Bu yazını Amadey Motsartın 20 nömrəli konsertini dinləyə-dinləyə yazıram. Rostropoviç adına V Beynəlxalq Musiqi Festivalı. Bakı, 2011. Solist Murad Adıgözəlzadə...
Həyat kimi təlatümlü orkestr ifası və bu yırğalanan gəmidəki təşvişin içində insanın daxili səsi – piano.
Təəssüf, bəzən bu təlatümlər içində insanın kirpikləri, qaşları, saçı ağ bayraq qaldırmağa çalışır. Xalq artisti Murad Adıgözəlzadənin ötən gün gördüyümüz fotosu kimi.
Uğurları kimi səhhətini də bayraq eləməyən sənətkarı yalnız dünən ağır xəstəliklə döyüşmüş vəziyyətdə gördük. Döyüşdə saçlarını, kirpiklərini itirən bir qəhrəman.
Prezidentin köməkçisi Anar Ələkbərovun paylaşdığı foto bizi nə qədər diksindirsə də, Murad Adıgözəlzadənin xəstəliyinə qarşı dövlətin də vuruşacağını bilmək bu piano stulu kimi arxasız dünyaya tutunmaq üçün ciddi səbəbdir.
Murad bəyin bioqrafiyası o qədər zəngindir ki, musiqidən azca anlayışı olan bir adam bu uğurlarla tanış olduqda başı gicəllənir. O isə bir pianoçunun həyati hədəflərini gündəlik peşəyə çevirib. Dünyanın nəhəng mədəniyyət arenaları Murad Adıgözəlzadənin iş yeridir – o gəlir, təzim edir, sakitcə banketkanı altına çəkir və tamaşa başlayır...
Həsrətlə baxan tamaşaçı gözləri, dirijorların belə heyrətlə göz atdığı əllər, cıdır düzündə çapan atlar kimi hövlnak barmaqlar...
Bir neçə il əvvəl Xalq artistinin Şuşada verdiyi müsahibəyə baxmışdım. Deyirdi ki, uşaqlıqda Şuşada yaşadığım bir xatirə uzun illər mənə kömək olub. Atam, anam və məni UAZ maşınında gəzdirən Bilal adlı sürücü valideynlərim getdikdən sonra çantasından iki soyutma kartof çıxartdı. Dedi, yoldaşım bişirib, biri sənin olsun, biri mənim. Sonra folqaya bükülmüş duzu ortaya qoydu. Kartofları duzlayıb yedik.
Şuşasız illər ərzində mənim soyuducumda həmişə soyutma kartof olub, hər dəfə Şuşanı xatırlayanda soyutma kartofu duzlayıb yeyirdim, gözlərimi yumub ağlayırdım.
Murad Adıgözəlzadə ifa edən zaman bəzən əllərini pianodan elə çəkir, sanki bir də o barmaqlar dillərə toxunmayacaq.
Həyat doğrudan da elə Motsartın əsəri kimidir: bitdiyini düşündüyün an yenidən daha böyük təlatüm və həyəcanla başlayır. Səni tamam ayrı sahillərə aparır. Bu sahildən o sahilə. Həyatın özü də bu sahildən o sahilə gedən yoldur.
Bəzən insanı bir kartof yaşadır - iyirmi səkkiz il! Bunu ən yaxşı siz bilirsiniz, maestro. Əmin olun, tezliklə böyük səhnələrdə yenə də uzun-uzun alqışlanacaqsınız, skripkaçılar sizin üçün kamanlarını not stendinə vurub tıqqıldadacaq və təvazökar simanızı hansı tərəfə çevirməli olduğunuzu düşünə-düşünə tərinizi siləcəksiniz.
Tələsməyin, Murad bəy.
Sərdar Amin
Xüsusi olaraq “Qafqazinfo” üçün
Son xəbərlər
Son Xəbərlər