“Ağa Musa hönkür-hönkür ağlayırmış...” – Son nəfəs

aga-musa-honkur-honkur-aglayirmis-son-nefes
Oxunma sayı: 782


Gecə öz qara örpəyini şəhərin üzərinə çəkməkdə idi. Adda-budda bir-iki evdən süzülən işıq işıldaböcək kimi gecənin köksünü dəlirdi. Şəhər əhalisinin çoxu şirin-şirin yuxudaydı.
Qəzet redaktoru Səmra təzəcə yuxuya getmişdi ki, çarpayısının böyründəki telefonun cingiltili səsi qulağını dəlməyə başladı. Yerində qurcalansa da, gözlərini aça bilmədi, ona elə gəldi ki, yuxu görür.
Telefon isə susmaq bilmirdi...

Axır ki,daş kimi sallanan göz qapaqlarını birtəhər qaldırdı. Baxdı ki, yox, bu, yuxu deyil, masanın üstündəki telefon özünü didib-tökür. Gecə lampasının zəif işığında üzbəüz asılmış divar saatına baxdı: 4-ün yarısına az qalırdı. “Allah xeyir eləsin!” Qaşlarını çatdı. “Bu vaxt kim olar? ”

Həyəcanla əlini telefona uzatdı. Amma dəstəyi qaldırmağa qüvvəsi çatmadı. Gecə zəngindən yaman qorxurdu. Neçə il qabaq canından çox sevdiyi anasının ölüm xəbərini ona gecə zəngi ilə xəbər vermişdilər. Dünyası alt-üst olmuşdu Səmranın. Ona elə gəlmişdi ki, kimsə iri, kobud əlləri ilə ürəyini çıxarıb ovcuna qoymuşdu.
Süd rəngli telefon dənizdə “sos” işarəsi verən gəmilər kimi dayanmadan çığırırdı. Düşündü ki, canından çox sevdiyi anası artıq yoxdu həyatda. Bundan sonra nə xəbər versələr dözəcək.
Dəstəyi qulağına tutdu.
-Alo!
Cavab əvəzinə dəstəkdən xırıltılı səs eşidildi.
Səmra təəccübləndi:
-Alo, kimdir?
Yenə də xırıltı, sonra da kəsik-kəsik alınan nəfəs. Gecənin bu vaxtı onu şirin yuxudan edən bu adama Səmranın acığı tutdu:
-Kimsiniz axı?
-...
Ayıb deyilmi sizə? Gecənin bu vaxtı...
-Mənəm, Səmra, qızım... mənəm! Ölürəm, son nəfəsimdir.
Səmra bir anlığa özünü itirdi və bu xırıltıı səsin sahibini tanıdı. Bu, o idi: doktor Bəxtiyar.
-Doktor, siz nə danışırsınız? Nə son nəfəs? Nə ölüm?
-Hə, qızım, son nəfəsimdir. Dedim biləsən. Gecə vaxtı səni narahat etdim, bağışla. Bayaqdan səsini eşidirdim, dilim söz tutmurdu, danışa bilmirdim. Səni çox istəyirəm, qızım. Yeganəyə də, Aytənə də zəng etdim. İndi gələcəklər.
Yeganə də, Aytən də Səmranın qələm yoldaşları idilər.
-Evdə təksiniz?
Əslində bu sualı nahaq verirdi. Bilirdi ki, doktorun dörd övladı ola-ola tək yaşayır.
-Təkəm, qızım.
-Dərman içmisizmi?
-İçmişəm. Bu dəfə dərmanlıq deyil deyəsən... İndi gecdir. Sabah gələrsən... dəfnimə...
Səs kəsildi.
-Alo, alo!.. Siz nə danışırsız? Dəfn nədir? Elə deməyin... Eşidirsiz, doktor?
- ...
Xahiş edirəm, cavab verin! Niyə dinmirsiz? Sizə noldu, doktor? Alo, alo!!
Səs gəlmədi. Səmra özü onun nömrəsini yığdı. Məşğul göstərirdi.
“Görəsən nə oldu? Allah eləməsin, kişiyə birdən nəsə olar, yanında da heç kim yox”.
Fikrindən özü də diksindi: “Yox, gör mən də nələr gətirirəm ağlıma.”
Düşündü ki, həmişəki kimi yəqin yenə də ürəyi sancır, dərman qəbul etsə, keçib gedər. Dəfələrlə belə olmuşdu. Amma axı, gecə yarısı heç vaxt zəng etməmişdi doktor.

Səmra dilxor oldu. “Tək-tənha, yaşlı adam, nə edəcək gecənin bu vaxtı? Bu qədər də alçaqlıq olarmı? Doğmaca övladların axır nəfəsində də yanında olmaya. Bunların heç vicdanı yoxdur?”
Daha yata bilmədi. Keçirdiyi həyəcandan yuxusu da qaçıb getdi. Durub gəzinməyə başladı. “Görəsən, necədir? Gələn oldumu?”
Yenə zəng vurdu. Bu dəfə dəstəyi rəfiqəsi Yeganə qaldırdı.”Deməli gecənin bu vaxtı çatdırıb özünü. Afərin sənə, Yegiş!”
-Doktor necədir?
-Yaxşı deyil...
Hiss etdi ki, Yeganə çox həyəcanlıdır.
-Yaxşı, yanından tərpənmə. Qoy hava açılsın, mən də gələcəm.
Səmra çarpayıya uzanaraq fikrə getdi. Səksən beş yaşlı doktorun acı həyatını gözünün qabağında canlandırdı.

Onun doktor dediyi Bəxtiyar Türkelli doğrudan da ixtisasca həkim idi: ürək həkimi. Ata və babaları keçən əsrin əvvəllərində Şamaxıda erməni cəlladlarının törətdiyi vəhşiliklərə qarşı mübarizədə iştirak etmiş, özləri də mərdliklə vuruşmuşdular. O vaxt 1918-ci il martın 31-də birbaşa Leninin göstərişi ilə erməni qulduru Stepan Şaumyanın başçılığı ilə Bakıya ordu yeridildi. Babalarının danışdığına görə, Şaumyan Azərbaycan türklərinə o qədər nifrət edirdi ki, hər an onların qanını içməyə hazır idi. Bakılda milləti qanına qəltan etdilər. Azğınlaşmış ermənilər cəsədlərin üstündə şərab içib mahnı oxuyurdular:
-Bir-iki, Bakı oldu bizmki...

Ürəkləri soyumadı, milyonçu Ağamusa Nağıyein yenicə rəhmətə getmiş cavan oğlu İsmayılın şərəfinə tikdirdiyi İsmailliyə binasını atəşə tutdular. Bunu görən Ağa Musa hönkür-hünkür ağlayırmış...
Erməni quldurları binanın zirzəmisinə enib orada qorunan klassiklərimizin nə qədər əlyazmalarını məhv edib, neçə kilo qızıl əşyaları oğurlayıb götürdülər. Ürəkləri bununla da soyumadı. Şamaxıda, Qubada, Göyçayda, Gəncədə, Naxçıvanda, İqdırda və başqa bölgələrdə nə qədər qətliamlar törədərək insanların başlarını kəsdilər, diri-diri çalalara doldurub üstünü torpaqladılar. Deyilənə görə, neçə gün torpağın altından inilti səsləri eşidilirmiş...
Nuru və Ənvər Paşaların başçılığı ilə qəhrəman Türk Ordusunun Azərbaycana gəlişi ilə xalqın qətliamına son qoyuldu.
Həmin ərəfədə doğulan balaca Bəxtiyarın babaları sonradan ermənilərin etdiyi vəhşilikləri bir-birlərinə xəlvəti danışdıqca, Bəxtiyar bunların hamısını eşidirdi.
Bir gün babası qəlyanını tüstülədə-tüstülədə nənəsinə dedi:
-A Sona, deyirəm, bu ermənilər nə qədər vəhşidirlər. Bilirsən də, Töhfənin hamilə gəlininin qarnını necə yırtıb səkkizaylıq uşağı bayıra çıxardılar, gəlini də vəhşicəsinə öldürdülər.
Sona arvad hər iki əlini dizlərinə çırpdı:
-Bilirəm, a kişi, bilirəm! Anası ölməsin millətin! Bunları yaddan çıxartmaq olar? Hələ danışırlar ki, qonşu kənddə quyu qazıb camaatı diri-diri orada basdırırlarmış.
-Sən onu deyirsən, Nəcəf kişi gözüynən görüb, bir gəlinin dalına qaynar samovarı şələləyib qamçıyla döyürlərmiş ki, tez ol, yüyür. Bu da yüyürdükcə, qaynar su tökülüb yazıq gəlini pörşəliyib yandırıbmış.
Sona arvad əllərini daha da bərkdən dizlərinə döydü.
-Vay! Vay! Allah sən saxla! Gör başımıza nələır gəlir? Başdarı batsın görüm bu dığaların. Nə mındar millətdilər bunnar?
-Ay arvad, arxalı köpək qurd basar. Onların da dalında durannar var. Bu urusdar ki var ha... Astadan pıçıldayıb başıyla harayasa işarə etdi.
-Bax bunnar öz işdərinin xatirinə...

Bu vaxt divar tərəfdən tappıltı eşıdildi. Qəfil səsdən hər ikisi diksindi. Kişinin də, arvadın da rəngləri bir andaca ağappaq ağardı. Elə bildilər ki, qonşulardan kimsə bayaqdan onları pusur, dediklərini eşidiblər, bu saat gəlib aparacaqlar onları. Sona arvad əlini ürəyinin başına qoydu. Ayaqları əsirdi. Az qaldı tirtap yıxılsın. Birdən dolabın pərdəsinin arxasından boylanan balaca Bəxtiyarı gördülər.
-Buy, ay bala, ürəyimi qopartdın ki... Orda nağayrırsan?
Sona arvad əllərini göyə qaldırıb şükür elədi. Babası acılqlı-acıqlı çımxırdı.
-A itin doğduğu, orda nə itin azıb? Hə?
-...
-Cavab versənə, qoduq!
-Baba, mən buyda heş nə, heş nə etmiydim... Vallah düz deyiyəm!
Bəxtiyar hıçqırmağa başladı.
-Yaxşı, yaxşı, ağlama, küçük!
-A kişi, bəsdi!- Sona arvad dözmədi.- Uşağın ürəyini qopartma.
-Uşaq bizim ürəyimizi qopartdı, arvad!
Sona nəvəsinə tərəf dönüb:
-Ağlama, nənə qurban, gə qucuma!-dedi.

Bəxtiyar qaça-qaça nənəsinin qucağına atıldı. Daha da bərkdən hıçqırdı. Sona arvad onun başını sinəsinə sıxıb sakitləşdirdi.
Qorxusundan hələ də özünə gəlməyən babası tütün torbasının ağzını açaraq qəlyanını doldurdu. Zəhmli baxışlarla nəvəsini tərs-tərs süzərək dedi:
-Bunları heç yerdə demə ha! Yoxsa başımıza bəlalar gələr. Eşitdin, bala?

Bəxtiyar əlinin dalıyla gözlərini silib başıyla “hə” dedi.
Onların dediklərini heç kəsə söyləmədi. Amma bu “qorxulu” sözlər uşağı rahat qoymurdu. Hərdən də səbəbsiz yerə ağlayırdı.
Anası Güəlfruz ikinci uşağa hamilə idi. Bir gün Bəxtiyar anasından soruşdu:
-Ana, eyməniləy sənin də qaynını deşib uşağı çıxayıb öldüyəcəhləy?
Güləfruzun gözləri kəlləsinə çıxdı, əliylə tez oğlunun ağzını yumdu.
-Ay bala, sən nə danışırsan? Bu sözləri sənə kim örgədib? Nənən?
-Yox! Heç çim, heç çim...
Bəxtiyar qışqıraraq o biri otağa qaçdı.

Dərsə gedəndən sonra da qaradinməz oldu. Yuxarı siniflərə keçdikcə bu hal onda davam edirdi. Anasının istəyilə böyüyüb “doxtur” olandan sonra günlərin bir günü bütün gördüklərini, eşitdiklərini yazdı. Bu kitablar el-oba, camaat arasında əl-əl gəzdi.
Kimlərəsə yarınmaq üçün doktorun əleyhinə yazanlar da tapıldı, guya dedikləri ağ yalandır, daha nələr, nələr. İşə bax ki, sonradan həmin adamlar doktorun əlyazmalarını öz adlarına çıxıb “əsərlər” yaratdılar, elmlər namizədi oldular. Adlarını da qoydular yazıçı. Səmra onları yaxşı tanıyırdı. Bu barədə yazmışdı da. Amma nə fayda? Plagiat-oğru “yazıçı və şairlər, elmlər namizədləri” get-gedə çoxalırdı.

Övladlarına da türk adları qoydu Bəxtiyar. Həmişə deyirdi ki, xalqımızı kütləvi soyqırımdan xilas edən qəhrəman Türk Ordusu olub, onlar əgər vaxtında özlərini yetirməsəydilər, biz indi yox idik. Hər il Şamaxıya gedər, Acıdırədəki Qəhrəman Türk Əsgərinin məzarını ziyarət edərdi.

Onunla beş il bundan əvvəl tanış olmuşdu Səmra. Yadındadır, ilk dəfə onun evinə gələndə dəmir çarpayıda 28-30 yaşlarında əlil bir oğlan gördü. Bu, doktorun kiçik oğlu Orxan idi. Doktorun xanımı on ildi ki, dünyasını dəyişmişdi. Doktor evlənməmiş, şikəst övladına özü baxırdı. Xörəyi qaşıq-qaşıq özü yedizdirirdi Orxana. Amma sonradan Orxan da dünyasını dəyişdi.
Doktorun Orxandan başqa daha dörd övladı vardı. Üç oğlan, bir qız. Onlar atalarına qarşı çox soyuqdular. Səbəbi də ev, miras davasıydı. Doktor elə də zəngin deyildi. Sadə bir bağ evi, bir də ki, özünün yaşadığı tək otaqlı mənzil övladları biri-birinə “düşmən”, ataya qarşı isə daşürəkli etmişdi. Bunları doktor özü danışmışdı Səmraya.
-Bu uşaqların belə etməsi məni çox ağrıdır, Səmra! Görünür, mən hardasa səhvə yol vermişəm.
-İndi çoxu belədir, doktor!
-Nə bilim, ay qızım. Zəmanə uşaqlarıdır da! –demişdi doktor. Sonra da Səmradan xahiş etmişdi:
-Mən öləndən sonra bunları yazarsan, qızım! Eşitdin? Mütləq yazarsan!
Övladları ola-ola qonşularıln umuduna qalması bir dərd idi ona.
Doktoru tək qoymurdular. Növbəylə evinə gedir, yır-yığış edir, çox vaxt evdən hazır yemək də gətirirdilər. Onları görəndə uşaq kimi sevinirdi, elə bil dünyanı bağışlayırdılar ona. “O cür ləyqətli bir atadan belə övladlar? Görəsən niyə belə olur çox zaman? Ataları yaxşı deyib: oddan kül töryər”- düşünürdü Səmra.

Telefonun qəfil zənginə diksindi. Cəld dəstəyi qaldıraraq həyəcanla:
-Alo!-dedi.
Yeganə idi. Ağlayırdı.
-Səmra, doktor vəfat etdi.
Bir anlığa donub qaldı. Dili söz tutmadı:
-Nə.. Nə danışırsan? Necə yəni vəfat etdi?
- Hə, hə, vəfat etdi. Yazıq... canı qurtardı əzab-əziyyətdən...
- Nə vaxt?
- Bir az bundan qabaq.
- Kim vardı yanında bəs?
- Mənnən Aytən. Bir də qonşular. Gələ bilsən sən də gəl. Hələlik. Dud... dud...

Dəstək əlində donub qaldı. Cəmi bir neçə gün qabaq Bakı Türk litseyindəki görüşü xatırladı. İkinci mərtəbəyə ayaqla çıxan doktor qəfil dayandı. “Cibimdə dərman var, onu mənə ver, qızım”- dedi. Sonra dedi: “Mənim ömrümə az qalıb deyəsən. Vaxtımdı, getməliyəm”.
Elə bil ürəyinə dammışdı.

Səmranın göz yaşları yanağı boyu aşağı süzülməyə başladı. Ölümündən çox övladlarının bu qədər etinasız olmaları ona çox pis təsir edirdi.

Artıq səhər açılmışdı. Pəncərənin önünə gələrək çölə baxmağa başladı. Gözlərinə inanmadı: elə bil dünənki hava deyildi, buludlar qapqara qapalmışdı. Güclü əsən şimal küləyi ağacların üstündə qalmış son yarpaqlarını qopararaq o tərəf bu tərəfə sürükləyirdi. Səmra əlləri qoynunda xeyli bu mənzərəyə tamaşa etdi. Birdən göy guruldamağa və möhkəm yağış yağmağa başladı. Ona elə gəldi ki, buludlar da ağlayır.

Vanna otağına keçib əl-üzünü yudu. Susadığını hiss etdi. Mətbəxə keçib qazı yandırdı, balaca çaydanı yarıyacan doldurub pilətənin üzərinə qoydu. Otağa qayıdıb şifoneri açdı. Paltarlarını əlləri ilə bir-bir gözdən keçirdi, qara kostyumunun üzərində dayandı. Onu asılqandan çıxarıb çarpayının üzərinə qoydu. Gümüşü rəngli şarfını da tapıb çıxardı. Tələsik paltarını geyinib şarfı boynuna doladı. Bu zaman qazın üstündəki çaydan fit çalmağa başladı. Səmra qaynar sudan fincana tökərək kiçik çay paketini suya saldı.
Üfürə-üfürə, ağzı yana-yana ayaqüstü çayı içdi. Tələsirdi. Amma getməmişdən qabaq ağlına bir fikir gəldi.

Dəftərçədən tanış nömrəni tapıb barmaqlarını düyməciklərin üstünə basdı. Sonuncu rəqəmdə dayandı. İstədi zəng etməsin, heç nəyi bildirməsin. Amma dəstəyin o başından gələn yuxulu, kobud kişi səsi qulağını dəldi.
-Alo!
Bildi ki, bu odur: Atilla. Salamsız-kalamsız dedi:
-Atanaız vəfat etdi, bilirsinizmi?
- ....
- Heç vicdanınız yoxdurmu sizin?
Dəstəyi hirslə yerinə atdı. Acığını bu cansız aparatdan çıxırdı sanki.
Ayaqqabılarını geyərək tələsik çıxdı.
Doktoru çox böyük təntənə ilə dəfn etdilər. Türkiyə Böyük Elçiliyindən də nümayəndələr gəlmişdi.

Yas yerində Səmranın diqqətini bir nəfər çəkdi. 35-40 yaşlarında hündürboylu, dolubədənli bir kişi eyvanınn məhəccərinə söykənib üzünü qollarının arasına almışdı. Deyəsən ağlayırdı. Birdən o hönkürməyə başladı. Səmranı maraq bürüdü: “Görəsən o kimdir?” Yaxına gəldi. Üzünü gizlədərək hönkürən bu dağcüssəli kişiyə diqqətlə baxdı.

Və... acı-acı təəssüfləndi.