7 yaşlı oğlu ilə sükan arxasına keçib qəza törətdi - Uşaq öldü - Yenilənib

7-yasli-oglu-ile-sukan-arxasina-kecib-qeza-toretdi
Oxunma sayı: 4414

Oktyabrın 20-si saat 12 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində faciəvi hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəsəbə sakini 1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov yaşadığı evin həyətində avtomobili divara vurub.

Belə ki, o, qucağında 2018-ci il təvəllüdlü oğlu Usamə ilə “BMW” markalı, 77 KV 548 qeydiyyat nişanlı avtomobilə oturub yaşadığı evin həyətində idarə edib. Bu zaman uşaq sürüşərək sürət pedalına sıxılıb. Qəfil sürətlənən avtomobil hasara çırpılaraq dayanıb.

Nəticədə azyaşlı U.Süleymanlı hadisə yerində ölüb. Atası isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 20.10.2025-ci il tarixində saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zabrat ərazisindən təcili çağırış daxil olub. 

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən azyaşlının (kişi cinsli) qapalı kəllə-beyin travması diaqnozu ilə həkim yanında ölüm faktı qeydə alınıb. 

32 yaşlı şəxsə (kişi) isə ilkin tibbi xidmət göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alt çənə sümüyünün sınığı, qabırğa sümüyünün sınığı, üz və baş dərisinin sıyrılmış yaraları diaqnozları təyin edilən pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Aslan Vəliyev