Millimiz 128-ci pillədə

-millimiz-128-ci-pillede
Oxunma sayı: 651

“Qafqazinfo”nun Apasport.az saytına istinadən verdiyi məlumatına görə, Azərbaycan yığması yeni ili 128-ci pillədə qarşılayacaq.

Tanınmış www.football-rankings.info saytının hesablamalarına əsasən, yeni reytinqdə millimiz 250 xala malik olacaq. Noyabr reytinqində 277 xalla 123-cü olan komandamız 27 xal itirərək, 5 pillə geriləyəcək. Buna Şimali İrlandiyadakı heç-heçə səbəb olacaq. Belə ki, DÇ-2014-ün seçmə mərhələsinin Belfastdakı qarşılaşması 1:1 hesabı ilə başa çatmaqla yığmamızın geriləməsi ilə nəticələnəcək.

Yığmamızla heç-heçə edən britaniyalılar isə 11 pillə irəliləyərək 89-cu pilləyə qalxacaq. DÇ-2014-ün seçmə mərhələsindəki digər rəqiblərimizdən Portuqaliya (1163) 2 pillə geriləyərək 6-cı pilləyə düşəcək, Rusiya isə 1097 xalla 9-cu yerdə qalacaq. 496 xalla 10 pillə irəliləyən İsrail 68-ci, 1 pillə geriləyən Lüksemburq 172 xalla 145-ci olacaq.

Qeyd edək ki, siyahının ilk 3 pilləsində dəyişiklik gözlənilmir. İspaniya (1606), Almaniya (1437) və Argentina (1271) yenə ön sıralarda olacaq.