798 Polis əməkdaşı cəzalandırılıb

798-polis-emekdasi-cezalandirilib
Oxunma sayı: 645


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı “Qafqazinfo”ya verilən məlumata görə, nazir ATƏT ilə rəhbərlik etdiyi qurum arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirərək qeyd edib ki, digər hüquq-mühafizə orqanları kimi, respublikada təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədilə həmin qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Bakı ofisi və bir sıra ölkələrdə yerləşən missiyaları ilə sıx əməkdaşlıq əlaqələri yaranıb. Son illər ATƏT-in təşkilatçılığı ilə keçirilən müxtəlif tədbirlərdə nazirliyin 2 min nəfərdən çox əməkdaşı iştirak edib.

Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı qısa məlumat verib, Azərbaycanda polis fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra mötəbər beynəlxalq təşkilatların, o cümlədən ATƏT ekspertlərinin rəyləri nəzərə alınmaqla hazırlanmış zəruri normiativ-hüquqi bazadan, həyata keçirilmiş islahatlardan danışıb.

Ramil Usubov DİN rəhbərliyi tərəfindən qanunçuluğa, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına ciddi nəzarət edildiyini, vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə təkcə son üç il yarım ərzində 798 əməkdaşın cəzalandırıldığını diqqətə çatdırıb.

Koray Torqay ATƏT-in Bakı ofisi ilə Daxili İşlər Nazirliyi arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrdə praktik nəticə və səmərə verdiyini, uğurlu əməkdaşlığın gündən-günə inkişaf etdiyini, təmsil etdiyi qurumun polis fəaliyyətinin təkmilləşdirilməsində hər zaman maraqlı olduğunu və bu prosesə bundan sonra da yardımçı olacağını vurğulayıb.