Aqşin yeni işi haqqında bunları danışıb: “İlk öncə saytın adından danışmaq istəyirəm. Mənə bir neçə ad təklif olundu ki, içərilərindən seçim edim. Düşündüm ki, Azərbaycanda rəqəmlə başlayan sayt yoxdur, bəlkə də var mən bilmirəm. 1937-ci il XX əsr Azərbaycan ədəbiyyatında, mədəniyyətində hər mənada ən parlaq dövr olub. Bu dövrdə represiyalarla yanaşı, çox gözəl əsərlər ərsəyə gəlib, bəzi ədəbiyyat adamları ölümə məhkum edilsə də, bəziləri bu hadisələrin kənarında qalıb. Heç kim düşünməsin ki, adımız 1937-dirsə, ancaq o dövr haqda yazılar dərc edəcəyik, bu belə deyil. Bizim saytda Azərbaycan və dünya mədəniyyətindən, ədəbiyyatından, incəsənətindən nümunələr öz əksini tapacaq, qalmaqallı mövzulardan, lüt qız şəkillərindən uzaq olacaq, sırf mədəniyyətə xidmət edəcək”.
Daha sonra baş redaktor saytlar arasında gedən reytinq rəqabətindən söhbət açıb: “Bəli, saytlar arasında bu gün reytinq rəqabəti gedir, oxucu yığmaqdan ötrü müxtəlif yollara əl atılır. Lakin biz reytinq üçün qalmaqallara, lüt qız şəkillərinə müraciət etməyəcəyik. Bizim oxucular savadlı, dünyagörüşlü, intellektual təbəqədən ibarət olacaq. Bəlkə bir ay, beş ay, bir il oxucu sayımız az olacaq və biz reytinqdə arxada qalacağıq. Buna baxmayaraq öz yolumuzda irəliləyəcəyik. Bir neçə gündür fəaliyyətə başlamağımıza baxmayaraq, artıq kifayət qədər oxucumuz var, müxtəlif yerlərdən bizə zəng edib minnətdarlıqlarını bildirirlər. Oxucular bizim sayt vasitəsilə dünya mədəniyyətində baş verən bütün yeniliklərlə tanış olacaq. Bunun üçün işçi heyəti də əlindən gələni edir, çalışır ki, oxucu istədiyi məlumatı bizdə tapsın”.
Son xəbərlər
Son Xəbərlər