Ağ örpəyin gizlətdiyi qara yazı... – Fotolar

ag-orpeyin-gizletdiyi-qara-yazi-fotolar-
Oxunma sayı: 860

“Pakistanda başıma bir şey gələrsə, cavabdeh Pərviz Müşərrəfdir” - bu sözləri ölümündən əvvəl amerikalı teleaparıcı Mark Şegelə göndərdiyi elektron məktubda yazmışdı... Lakin ona edilən sui-qəsdi “Əl-Qaidə” öz üzərinə götürdü. Dubayda səkkiz illik sürgün həyatından sonra 2007-ci il oktyabrın 18-də yenidən Pakistana dönən Bənəzir Bhuttoya “Əl-Qaidə”nin sui-qəsd hazırladığı barədə Pərviz Müşərrəf xəbərdarlıq etmişdi. Təəssüf ki, Bhutto həmin xəbərdarlığa əhəmiyyət vermədi... Beləliklə gözlənilənlər baş verdi: 27 dekabr 2007-ci ildə 54 yaşında Pakistanın Ravalpindi şəhərində seçki mitinqində çıxış edərkən sui-qəsdlə öldürüldü...

***
1953-cü ildə bhuttolar ailəsində çəlimsiz, qarayanız qız uşağı dünyaya gəldi. Kimsənin ağlına gəlməzdi ki, bu balaca sısqa körpə vaxt gələcək, tarixdə, müsəlman dünyasında ilk qadın baş nazir kimi qalacaq, adı məşhur qadınlarla bir sırada çəkiləcək...

Pakistanın baş naziri olmuş Zülfüqar Əli Bhuttonun “Bənəzir”-“misli bərabəri olmayan” adı verdiyi qızı ideal qadın obrazı kimi həqiqətən də misilsiz olacaqdı; müsəlman dünyasında seviləcəkdi, ölkəsini dünyaya tanıdacaqdı...

15 yaşında Kəraçidə orta məktəb məzunu olan Bənəzir, İngiltərənin Harvard və Oksford universitetlərində təhsil alır. Çoxlarına kənardan xoşbəxt təsir bağışlayan gənc Bənəzir, əslində keşməkeşli həyat yaşayır, ağır itkilərlə üzləşir. Gənc yaşlarında atası haqda çıxarılan edam hökmü onun həyatının tempini tamamilə dəyişir, yaddaşında dərin iz buraxır. Atasının ölümündən sonra anası ilə birlikdə sürgün və ev dustaqlığı həyatını yaşayan Bənəzir atasının yaratdığı Pakistan Xalq Partiyasının lideri olur. 27 iyul 1985-ci ildə qardaşı Şahnavaz Bhutto 27 yaşında Fransada müəmmalı şəkildə dünyasını dəyişir. Onun dərman içərək intihar etdiyi deyilsə də, sui-qəsd nəticəsində öldürüldüyü haqda da xəbərlər dolaşır.

Gecikən məhəbbət

Ard-arda iki ağır itki ilə üzləşməsi artıq siyasət meydanına atılmış Bənəzirin şəxsi həyatına da öz təsirini göstərir. Ailə qurmaq yaşı çoxdan çatsa da ona edilən evlilik təkliflərini dəyərləndirməməyi və ailəsindəki itkilər səbəbindən evlənməyi ləngiyən Bənəzirin şəxsi həyatı jurnalistlərin diqqətindən yayınmır. Məlumdur ki, müsəlman adətlərinə uyğun olaraq, ailədə rəhmətə gedən adamın ölümündən bir il ötməmiş, toy-nişan etmirlər. Özü müsahibələrində gec evlənməsini həmin adətlə əlaqələndirir. Yaxın qohumlarının, ailə üzvlərinin təkidindən sonra evlilik haqda düşünməyə başlayır. Fransada olan zaman anası, iri torpaq sahibi Zərdarilər ailəsinin oğlu Asifin evlənmək təklifini qızına çatdırır. Bənəzirin xalası Manna, Asiflə maraqlanmağa başlayır. Asif hərbi məktəbdə oxumuş, London İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzində təhsil almış, daşınmaz əmlak alqı-satqısı, kənd təsərrüfatı ilə məşğul olan biri və tikinti şirkəti sahibi kimi tanınırdı. Aktiv siyasi fəaliyyətlə məşğul olan bir qadın üçün normal şəxsi həyatın da vacibliyini başa düşən xanım Bhutto, qardaşının matəm hüznündən çıxandan sonra qərarını verir...

Onun Asiflə nişanlanması xəbəri gündəmi əməllicə məşğul edir. “Biz nişanlanarkən belə bir-birimizi sevmirdik. Anam mənə təsir edirdi ki, məhəbbət sonra da yarana bilər. Asiflə bizim sadəcə, ruhi və mənəvi bağlılığımız vardı. Zaman keçdikcə mən, bağlılığın məhəbbətdən daha güclü olduğunu anladım” - deyirdi siyasətçi xanım. 1987-ci ilin dekabrında nikahları rəsmiləşir və o, Asif Əli Zərdari ilə dünya evinə qədəm qoyur. Bənəzir Bhutto çox sadə qadın olub. Onların adətinə görə, toydan bir həftə, on gün əvvəl gəlin sarı rəngdə paltar geyinməli, kosmetikadan istifadə etməməli, evdən bayıra çıxmamalıdır. Toyda isə istədiyi kimi bəzənə, zinət əşyaları taxa bilər. Xüsusən qızıl bilərziklər nəzərə çarpmalıdır. Bənəzir Bhutto ənənələrin əksinə gedərək, qızıl-zinət əşyalarından tamamilə imtina edir. Özü bu hərəkətinə belə aydınlıq gətirir: “Bəzək əşyaları iş zamanı mənə mane olur. İşə gedəndə brilyant boyunbağı taxarlar? Qızıl bilərziklərdən də imtina elədim. Üzərimdəki zinət əşyalarının az hissəsi qızıl, qalanları isə adi şüşədən idi. Hər kəsə nümunə olmaq istədim. İstədim bütün valideynlər desin ki, əgər Bənəzir özü şüşə bilərzik taxırsa, deməli, mənim qızım da taxa bilər”.

Bu evlilikdən onların Bilaval, Bəxtiyar və Asifə adlı üç övladı dünyaya gəlir. Şərqli ailəsində aldığı tərbiyə Bənəzir Bhuttonun qurduğu ailədə də özünü göstərir. O, əri üçün sadiq qadın, həyat yoldaşı, uşaqları üçün isə qayğıkeş ana olur. Nə qədər özünü siyasətə həsr etsə də, ailəsi haqda həmişə “Mən evimdə ərimin arvadı, uşaqlarımın anasıyam”,-deyir.

“100 qadın”dan biri...
O, qadın kimi qurduğu ailəsində nə qədər xoşbəxt olsa da həyatını həsr etdiyi xalqının yolunda apardığı mübarizədə bir o qədər çətin günlər yaşadı... Hətta bu yolda həyatını da itirdi...

İlk dəfə 1988-ci ildə keçirilən seçkilərdə qələbə qazanaraq baş nazir seçilən Bhutto, 1 il səkkiz aydan sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq xan tərəfindən vəzifəsindən uzaqlaşdırılır. Qeyd etdiyimiz kimi, müsəlman dünyası tarixində ilk baş nazir qadın kimi yadda qalan Bənəzir Bhutto, 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilir. Üç ildən sonra isə siyasi qalmaqallar nəticəsində yenidən tutduğu postdan uzaqlaşdırılır. 1996-cı ildə ailəsində üçüncü faciə yaşanır. Digər qrdaşı Murtəza Bhutto qətlə yetirilir...

Artıq bütün dünyanın tanıdığı siyasətçi xanım “Forb” jurnalının tərtib etdiyi “Siyasətdə ən güclü 100 qadın”ın siyahısına düşə bilməsə də, dərginin qadın siyasətçilərə aid bölməsində yer alan məqalədə belə bir cümlə qeyd olunur: “Hindistan subkontinentində başqa bir qadın tezliklə geri qayıda bilər: Pakistanın keçmiş baş naziri Bənəzir Bhutto.”
Müxalifətçi Xalq Partiyasının lideri Bənəzir Bhutto 2007-ci il, dekabrın 24-də keçirilən mitinqdə tərəfdarları qarşısında çıxış edir. Tərəfdarları tərəfindən göstərilən isti münasibət, sevgi qadının ürəyini riqqətə gətirir. Lakin... bu, çox çəkmir. Bu sevginin hərarəti ürəyini isitməyə macal tapmır. Kamikadze, ərazini mühasirəyə almış polis qarovul xəttini yararaq Bhuttoya yaxınlaşmaq istəyir. Asayiş keşikçiləri onun qarşısını almağa çalışsalar da, kamikadze, Bhuttonun kortejinə əyləşərək ərazini tərk etməsinə imkan vermir... Onun törətdiyi partlayış, Bənəzir Bhutto ilə birlikdə 50-dən artıq insanın həyatına son qoyur. Ağır yaralanan Bhutto, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyi səmərəsiz qalır. Yerli vaxtla saat 10-da sabiq dövlət başçısı dünyasını dəyişir...

***
Uzun illər siyasi mühacir həyatı yaşayan Bhutto, Pakistana döndüyü zaman da ona qarşı sui-qəsd cəhdi olmuşdu və 140 nəfərin ölümü ilə nəticələnən partlayış zamanı o, xəsarət almamışdı. Mərhum siyasi xadimin böyük nüfuza sahib olması müşahidəçilərin həmin seçkidə məhz Bhuttonun rəhbərlik etdiyi partiyanın qələbə qazanacağını düşünməyə əsas verirdi. Lakin bu, baş vermədi... Beləcə, daha bir qadın adını tarixə qızıl hərflərlə yazdı. Çoxlarının sevimlisi olan, idealına çevrilən Bənəzir Bhutto ləyaqətli, mübariz siyasətçi, nümunəvi həyat yoldaşı, ana və bir də... ağ örpəyi ilə yaddaşlarda qaldı. Alnının qara yazısını ömrünün 54-cü ilində gizlədə bilməyən ağ örpəyi ilə...
Xuraman Hüseynzadə