700 bal toplayan qız prezidentin qarşısında çıxış etdi

700-bal-toplayan-qiz-prezidentin-qarsisinda-cixis-etdi
Oxunma sayı: 7803

Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədova Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edib.

"Qafqazinfo" tələbənin çıxışını təqdim edir:

"Mən əslən Qarabağdanam, Cocuq Mərcanlı kəndindənəm. Köçkün ailəsində böyümüşəm, qaçqın məktəbində oxumuşam. Yaranan şəraitdən asılı olaraq, ailəmlə birlikdə Bakıya köçmək məcburiyyətində qalmışdıq. Lakin indi Siz bizə bizim kəndimizi qaytardınız, evimizi, məktəbimizi qaytardınız. Ən əsası Qarabağa qayıtmaq ümidimizi bir daha gücləndirdiniz. Bütün dünyaya sübut olundu ki, Sizin rəhbərliyinizlə Qarabağ işğaldan azad olunacaq. Qarabağ bizimdir, bizim olacaq.

Uşaqlıqdan ən böyük arzum neftçi olmaq, SOCAR ailəsinə qoşulmaqdır. Buna nail olmaq üçün gecə-gündüz oxumuşam, elə gecələr olub ki, yuxusuz qalmışam. Həyəcanlı anlar yaşamışam. Həyatımın ən böyük arzularında olan Bakı Ali Neft Məktəbinə qəbul olunmaq üçün bu il qəbul imtahanlarında maksimum 700 balı toplamışam, 17 yaşımda Sizin sərəncamınızla Prezident təqaüdünə layiq görülmüşəm. İndi isə hazırda Sizin yaratdığınız və mayın 1-də açılışını etdiyiniz, ən müasir laboratoriyalarla təchiz edilmiş, dünyanın nüfuzlu universitetlərindən geri qalmayan, universitet şəhərciyinə malik Bakı Ali Neft Məktəbində təhsilimi davam etdirirəm. Budur neft kapitanının insan kapitanına çevrilməsi. Qəhrəman, fədakar neftçi ata və qardaşlarımız, neftçi peşəsi dünyada azərbaycanlıların milli peşəsi kimi qəbul olunur. Babalarımız çətin dövrdə yaşayıb, işləyiblər, neft sənayesinin təməlini qoyublar. Atalarımız böyük yeniliklərə imza atıblar.

Sizi əmin edirik ki bizim nəsil, gələcək nəsil bu böyük şanlı yolu ləyaqətlə davam etdirəcək. Azərbaycanın neft sənayesinin inkişafı yolunda üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik. Bunun üçün yüksək təhsil almalı, ali məktəbimizdə bizə yaradılan bu gözəl şəraitdən, savadlı müəllimlərimizdən, yüksək səviyyədə təşkil olunan istehsalat təcrübəsindən yararlanıb bu inamı doğrultmalıyıq.

1971-ci ildə bir milyard ton neftin çıxarılması qeyd olunub. Bu gün isə biz 2 milyard ton neftin çıxarılmasını qeyd edirik. Bizim və gələcək nəslin vəzifəsi isə 3 milyard ton neftin çıxarılmasıdır. Əmin edirəm ki, biz bu vəzifənin öhdəsindən ləyaqətlə gələcəyik".