“…Allah isə tamamilə uydurmadır”

allah-ise-tamamile-uydurmadir
Oxunma sayı: 747

Bu parçada qrafın din və Allah haqqında düşüncələrini yepiskopla bölüşməyi təsvir olunub. Yepiskop şəhərin ən təmiz adamıdır və o, qrafın bu ağlasığmaz danışığına öz susqunluğuyla cavab verir.

Şərab içərkən fəlsəfə

Yuxarıda adını çəkdiyimiz senator vicdan, and, ədalət və insanlıq borcu kimi maneələrlə hesablaşmadan öz məqsədinə doğru birbaşa gedən, yüksəliş və mənfəət yolunda bir dəfə belə büdrəməyən ağıllı bir adam idi. O, istefaya çıxmış prokuror idi, müvəffəqiyyət qazanması sayəsində yumşalmışdı, heç də kinli deyildi, yeri gəldikdə oğullarına, kürəkənlərinə, qohumlarına və hətta dostlarına həvəslə hər cür xırda qulluq göstərən, həyatın yaxşı tərəflərindən, xoş təsadüfdən, gözlənilməyən müvəffəqiyyətdən məharətlə istifadə edən bir adam idi. Yerdə qalan hər şey onun nəzərində bir heç idi. O, həqiqətdə Piqo-Lebrenin yetişdirməsi olsa da, özünü Epikurun ardıcılı hesab edəcək dərəcədə hazırcavab və bilikli bir adam idi. O, sonsuzluq və əbədiyyətə, habelə ―sadədil yepiskopun sair hədyanlarına gülərək istehza etməyi sevərdi. Bəzən bu şeylərə hətta yepiskop Mirielin özünün hüzurunda belə cəsarət və mərhəmətlə gülərdi.
Bir dəfə yarırəsmi bir ziyafət münasibətilə qraf (həmin senator) ilə yepiskop Miriel prefektin evində bir yerdə nahar edirdilər. Desert zamanı bir qədər kefli olan, lakin vüqarını pozmayan senator birdən-birə qışqırdı:

– Vallah, cənab yepiskop, gəlin bir az laqqırtı vuraq! Senatorla yepiskopun bir-birinə göz eləmədən bir-birinin üzünə baxmaları mümkün deyil. Sizinlə biz – iki kahinik. Bu saat mən sizə bir şeyi etiraf edəcəyəm. Bilirsinizmi, mənim öz fəlsəfəm vardır.
– Siz haqlısınız, – deyə yepiskop cavab verdi. – Hər kəsin fəlsəfəsi necədirsə, həyatı da elədir. Yatağın necədirsə, yatmağın da elə olar. Siz atlaz yataq içində yatırsınız, cənab senator.
Bu sözlərdən şirnikən senator sözünə davam etdi:

– Gəlin açıq danışaq.
– Lap açıq danışaq, – deyə yepiskop razı oldu.
– Mən sizə bildirirəm ki, markiz d’Arjans, Pirron, Qobbs və Nejon heç də fırıldaqçı deyildirlər. Mənim bütün filosoflarımın əsərləri qızıl yazılı cildlərdə rəflərə düzülmüşdür.
– Onlar sizə bənzəyirlər, cənab qraf, – deyə yepiskop onun sözünü kəsdi.

Senator yenə sözünə davam edərək dedi:
– Mən Didroya nifrət edirəm. O, xəyalpərəst, boşboğaz və inqilabçıdır, ürəyində isə Allaha inanır və Volterdən daha artıq riyakardır. Volter Nidgemə gülür, özü də nahaq yerə gülür, çünki Nidgemin ilan balıqları Allahın faydasız olduğunu isbat edir. Bir qaşıq xəmirin içindəki bir damcı sirkə tiot luxu1 əvəz edir. Damcını bir qədər iri, qaşığı isə böyük təsəvvür etsəniz, dünya əmələ gələr. İnsan ki var, ilan balığıdır. Madam ki belədir, əzəli Allah kimə lazımdır? Cənab yepiskop, Yəhva haqqındakı fərziyyə mənim zəhləmi aparmışdır. O, yalnız boş xəyallara qapılan arıq adamlar yaratmaq üçün yarayır. Rədd olsun mənim zəhləmi aparan bu böyük Küll! Yaşasın məni rahat buraxan. Sıfır! Öz aramızda qalsın, cənab yepiskop, ürəyimdə nə varsa, hamısını sizə açıq demək və siz ruhani atamın qarşısında lazımınca tövbə etmək üçün sizə etiraf edirəm ki, mən ağlı başında olan bir adamam. Mən sizin hər addımda dünyadan əl çəkməyi və qurban verməyi təbliğ və vəz edən İsanıza məftun deyiləm. Bu, xəsis adamın dilənçilərə verdiyi məsləhətdən başqa bir şey deyildir. Dünyadan əl çəkmək! Nə üçün? Qurban vermək! Nədən ötrü? Başqa bir canavarın səadəti üçün özünü qurban verən bir canavar görməmişəm. Elə isə təbiətə sadiq qalaq. Biz dağın zirvəsindəyik, ona görə də ali fəlsəfəni mənimsəməməliyik. Öz yaxın adamının burnunun ucundan o tərəfi görmürsənsə, dağın təpəsində durmağın nə mənası vardır! Gəlin şən həyat sürək. Öləndən sonra. Nə böyük bir səhv! Öləndən sonra məni kim tuta bilərsə, tutsun! Kölgəni bir ovuc kül götürməyə məcbur edin görüm. Hər şeydən hali olan, İzidanın rubəndini qaldıran məhrəm adamlar kimi açıqca deyək: nə xeyir var, nə şər, ancaq bitki həyatı var. Gəlin, həqiqətən mövcud olan bir şeyi axtaraq. Dərinliyə varaq. Məsələnin lap məğzini tapaq! Həqiqəti duymaq, axtarıb tapmaq və ondan yapışmaq lazımdır. O zaman bu həqiqət sizə yaxşıca nəşə verər. Onda siz güclü olarsınız, hər şeyə gülməyə başlarsınız. Mənə gəlincə, mən yerdə özümü möhkəm hiss edirəm, cənab yepiskop. İsanın əbədiliyi yaba ilə suya yazılmış bir əfsanədir. Ah! Gözəl vədlər! Heç onlara bel bağlamaq olar? Adama əcəb etibarlı bir veksel verilmişdir. Əvvəlcə insan ruhdur, sonra dönüb mələk olacaq, kürəyinin arasından mavi qanadlar çıxacaqdır. Yadıma salın görüm, bunu kim demişdir, – yanılmıramsa, Tertullian demişdir ki, – müqəddəs adamlar bir səyyarədən o biri səyyarəyə uçacaqlar! Çox yaxşı! Necə deyərlər, ulduz cırcıramasına çevriləcəklər. Sonra da Tanrını görəcəklər. Ta-ta-ta! Bütün bu göylər səltənəti mənasız şeydir! Allah isə tamamilə uydurmadır. Əlbəttə, mən bunu ―Moniterdə dərc etmərəm, lakin nə üçün yavaşcadan dostuma söyləməyim? Cənnət üçün bu dünyanın nemətlərindən əl çəkmək axı nəğd şikarı xəyal xatirinə əldən buraxmaq kimi bir şeydir. Mən özümü əbədilik haqqındakı əfsanə ilə aldadılacaq dərəcədə axmaq deyiləm! Mən bir heçəm. Mən cənab heçəm, senator və qrafam. Mən doğulmamışdan da varmı idim? Yox! Öləndən sonra yaşayacağammı? Yox! Bəs elə isə mən nəyəm? Birləşərək orqanizmə çevrilmiş bir ovuc toz. Bəs onda mən bu yer üzündə nə etməliyəm? Mənim üçün iki yol var: ya əzab çəkməli, ya da nəşələnməliyəm. Əzab məni haraya gətirib çıxardacaq? Faniliyə. Ancaq oraya mən kifayət qədər əzab çəkdikdən sonra gəlib çıxa bilərəm. Bəs nəşə haraya gətirib çıxaracaq? O da faniliyə. Ancaq mən oraya nəşə çəkdikdən sonra gəlib çıxacağam. Elə isə mən artıq nə edəcəyimi təyin etdim. Ya yeməlisən, ya da yeyilməli. Mən yeyirəm. Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır. Mənim hikmətim bundan ibarətdir. Sonra isə hər şey öz qaydasında davam edir: məzarçı artıq oradadır, sizi də, məni də Panteon gözləyir, hamı bu dibsiz uçuruma yuvarlanır. Hər şey bitir. Finiş! Son haqq-hesab! Hər şey tamamilə yox olur. Mənə inanın ki, ölüm – ölüdür. Məni orada bir nəfərin danışdıracağı haqqındakı söhbətlər də gülünc bir şeydir. Boş nağıldır. Uşaqlara xortdanı göstərən kimi böyüklərə Yəhvanı göstərirsiniz. Yox, sabah zülmət içərisindədir. Məzarda hamımız bir heçik, hamımız bərabərik. Siz istər Sardanapal olun, istər Vensen de Pol, fərqi yoxdur, heçliyə gedəcəksiniz. Həqiqət budur. Elə isə yaşayın, hər şeyə rəğmən yaşayın nə qədər ki, ―Mənliyiniz öz əlinizdədir, ondan istifadə edin. Mən sizə doğru deyirəm , cənab yepiskop, mənim öz fəlsəfəm, öz filosoflarım vardır. Mən boş laqqırtıya aldanan deyiləm. Əlbəttə, aşağı təbəqələr, lütlər, küçələrdə bıçaq itiləyənlər, yoxsullar üçün təsəlli verən bir şey olmalıdır. Odur ki, onların ağzını əfsanələrlə, əjdahalarla, ruh, əbədilik, cənnət və ulduzlarla yumurlar, onlar da bunun hamısını həzm edirlər. Onlar bunu öz quru çörəklərinə yavanlıq edirlər. Heç bir şeyi olmayanın başının üstə Allahı vardır. Bu da pis deyil! Mən bunun əleyhinə deyiləm; lakin özüm üçün Nejonu saxlayıram. Mərhəmətli Tanrı ancaq camaatın gözünə xoş gəlir.

Yepiskop əl çalıb qışqırdı:
– Gözəl sözlərdir! Materializm nə yaxşı şeydir! Doğrudan da, qəribədir. O, hər kəsin əlinə düşməz, Ona yiyələnən adamı aldatmaq olmaz, o, Katon kimi özünün vətəndən axmaqcasına qovulmasına, müqəddəs Stefan kimi daşlanmasına, Janna d’Ark kimi özünün diri-diri yandırılmasına yol verməz. Bu gözəl materializmi mənimsəyə bilmiş adamlar məsuliyyətsizlik kimi xoş bir şey hiss edir və belə hesab edirlər ki, onlar hər şeyi: vəzifələri, zəhməti az, xeyri çox olan yerləri, yüksək mənsəbləri, namuslu ya namussuz yollarla qazanılmış hakimiyyəti rahatca uda bilərlər; özlərinə hər şeyi rəva görə bilərlər: əlverişli olduqda – vədi pozar, faydalı olduqda –xəyanət edər, zövq verə bilərsə, vicdanını satar, hər şeyi həzm-rabedən aşırdıqdan sonra isə rahatca məzara gedə bilərlər. Bu nə qədər xoşdur! Cənab senator, mən sizin barənizdə danışmıram, ancaq, vallah, sizi təbrik etməyə bilmərəm. Böyük mənsəb sahibləri olan sizlərin, öz dediyiniz kimi, sizin özünüzə məxsus, nəfis, zərif, yalnız varlı adamlar üçün yarayan, hər şəkildə yarayan, həyatın nəşələrinə daha da ləzzət verən fəlsəfəniz var. Bu fəlsəfə naməlum dərinliklərdən ərz edilmişdir, onu xüsusi tədqiqatçılar işıqlı dünyaya çıxarmışlar. Lakin siz – mərhəmətli adamlarsınız, yoxsullar üçün şabalıdlı qaz qızartması trufelli hind toyuğunu əvəz etdiyi kimi, Allaha etiqad etməyin də xalqın fəlsəfəsi kimi qalmasında zərərli bir şey görmürsünüz!