Sabirabadda ağacəkmə aksiyası keçirildi - Fotolar

sabirabadda-agacekme-aksiyasi-kecirildi
Oxunma sayı: 301

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi respublikamızın hər yerində olduğu kimi Sabirabad rayonunda da böyük ruh yüksəkliyi ilə qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, bu mühüm sənəddən irəli gələn vəzifələrin icrası məqsədilə Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri uğurla davam etdirilir. Belə ki, fevralın 24-ü Sabirabad RİH-nin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində yol kənarında ağacəkmə aksiyası keçirilib.

Aksiyada Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivi, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və iştirakçıları, eləcə də rayon ictimaiyyətinin və gənclərin nümayəndələri iştirak ediblər.

Təşkil olunan ağacəkmə aksiyası çərçivəsində magistral yolun kənarında 1,8 hektar ərazini əhatə edən sahədə 2500-dən çox müxtəlif növdə dekorativ və meyvə ağaclarından (alyandra, evkalipt, xan çinarı, zeytun, nar) ibarət yaşıllıq zolağı salınıb. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sabirabad rayonunda yaşıllaşdırma və abadlıq işləri il boyu davam etdiriləcək.