Ziya Məmmədovun oğlu Anar Məmmədov vaxtı ilə aralarında məhkəmə çəkişməsi yaranan “Yeni Müsavat” qəzetinə qarşı yenidən hüquq-mühafizə orqanlarına müraciət edib. “Qafqazinfo” xəbər verir ki, Anar Məmmədov vaxtı ilə mətbuatda “Ayı işi” adı ilə məşhur olan məhkəmə nəticəsində “Yeni Müsavat”a qarşı kəsilən cərimənin icraya yönəldilməsi ilə bağlı vəkili Ruslan Məmmədov vasitəsi ilə artıq Nizami Rayon Məhkəməsinin İcra Şöbəsinə müraciət edərək, icraya xitam verilməsi ilə bağlı qərardadın ləğvini xahiş edib. Məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir.
Qeyd edək ki, vaxtı ilə məhkəmə “Ayı işi”nə görə həm “Yeni Müsavat”, həm də “Azadlıq” qəzetlərinin cərimələnməsi haqqında qərar çıxarmışdı. Məhkəmə Anar Məmmədovun Qəbələdə ayı kəsdirib yeməsi haqda təsdiqini tapmayan xəbər yaydığna görə qəzetləri 8 min manat məbləğində cərimə etmişdi. Sonaradan isə media qurumları ilə Anar Məmmədovun adamları arasında yaranan qarşılıqlı anlaşmaya görə bu cərimənin ödənməsi iddiaçı tərəfdən tələb olunmamış, əldə edilən kompromisə görə qəzetlər də qarşı tərəfi vurmamaq” barədə müəyyən vədlər vermişdilər.
Yeri gəlmişkən, hazırda “Azadlıq” qəzetində nəinki Anar Məmmədova qarşı, eləcə də onun atası, nəqliyyat naziri Ziya Məmmədov, qardaşı Elton Məmmədov və bu ailəyə yaxın oaln digər şəxslər haqqında heç bir neqativ məlumat getmir. Bu mənada ölkə mediası Anarın əmisi uşaqları olan Aynar və Elnur Məmmədovun avtoşluğu haqqında palaz-palaz yazılar dərc edəndə tənqiddə hətta ölkə prezidenti səviyyəsində heç bir sərhəd tanımayan “Azadlıq” qəzeti susqunluq nümayiş etdirdi... Görünür bu sözügedən “ayı razılaşması”nın tərkib hissəsinə daxil olan məsələ olub… Mövzudan yayınmamaq üçün bu barədə ayrıca danışmağa lüzum görmürük...
“Yeni Müsavat” isə əməkdaşı Fərahim İlqaroğlunun döyülməsində Məmmədovlar ailəsini suçlu bilərək son bir neçə ayda bu ailənin ünvanına kəskin yazılar yaymaqda davam edib. Qəzetin baş redaktoru Rauf Arifoğlu musavat.com-a bildirib ki, artıq günah onlardan gedib: . Baş yazarın sözlərinə görə, A.Məmmədovun “ayı işi” ilə bağlı hörmətli şəxslər ondan xahiş etmişdilər ki, bu mövzuda yazılar getməsin: “Biz də həmin hörmətli adamların xahişini nəzərə alaraq, yazıları dayandırmışdıq. Ancaq vəziyyət elə gətirib çıxardı ki, biz Anarla bağlı bir neçə yazı yazmaq məcburiyyətində qaldıq. Çünki Fərahim İlqaroğlu məhz onun əmisi oğlunun sifarişi ilə döyülüb, 4 dişi sınıb, xəstəxana yollarında qalıb; üstəlik Anarın nazir atası onu himayə edir. Və təbii ki, bu halda biz Ziya Məmmədov və onun çevrəsindən yazmalıydıq. Əgər Anar Məmmədova bu toxunursa, dünəndən toxunsun. O, elə bilirsə 4 min manat cərimə ilə bizi özünə tabe etdirə biləcək, yanılır. Bu addımı ilə o, özünü 4 min dəfə peşman edəcək hərəkətə yol verdi ”.
Baş redaktor qeyd etdi ki, Məmmədovlar terrorist bir klana çevrilib: “Buna dair əlimizdə sübutlar var. Onlar əməkdaşımıza qarşı pusqu qurub, müxbirimiz vəhşicəsinə döyülüb. İndi günah bizdən getdi. Onlar bunun nəticəsini hiss edəcəklər. Arada olan hörmətli şəxslərin xahişi idi ki, Aynar işini Anara qatmayaq. Amma daha belə bir sərhəd artıq yoxdur. Çünki bu, bir ailənin cinayətidir. Anar Məmmədov bu addımı ilə göstərir ki, jurnalistin döyülməsi ilə bağlı sifarişin verilməsində özü də iştirak edib və məsələdən xəbəri olub. Onlar hər zamankı kimi, indi də ortaq hərəkət edirlər” .
R.Arifoğlu Məmmədovların tarixdə biabırçı adla qalacaqlarını söyləyib: “Ziya Məmmədov və çevrəsindəkilər bilsinlər ki, “Yeni Müsavat” 25 illik tarixə malikdir. Bu qəzeti çoxları çökdürmək istəyib, amma bacarmayıb. Onlar da bu istəyinə müyəssər ola bilməyəcək. Əksinə, özləri tarixə biabırçı adla düşəcəklər”.