“3 uşağımın həyatı məhv oldu” - Fotolar

“3 uşağımın həyatı məhv oldu”
Oxunma sayı: 6745

Xəbər verdiyimiz kimi, dekabrın 1-də Goranboy rayonunda yerləşən yaşayış evlərindən birində partlayış baş verib. Araşdırma nəticəsində partlayışa səbəb kimi qaz sızması göstərilib. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Ümid Əhmədov və iki azyaşlı qardaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.  Onlar hazırda Bakıda 5 nömrəli xəstəxanada müalicə alırlar.

Azyaşlıların anası Fərqanə Əhmədova “Qafqazinfo”ya müraciət edərək hadisənin detallarını anladıb:

“Partlayış zamanı mən 3 uşaqla evdə idim. Həyat yoldaşım hərbçidir və növbədə olub. Axşam saat 11 radələrində uşaqları yatmağa hazırlayırdım. Evdə heç bir qaz iyi yox idi. Ona kimi də hər hansı qaz qoxusu hiss olunmayıb. Böyük oğlum hamama girdi, mən də mətbəxdə idim. Bir dəqiqənin içində partlayış oldu. 

Kanalizasiyadan sızan qaz trap vasitəsilə birbaşa hamama dolub və elə əsas partlayış da orada olub. Övladımın bədəninin 70%-i yanıb, 3-cü dərəcə bel yanığı ilə hələ də reanimasiyadadır. Balaca oğlumun birinin başı tamam yanmışdı, digərinin bədənində və əllərində yanıqlar var”. 

Ana bildirib ki, artıq hadisədən 12 gün keçsə də, heç bir aidiyyatı qurum onlarla maraqlanmayıb: “Nə Fövqəladə Hallar Nazirliyindən, nə də “Azəriqaz”dan maraqlanan olub. Sadəcə dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gələn əməkdaşlar dağılan evimizə baxış keçirib. 

Hazırda ev yararsız vəziyyətdədir. Xəstəxanadan bildirilib ki, kiçik uşaqlarımı artıq çıxara bilərəm, ancaq yaşamağa yerimiz olmadığından burada qalırıq. Çıxım hara gedim, bilmirəm. Nə ev var, nə əşya… Çox çarəsizik, bilmirik kimə müraciət edək.

Ancaq qohumların və xəstəxana işçilərinin köməyini alırıq. Başqa heç bir yerdən bizə dəstək, vəziyyətimizi öyrənən yoxdur.

Goranboy regional Qaz İdarəsindən baxış keçirilib, əvvəlcə valideyn səhlənkarlığı rəyi verilmişdi. Mən FHN-in qaynar xəttinə müraciət etdikdən sonra, rayon prokurorluğunun iştirakı ilə təsdiq olundu ki, hadisə qaz idarəsinin səhlənkarlığı, yeraltı qaz sızması nəticəsində baş verib. Onların səhlənkarlığı nəticəsində mənim üç uşağımın həyatı məhv oldu. Mənə heç bir həkim zəmanət vermir ki, böyük oğlum sabah sağalacaq. Həyatımızın məhv olmağında kimin iştirakı varsa, məsuliyyətə cəlb olunsun, cəzalandırılsın!”

Məsələ ilə bağlı “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov “Qafqazinfo”ya açıqlama verib. O, bildirib ki, həmin hadisə ilə bağlı prokurorluq orqanları araşdırma aparır: 

“Məsələ ilə bağlı ekspertiza təyin olunacaq. Ekspertizanın rəyindən asılı olaraq hadisənin hansı səbəbdən baş verdiyi məlum olacaq. Bundan sonra kimin günahkar olması müəyyənləşəcək. Hazırda bu barədə heç nə deyə bilmərik”. 

Günel Hacı





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi