Noyabrın 2-də “156 Evakuasiya Xidməti” və “166 Yükdaşıma və Logistika” şirkətlər qrupu Zəfərin 5-ci ildönümünü yüksək ehtiramla qeyd edib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə 200-dən çox qazi, şəhid ailəsi və Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın övladları iştirak edib.
Zəfərin şərəfli anlarını əks etdirən videoçarx nümayiş olunarkən zalda qürur, minnətdarlıq və Vətən sevgisi dolu bir ab-hava yaranıb. Tədbir çərçivəsində “156 Evakuasiya Xidməti”nin şəhid əməkdaşı Murad Məmmədovun xatirəsi xüsusi hörmətlə anılıb.
Şirkətlər qrupunun rəhbəri Aqil Zeynalov çıxışında bildirib ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız tarix yazdı:
“44 günün hər anı bir dastan idi. O günlərdə bütün Azərbaycan bir yumruq oldu. Bu Zəfər millətimizin birliyinin, igidliyinin və dövlətimizin qüdrətinin rəmzidir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizin ağrısı bizim ağrımız, onların sevinci bizim sevincimizdir. Onların ailələrinin yanında olmaq bizim üçün sadəcə vəzifə deyil-mənəvi borcdur. Vətənə sevgi xidmətlə sübut olunur və bu xidmət heç vaxt yarımçıq qoyulmur”.
Müharibə dövründə və sonrasında şirkət dövlətin və xalqın yanında olaraq qazilərimizə, şəhid ailələrinə və cəbhə bölgəsinə dəstək istiqamətində ardıcıl fəaliyyət göstərib. Şəhid ailələrini həmişə yanında olmağı sosial məsuliyyət deyil, mənəvi borc kimi qəbul edib.
Qarabağa Böyük Qayıdış çərçivəsində “156 Evakuasiya” və “166 Logistika” öz resurslarını səfərbər edərək köç karvanlarına dəstək göstərib, azad edilmiş ərazilərdə həyatın bərpası və infrastrukturun qurulmasına töhfə verib.
Tədbir Vətən uğrunda canından keçən qəhrəmanlara minnətdarlıq, qazilərə ehtiram və vətənpərvərlik dəyərlərinə sədaqət ruhunda yekunlaşıb.






Son xəbərlər
Son Xəbərlər