniz ilə birlikdə olduğunu görürlər. Lilit ilə Qızıl dənizin yüzdən çox cin uşaqları dünyaya gəlir. Mələklər Lilitin geri qayıtmasını tələb edirlər. Həmçinin şərt qoyurlar ki, əgər Lilit geri qayıtmasa, hər gün onun bir cin uşağını öldürəcəklər. Lilit boyun qaçırdıqda isə mələklər hər gün onun bir cin uşağını öldürürlər. Yeri gəlmişkən yəhudilərin dünyadaki bütün cinlərin Lilitin evladı olmasına inanışının təməlində də məhz bu arqument durur.
Mələklər nə qədər təkid edirsə, Lilit geri dönməyə razılaşmır. O heç vaxt Adəmə sadiq qalmayacağını deyir və geri dönmür. Bundan sonra Allah Həvvanı Adəmin qabırğasından yaradır və Həvva Adəmə tabe olduğundan onların soyu artır. Bunların mehribanlığını qısqanan və öldürülmüş cin uşaqlarının intiqamını almaq istəyən Lilit and içir ki, Adəmin soyunu davam etdirən hamilə və lohusa qadınların qənimi olacaq, onun adı yazılmış tilsimi üstündə gəzdirməyən (başqa bir rəvayətə görə isə Sanvai, Sansanvai ve Semangelof mələklərinin adı yazılan tilsimi üzərində daşıyanların) və Adəmin soyundan olan oğlan uşaqlarını ilk 8 gün, qız uşaqlarını isə 20 gün içində öldürəcək.
Əgər çox diqqətli oxusaq, biz, çox köklü bir adət-ənənəmizi bu sətirlərdə görərik. Xüsusilə, zaha (hamilə və lohusa) qadınları qorumaq üçün etdiyimiz bəzi ayinləri xatırlasaq, onda Lilitin bizim də mifologiyamızda mövcud olduğunu görərik. Yəqin ki, bir çoxlarımız doğulmuş uşaqları Hal anasından (buna Albasdı, Alqarısı, Al anası da deyilir) qorumaq üçün müəyyən işlər görürük. Ya yastığının altına qayçı-bıçaq qoyuruq, ya da göz muncuğu, üzərlik asırıq və s. Ancaq başqa bir ritualımız da var ki, bu da yeni doğulmuş oğlan uşaqlarının saçını uzadaraq qız kimi göstərərək ölməsinə əngəl olmaqdır. Bu ritualı daha çox oğlan uşaqları doğuş zamanı ölərkən yerinə yetirirlər.
Maraqldıdır ki, Lilit və Hal anası görünüşcə də bir-birinə bəznəyirlər. Belə ki, Lilit uzun alov qırmızısı donu, uzun qara saçları, uzun döşləri ilə xatırlanır. Hal anası da (xüsusilə qıbçaq kökənli türklərin mifologiyasında) uzun qırmızı donu, uzun döşləri və qara saçları ilə təsvir edilir. Deməli, görünüşcə də Hal anası ilə Lilitin arasında elə də bir fərq yoxdur. Liliti bundan başqa, şumer və Babil mifologiyasındakı yel ilahəsi Lilitu ilə də eyniləşdirirlər. Lil sözü “yel”, yaxud “fırtına” mənasını verir. Ancaq bizim fikrimizcə, Lilitin şumer mifologiyasındakı qarşılığı Lalamtsu ilahəsidir. Lamatsu da eynilə Hal anası kimi hamilə qadınlara müsəllət olur, onlara kabuslar yaşadır. Yunan mifologiyasındakı Lamia, ərəb mifologiyasındakı Karina və s.-i də Lilitin prototipi olaraq göstərə bilərik. Göründüyü kimi, Lilit sadəcə yəhudi mifologiyasına aid deyil. Eyni zamanda bir çox xalqların da mifologiyasında özünə müəyyən mənada yer tapmışdır.
Deməli, illər uzunu Liliti yəhudi mifologiyasının personajı hesab edərək tədqiqatdan və elmdən uzaq tutmaqla böyük bir yanlışa və itkiyə yol vermişik.