“Rusiya qazının Azərbaycandan keçməklə idxal edilməsini müzakirə edirik” - Şaboyan

rusiya-qazinin-azerbaycandan-kecmekle-idxal-edilmesini-muzakire-edirik
Oxunma sayı: 501

“Ermənistan hökuməti ölkədə yaranmış kəskin yanacaq qıtlığını aradan qaldırmaq üçün Rusiyadan maye qazın Azərbaycan ərazisindən keçməklə idxal edilməsi variantını nəzərdən keçirir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkə maye qaz idxalında ciddi problemlərlə üzləşib:

“Əsas idxal mənbələri olan İran və Rusiya istiqamətlərində yaranmış maneələr bazarda həm qıtlığa, həm də qiymət artımına səbəb olub. İranda daxili vəziyyətlə bağlı yaranmış məlum problemlər və Rusiyadan gələn magistral yolun (Yuxarı Lars) hava şəraitinə görə tez-tez bağlanması alternativ yolları gündəmə gətirib. Problemin həlli kimi Rusiya maye qazının Azərbaycan ərazisindən dəmiryolu vasitəsilə Ermənistana gətirilməsi müzakirə olunur”.

Nazirlik rəsmisi prosesin nə vaxt başlayacağı ilə bağlı konkret tarix açıqlamasa da, bunun “çox tezliklə” reallaşacağını qeyd edib.

Xatırladaq ki, son günlər Ermənistanda maye qazın qiymətində kəskin artım müşahidə olunur və yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.