“ABŞ öz problemləri ilə məşğul olsun” - Rusiya XİN

abs-oz-problemleri-ile-mesgul-olsun
Oxunma sayı: 3585

 “ABŞ özünün daxili problemləri ilə məşğul olmalı və digər dövlətlərin daxili işlərinə qarışmağı dayandırmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Moskvadakı səfirliyinin aksiyalarla bağlı bəyanatına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin “Facebook” səhifəsində yazılıb.

Diplomatik xidmət ABŞ səfirliyinin 6 yanvarda Vaşinqtonda təşkil olunan nümayişlərə və Kapitoliyə basqın cəhdlərinə heç bir şəkildə reaksiya vermədiyini, həmçinin, baş verən qətl və həbsləri qınamadığını xatırladıb.

“İkiüzlülük – Amerika diplomatiyasının xüsusilə COVİD epidemiyası dövründə təhlükəli hala gələn bir vasitəsidir. Öz problemlərinizlə məşğul olun və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırın”, - deyə Rusiya XİN-in açıqlamasında yazılıb.

Nazirlik bildirib ki, Moskvada aksiyalarda 40 min nəfərin iştirak etməsi barədə Qərb KİV-nin yazdığı məlumat da “feyk”dir.

Xatırladaq ki, Amerikanın diplomatik nümayəndəliyi Rusiyadakı aksiyalar barədə paylaşım edərək “38 şəhərdə etiraz aksiyalarına dair xəbərlər”i izlədiyini bildirmişdi. Səfirlik insanların dinc nümayiş və ifadə azadlığına dəstək verdiyini qeyd etmiş, Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşlarının gördüyü tədbirlərin bu hüquqların “boğulmasına” yönəldiyini bildirmişdi.