“Akkord”la “Unger” şirkəti arasında memorandum imzalandı

akkordla-unger-sirketi-arasinda-memorandum-imzalandi
Oxunma sayı: 640

Biznes forumda Azərbaycanın və Avstriyanın 200-dən artıq şirkətlərinin rəhbər və nümayəndələri iştirak etmişlər. Avtsriyada rəsmi səfərdə olan Azərbaycan prezidenti cənab İlham Əliyev və Avstriyanın federal prezidenti cənab Haynts Fişer forumu ziyarət etmiş və forum iştirakçılarına nitqlə müraciət etmişlər. Hər iki prezident Avstriya və Azərbaycan işgüzar dairələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini və perspektivlərini vurğulamışlar.
Forum çərçivəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC (“Akkord” Korporasiyası) və Avstriyanın “Unger Stahlbau” GmBH (“Unger” şirkəti) arasında Azərbaycanda metal-konstruksiyaların istehsalı üzrə müasir zavodun qurulması və metal-konstruksiyaların istifadəsi ilə müxtəlif tikinti layihələrində birgə iştirak barədə Anlaşma Memorandumu imzalanmışdır. Memorandum “Akkord” Korporasiyası adından Direktorlar Şurasının sədri Xaqani Quluzadə, “Unger” şirkəti adından isə, İcraçı direktor Cozef Unger tərəfindən imzalanmışdır.

1952-ci ildən fəaliyyətə başlayan “Unger” şirkəti dünyanın metal-konstruksiyaların istehsalı və istifadəsi ilə tikinti layihələrini icra edən aparıcı şirkətlərindən biridir. Hazırda dünyanın 20 ölkəsində filial və nümayəndəlikləri fəaliyyət göstərir.

Qeyd: “Akkord” Korporasiyası Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi dünyanın nəhəng maliyyə institutları tərəfindən maliyyələşən layihələrin həyata keçirilməsində böyük təcrübə qazanmışdır. Son illərdə “Akkord” Korporasiyası “Bouygues” (Fransa), “Freyssinet” (Fransa), “Salini” (İtaliya), “Condotte” (İtaliya), “Herrenknecht” (Almaniya), “SINOMA” (Çin), Ungersteel (Almaniya) kimi dünyanın nəhəng tikinti və istehsal şirkətləri ilə əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə etmişdir.
Korporasiya Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə də müxtəlif infrastruktur layihələri həyata keçirir. Həmçinin, Almaniya Federativ Respublikasının Frankfurt şəhərində Korporasiyanın nümayəndəliyi fəaliyyət göstərir.
Hazırda 5000-dən artıq işçisi olan "Akkord” Korporasiyası fəaliyyətində “hər şey insan üçün” fəlsəfəsini əsas götürür. Korporasiyada nəinki Azərbaycandan, həmçinin İtaliya, Almaniya, Böyük Britaniya, Fransa, BƏƏ, Çin, Türkiyə və Gürcüstandan dəvət olunmuş təcrübəli mütəxəssis heyəti çalışır.