“Suad Qarayeva bu yolu seçibsə, söyüşləri, qınaqları da qəbul etsin. Səfasını görürsə, cəfasını da çəksin...”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğlu “Məhsəti” qısametrajlı filminin yaratdığı müzakirə ilə bağlı Pravda.az-a açıqlamasında deyib.
O bildirib ki, bədii filmdə bütün üsullar məqbuldur: “Türkiyədə də tarixi seriallar çəkilir. Hamısı tarixi həqiqət deyil ki. Müəyyən məşhur adı götürürlər, onun ətrafında ssenari yazırlar və filmə çəkirlər. “Nəsimi” filmində Şəms deyir ki, məni vəsf eylə, şair. Nəsimi isə deyir ki, vəsf zamanı deyil, Afət... Bu, tarixi faktdır bəyəm? İsa Hüseynovun əsəridir. Sadəcə, Nəsimini sovet dövrünün tələblərinə uyğun olaraq canlandırıb. Məncə, Suad Qarayeva da belə edib və bu, onun baxışıdır. Yazıçı tam ixtiyar sahibidir ki, əsərə bədii nöqteyi-nəzərdən yanaşsın. Tarixi faktlara isə yanlış yanaşa bilməz. Mütləq mənbələrə istinad etməlidir”.
“Mənəvi tərəfdən Suad Qarayeva qınanılmalıdır. Bir qadın, təxminən, min il əvvəl yaşamış, fəaliyyət göstərmiş, gözəl əsərlər qoyub getmiş başqa bir qadının yatağını çək-çevir edir. Bu, tamamilə bağışlanılmazdır. Axı Məhsəti Gəncəvinin bizim təsəvvürümüzdə başqa cür obrazı var. Bu hansı zərurətdən doğub? Nə ehtiyac var idi? Birbaşa Məhsəti Gəncəviyə aid belə bir film çəkib... Bu, bekar adamların işidir. Belə mövzularla gündəmə gəlmək həvəsidir, yadda qalmaq üçün çayı tərsinə üzmək sevdasıdır”, - B.Vəziroğlu qeyd edib.
Son xəbərlər
Son Xəbərlər