“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat davam edir

ana-dili-azerbaycan-mektebine-qeydiyyat-davam-edir
Oxunma sayı: 1535

“Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə qeydiyyat davam edir. 

“Qafqazinfo” Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına (AGMA) istinadən xəbər verir ki, layihənin məqsədi xaricdə yaşayan azərbaycanlılar üçün ana dilini məsafədən öyrənmə imkanını yaratmaqdır. 

İlkin mərhələdə 2023-2024-cü tədris ilini əhatə edəcək layihə çərçivəsində tədris öncədən müəyyən olunmuş cədvəl üzrə həftədə 2-3 dəfə onlayn qaydada təşkil olunacaq. Dərslər təcrübəli mütəxəssislər tərəfindən interaktiv təlim metodu əsasında həyata keçiriləcək.

Tədris proqramının məzmununa ana dili ilə yanaşı, Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumat da daxildir. 

Yerli mütəxəssislər tərəfindən hazırlanan tədris proqramı 3 yaş qrupunu əhatə etməklə başlanğıc, orta və yüksək səviyyələr üzrə tərtib olunub. Proqramı uğurla bitirən iştirakçılara tədrisin sonunda müvafiq səviyyəyə uyğun sertifikat veriləcək.

Layihəyə indiyədək 20-dən çox xarici ölkədə yaşayan yüzlərlə həmvətənimiz müraciət edib. Məktəbə qeydiyyatdan keçən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonalarına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər. Dərslərə sentyabrın 15-dən başlanılacaq.

“Ana dili – Azərbaycan məktəbi”nə son qeydiyyat tarixi 12 avqustdur. Məktəbə http://anadili.agma.az/ platforması vasitəsilə qeydiyyatdan keçmək mümkündür. 

Layihəyə dair ətraflı məlumat üçün +994 51 226 71 21 nömrəsi və [email protected] elektron poçtu ilə əlaqə saxlamaq mümkündür.