9 il həbsdə günahsız yatmışdı... - Aydın Qəhrəmanov nə qədər təzminat alacaq?

9-il-hebsde-gunahsiz-yatmisdi
Oxunma sayı: 13824

Ötən həftə Azərbaycanda, hətta dünya məhkəmə-hüquq sitemində nadir halda baş verən hadisələrdən biri qeydə alındı.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda ömürlük həbs cəzası almış məhkum 9 ildən sonra bəraət aldı. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıldı.

Məlumat üçün bildirək ki, 2013-cü ildə Bakıda Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın dərmandan zəhərlənərək ölmələri barəsində prokurorluğa məlumat daxil olub. Əvvəlcə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Aydın Qəhrəmanov təqsirləndirilən şəxs kimi tutulub. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Uzun çəkən məhkəmə və ekspertizalardan sonra şəxsə bəraət verilib. 53 yaşında tutulan A.Qəhrəmanov 62 yaşında məhkəmə zalından azadlığa buraxılıb.

Vaxtilə Türkiyə həbsxanalarının birində məhkumlar divara belə bir şüar yazmışdı: “Dünyada sadəcə ölülər ölmüş sayılmır, azadlığı olmayanlar da ölüdür”. 9 il “ölü” kimi yaşamaq, özü də bu müddəti dörd divar arasında günahsız keçirmək dəli olmağa səbəb ola bilər. Maraqlıdır ki, dünyada nadir yaşanan bu təcrübədə məhkumun həyatından “oğurlanmış” illərin qarşılığı nə olur və ya nə olmaldır?

Məsələ ilə bağlı ilk olaraq Aydın Qəhrəmanovun vəkili Tərlan Azayevlə danışdıq. Hüquq müdafiəçisi T.Azayev bildirib ki, müvəkkili ilə bağlı tezliklə kompensasiya üçün müraciət edəcəklər: “Bunu dövlət, prokurorluq, qanunsuz hökm çıxaran hakimlər, yoxsa kim ödəməlidir bilmirəm. Amma istənilən halda məhkəmə qaydasında mülki iddia qaldıracağıq. 10 ilə yaxın bu insan günahsız yerə yatıb, çox şey itirib. Bununla bağlı son qanunvericiliyi dəqiq araşdırmalıyıq”.

Fotoda: Aydın Qəhrəmanov

Aydın Qəhrəmanov özü isə hələ ki kompensasiya haqqında yox, sağlamlığında yaranmış problemlərin həlli haqqında düşündüyünü bildirir: “Hadisə zamanı məndən xahiş etmişdilər ki, dərman alım gətirim, mən də alıb apardım. Aptekdə satılan dərman idi. Zəhərlənmə effekti verməyən, epilepsiyada ötrü olan dərman idi. 5 il mən zərərçəkmiş kimi tanındım. Müstəntiq dəyişiləndən sonra ehtimallarla ölümü mənim üstümə qoydular, həbs olundum. Şükürlər olsun ki, mənim günahsız olduğum sübuta yetirildi və mənə bəraət verildi. Haqq ədalət yerini tapdı”.

Cinayət-Prosessual Məcəlləsinin 58-ci maddəsində konkret olaraq bəraət qazanan şəxsə vurulmuş ziyana görə kompensasiyanın detalları göstərilib. Müddəanın tələblərinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan aşağıdakı görə məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

- Şəxsin məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;

- müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;

- ödənilmiş məhkəmə xərcləri, müdafiəçiyə ödənilmiş pul məbləği, hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.

Vaxtilə Milli Təhlükəsizlik orqanlarında məsul vəzifələrdə çalışmış, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olan Telman Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Cinayət Prosessual Qanunvericiliyində kompensasiya məsələsi nəzərdə tutulub: “Bununla bağlı qanunvericilikdə 9 maddədən ibarət ayrıca bir fəsil var. Günahsız yerə həbs olunmuş şəxs bərəat hökmü alandan sonra müvafiq instansiyalara müraciət edib kompensasiya ala bilər. Düzdür, Cinayət Prosessual Məcəlləsində bununl bağlı konkret məbləğ yoxdur. Lakin aydın şəkildə göstərilib ki, bəraət almış şəxs həbsdə olduğu müddətdə əmək haqqından, pensiyasından, digər gəlirlərindən məhrum olubsa, onu tələb edə bilər. Yaxud tutaq ki, hökmə əsasən, onun əmlakı müsadirə olunubsa, ziyanı tələb etmək hüququna malikdir. Və ya məhkəmə xərclərini, vəkilə ödədiyi pulu dövlətdən tələb etmək hüququ var. Bu zaman mülki iddiada cavadeh kimi dövlət göstərilir və ödənişi Maliyyə Nazirliyi həyata keçirir”.

Telman Hüseynov bildirir ki, ümumiyyətlə Azərbaycan məhkəmələrdə bəraət hökmü təcrübəsi heç də az hallarda baş vermir: “Bu həm birinci instansiyada, həm apellyasiya, həm kassasiya instansiyalarında ola bilir. Düzdür, ömürlük məhkuma bəraət verilməsi tez-tez rastlaşdığımız hal deyil. Lakin mənim öz  təcrübəmdə də olub ki, istintaq orqanı tərəfindən şəxsə ittiham verilib, lakin məhkəmədə aydın olub ki, onun əməlində cinayət tərkibi yoxdur. Bu və digər əsaslarla ona bəraət verilib. Bəzən Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham hökmü çıxarır, lakin Bakı Apellyasiya Məhkəməsi hesab edir ki, hökm əsaslı deyil, şəxsə bəraət verilir".

Fotoda: Telman Hüseynov

Mövzu ilə əlaqədar danışan Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) kompensasiya alınması məsələləri üzrə ixtisaslaşmış hüquq müdafiəçisi Əsabəli Mustafayev “Qafqazinfo”ya deyib ki, məhkəmələr çalışmalıdırlar ki, hər bir şəxsə hesablanmış bəraətə görə eyni yanaşmanı göstərsin: “Hansı vətəndaşdan soruşsan, səni 1 ildə həbsdə saxlasalar, nə qədər kompensasiya istəyərsən? 1 milyondan aşağı məbləğ deyən olmayacaq. Çünki azadlıq həqiqətən şirin nemətdir və onun qədrini azadlıqdan məhrum edilmiş şəxslər bilir. Düşünürəm ki, Azərbaycanda olan təzminat məbləğləri çox aşağıdır. Nəzərə almalıyıq ki, böyük məbləğlər məhkəmələri də səhv qərarlardan çəkindirir. Hazırki məbləğlər azı üç dəfə artırılmalıdır. Amerikada, Avropada kompensasiya məbləğləri çox-çox yüksəkdir.

Məsələn, REAL Partiyasının sədri İlqar Məmmədov bəraət alarkən, ona 234 min manat kompensasiya ödənilməsinə qərar verildi. Bu Azərbaycanda ən yüksək kompensasiya məbləğlərindən biridir. Amma mən hesab edirəm ki, İlqar Məmmədova ödənilən kompensasiya azdır. Bu insanın həyatından 5 il gedir, ailəsindən, ictimai mühitdən, əmək fəaliyyətindən məhrum olur. Uzun müddət dərin psixoloji gərginlikdə yaşayırsan”.

Ə.Mustafayevin sözlərinə görə, əgər Ali Məhkəmə Aydın Qəhrəmanova bəraət verərkən kompensasiya təyin etməyibsə, bu zaman yerli məhkəməyə müraciət etmək lazımdır: “Bəzən məhkəmələr bəraət verərkən, qərarda kompensasiya məsələsini də aydınlaşdırır. Amma bəzən də yalnız bəraət hökmü ilə kifayətlənir. Bu halda həmin şəxs sonradan ayrıca mülki iddia qaldırır və dəymiş maddi-mənəvi ziyanın əvəzində ödənilməsini tələb edir. Lakin burada iddianı kimə qarşı qaldırmaq lazımdır, bax bu sual doğurur. Çünki məhkəmələr heç vaxt kompensasiya ödəmir. Onların büdcəsində bunun üçün xərc də nəzərdə tutulmur. Bu halda istintaqı aparmış orqana qarşı iddia qaldırıb, maraqlı şəxs kimi Maliyyə Nazirliyini göstərmək olar. Amma istintaq orqanı da deyə bilər ki, mən hökm vermirəm, ittiham verirəm. Ona görə qanunda bu barədə qeyri-müəyyənlik var, bu, aradan qaldırılmalıdır. Bəraət aldıqdan sonra kompensasiyanı kimdən tələb etmək lazımdır? Bunu bilməliyik”.

Fotoda: Əsabəli Mustafayev

Məsələ ilə bağlı Ədliyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin Qanunvericilik Baş İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, Cinayət-Prosessual Məcəlləsinə (CPM) görə, cinayət prosesinin gedişində bəraət almış şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir: “Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bəraət almış şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddi ziyan hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan qanunvericiliklə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

Bəraət almış şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı və s. ilə bağlı kompensasiya verilməlidir. Həmin şəxslərin əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq, azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək və digər hüquqlarının bərpası təsbit edilib.

Vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunla həyata keçirilir. Belə ki, həmin orqanların və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilib”.

Bəs dünyada məsələyə yanaşma necədir? Dünya təcrübəsinə baxanda bəraət almış şəxslərin komensasiya qismində ciddi məbləğlər aldığını görürük. Məsələn, 1982-ci ildə ABŞ-da baş vermiş yanğında bir nəfər ölmüş, yanğının başlamasında təqsirli bilinən Valter Forbes ömürlük həbsə məhkum edilmişdi. Lakin 38 il sonra onun günahsızlığı sübuta yetirilərək bəraət almışdı. Hadisənin yeganə şahidi ifadəsində yalan danışdığını etiraf etdikdən sonra o, azadlığa buraxılmışdı. Forbes dövlətdən 2 milyon dollar təzminat almışdı. Amma bu rəqəm ABŞ-da ştatlara görə dəyişir. Məsələn Miçiqan ştatında bir il günahsız həbsdə yatmağa görə 50 min dollar təzminat verilir.

Bundan başqa, Kaliforniyada 39 il günahsız həbsdə qalan Kreyq Koliniyə (iki nəfəri öldürməkdə təqsirli bilinirdi) 5 milyon dollar təzminat ödənilib.

Türkiyədə isə bir hərbçi 1981-ci ildəki hərbi çevrilişdə günahkar bilinərək həbs edilmiş, 6 ilə yaxın həbsdə saxlanılmışdı. 39 il sonra 2020-ci ildə o, günahsız olduğunu sübuta yetirmişdi və işə bəraətverici əsaslarla xitam verilmişdi. Həmin şəxsin aldığı kompensasiyanın məbləği faizlərlə birlikdə 2 milyon lirə (dövrün məzənnəsi ilə 285 min dollar) olmuşdu.

Qeyd edək ki, hazırda AİHM-in qərarlarında standart olaraq 1 aylıq günahsız həbsdə yatmağa görə 1000 avro mənəvi təzminat nəzərdə tutulub. Ölçü kimi bu rəqəmi götürsək, Aydın Qəhrəmanov təxminən 200 min manat təzminat almalıdır. Lakin bu, sadəcə mənəvi təzminat hissəsidir. Maddi zərərə görə də, əlavə olaraq məbləğ tələb etmək mümkündür. Çünki həbsdə olan zaman şəxs işini və dolayı yolla bütün gəlirlərini də itirmiş olur. Onu da əlavə edək ki, Avropa və Amerikada yerli məhkəmələrin təzminat məbləğləri bundan qat-qat üstündür.

Amin Nəzərli