Ağır qəza törədən FHN əməkdaşına 7 il həbs verildi

agir-qeza-toreden-fhn-emekdasina-7-il-hebs-verildi
Oxunma sayı: 2836

Ötən ilin 3 iyul tarixində Şəki rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində Baalakən rayon sakini, 1978-ci il təvəllüdlü Nazim Umarov Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, FHN-nin DYM Xidmətinin Balakən Rayon Hissəsində manqa komandiri vəzifəsində çalışan N.Umarov xüsusi rütbəli daxili xidmət baş çavuşudur.

O, hadisə baş verən gün özünə məxsus “Dacia Logan” markalı avtomobillə Beyləqandan Balakənə qayıdırmış və yolda bir neçə sərnişin götürüb. Lakin Şəki rayonu ərazisində olarkən Nazim sükan arxasında yuxulayıb. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 4 yaşlı Sədəf, həmçinin 30 yaşlı Azər Murtuzov vəfat edib. Sədəfin atası Dilqəm Seyidəliyev, eləcə də sürücü və Beyləqan sakini olan 22 yaşlı Əşrəf Hüseynzadə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, ölən şəxslər yolda Nazimin maşınına minərək Zaqatala istiqamətinə hərəkət edirlərmiş.

Məhkəmədə vəfat edən şəxslərin yaxınları sürücüdən şikayətçi olduqlarını bildiriblər və ona ağır cəza verilməsini tələb ediblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Umarova 7 il həbs cəzası verilib. Onun azadlıqdan məhrumetmə cəzasının bitməsindən sonra 4 il avtomobil idarə etməsi də qadağan edilib.