Zaur Axundovun klubundan FİFA-ya şikayət etdi

zaur-axundovun-klubundan-fifa-ya-sikayet-etdi
Oxunma sayı: 756

“Araz-Naxçıvan”dan anlaşılmaz şəkildə ayrılan belçikalı Əyyub Allaş qalmaqallı açıqlamalar verib. Zədə üzündən heyətdən kənarda qalan, daha sonra komandadan göndərilən yarımmüdafiəçi şikayət edib.

“Qafqazinfo” xəbər verir ki, Allaş Futbolinfo.az saytına açıqlamasında Naxçıvan klubunda bərbad münasibətlə üzləşdiyini bildirib:

“Araz-Naxçıvan” tərəfindən mənə göstərilən münasibətə görə dərin təəssüf hissi keçirirəm. Maaşım tam ödənilmədi, uçuş xərclərimi özüm qarşıladım və olduqca yüksək tibbi xərcləri, o cümlədən əməliyyatı da özüm ödəməli oldum – halbuki bu, heç vaxt belə olmamalıdır. Zədələndikdən sonra heyətdən kənarlaşdırıldım. Sağaldıqdan sonra isə peşəkar müqaviləm olmasına baxmayaraq, komandaya yenidən qoşulmaq üçün pul ödəməli olduğum bildirildi. Daha da qəribəsi odur ki, bəzən sadəcə yemək üçün mənə kiçik məbləğdə nağd pul verilirdi. Bu isə tamamilə anormal bir haldır”.

Əyyub haqqını qorumaq üçün addımlar atıb: “Bütün bunlar çox üzücüdür, xüsusilə də Azərbaycanı öz evim kimi hiss etdiyim və AFFA-ya, eləcə də ölkəyə güvəndiyim bir vaxtda. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq”.

Allaş FIFA-ya şikayət etdiyini də sözlərinə əlavə edib: “Ali futbol qurumuna şikayət etmişəm. FIFA-nın operativ şəkildə addım atacağına inanıram ki, mən də yoluma davam edə bilim və nəhayət haqqım olanı alım”.

Yarımmüdafiəçi ev dustaqlığına məhkum edilən klubun sahibi Zaur Axundovla danışmadığını da deyib: “Düşünürəm ki, onun mənim problemimdən xəbəri yoxdur. Axundovun rəhbərliyi altında işləyən insanlar bunları edirlər”.