36 il sonra 3 yanvar... - Təsadüf, yoxsa təkərrür?

36-il-sonra-3-yanvar
Oxunma sayı: 7008

ABŞ 3 yanvar tarixində ikinci dəfə bir Latın Amerikası liderini ələ keçirdi.

“Qafqazinfo” xəbər verir ki, 3 yanvar 2026-cı ildə ABŞ Latın Amerikası ölkəsi Venesuelaya müdaxilə edərək, genişmiqyaslı əməliyyat həyata keçirdi.

ABŞ Prezidenti Tramp əməliyyatın uğurla başa çatdığını və Venesuela lideri Nikolas Maduro ilə həyat yoldaşının ələ keçirildiyini açıqladı.

Trampın əmri ilə reallaşan əməliyyat maraqlı bir tarixə təsadüf edir. Düz 36 il əvvəl, yəni 3 yanvar 1990-cı ildə ABŞ başqa bir Latın Amerikası ölkəsində - Panamada oxşar bir əməliyyat həyata keçirmişdi.

Panamanın ovaxtkı lideri Manuel Noryeqa bir vaxtlar ABŞ-nin müttəfiqi və Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olsa da, 1980-ci illərdə ABŞ ilə münasibətləri gərginləşmiş və Vaşinqton tərəfindən narkotik qaçaqmalçılığı ittihamı ilə üzləşmişdi. 1989-cu ildə Panama seçkilərinin etibarsız elan olunması ilə ABŞ ilə Noryeqanın münasibətləri tamamilə pozulmuşdu.

Ovaxtkı ABŞ Prezidenti Corc Buşun əmri ilə həyata keçirilən Panama əməliyyatı zamanı Noryeqa əvvəlcə Vatikan səfirliyində gizləndi, lakin 3 yanvar 1990-cı ildə ABŞ hakimiyyətinə təslim oldu.

Tutulduqdan sonra Noryeqa Mayami şəhərində məhkəməyə çıxarılaraq mühakimə olundu və təxminən 20 il həbsdə qaldı. Daha sonra çirkli pulların yuyulması ittihamı ilə Fransaya göndərildi. 2010-cu ildə isə Panamaya ekstradisiya olunaraq yenidən məhkəmə qarşısına çıxarıldı və həbs edildi. Səhhəti getdikcə pisləşən Noryeqa 2017-ci ildə vəfat etdi.